AZ

İlk qələbə və liderlik uğrunda mübarizələr nə ilə nəticələnəcək? - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 4-cü tura start veriləcək.

Əvvəldən qeyd edək ki, üç gün ərzində keçiriləcək oyunlar PFL-in "1-ci liqa/2-ci liqa" "yutub" kanalında canlı yayınlanacaq. Yəni 3-cü turda olduğu kimi, bu dəfə də hansısa matçı televiziyadan izləmək mümkün olmayacaq.

Tur paytaxtda keçiriləcək "Cəbrayıl" - "Qaradağ Lökbatan" görüşüylə başlayacaq. Qarabağ təmsilçisi debütant olsa da, rəqibiylə müqayisədə qənaətbəxş nəticələr qazanıb. Elhad Nəzirinin komandası 1-ci liqanın təcrübəli, lakin mövsümdə qələbəyə həsrət qalan iştirakçısını məğlub etməyə çalışacaq. Bu yöndə bəxt meydan sahiblərinin tərəfindədi desək, yanılmarıq. Hər halda, lökbatanlıların durumu ürəkaçan deyil. Azər Həşimovun vəziyyəti düzəltməyə çalışması fayda vermir. Böyükhesablı məğlubiyyətləri sıralayan kollektivdə futbolçu çatışmazlığı da var ki, bu məqam şansları minimuma endirir. Yenə də qonaqların xal və ya xallar qazanması istisna deyil. 

İkinci qarşılaşmada autsayder "Difai" lider "Karvan"ı qəbul edəcək. Ağsu təmsilçisi hələ "dişə vurulası" uğura imza atmayıb. Komandanın 3-cü turda MOİK-dən qopardığı bir xalı saymasaq, işlər yolunda deyil. Axı ordu klubu da mövsümə arzuladığı kimi başlamayıb. Odu ki, "Difai" "doğma divarlar" arasında yevlaxlıları azı büdrətməklə özgüvən qazanmalı və növbəti sınaqlar üçün inamını artırmalıdı. Bəli, ağsulu azarkeşlərin gözləntiləri bu yöndədi. Lakin "Karvan"ın buna şərait yaradacağı inandırıcı görünmür. Ardıcıl üç qələbəylə birinci pillədə əyləşən yevlaxlılar rahat kürsünü təhvil verməmək üçün son saniyələrə qədər çarpışacaq. Onsuz da Rüstəm Məmmədovla Kənan Kərimovun dueliylə bağlı bütün məqamlar favoritin qonaqlar olduğuna işarədi. 

Növbəti oyuna Mingəçevirdə şahidlik edəcəyik. Bölgənin eyniadlı təmsilçisi də xoşbəxt günlərini yaşamır. Bu üzdən ötən həftə "Qaradağ Lökbatan"ın qapısından 4 cavabsız top keçirən "Zaqatala" ilə oyun yetərincə gərgin keçəcək. Üstəlik meydan sahibləri qonaqların hələ qol buraxmadığını nəzərə almalı və planlarını bu yöndə qurmalıdı. 

"İmişli" - MOİK matçı isə Saatlıda baş tutacaq. Ona görə ki, Heydər Əliyev adına İmişli şəhər stadionunda təmir-bərpa işləri hələ başlamayıb. Əvvəlcədən deyək ki, “İmişli”nin ev oyunlarını özgə meydanlarında keçirməsi ordu klubunu yanıltmamalıdı. İlk turda uduzan komanda dərsini alıb və ardıcıl iki dəfə 3 xala yiyələnməklə yanaşı, iddialı çıxışla yadda qalıb. Yəni rəqibiylə müqayisədə uğursuz olan MOİK çətin sınaq qarşısındadı. 

Nəhayət, tura "Baku Sportinq" - "Qəbələ" oyunuyla yekun vurulacaq. Çempionluğa iddialı komandaların qarşılaşmasında favorit qonaqlardı. Düzdü, bakılılar mövsümə qələbəylə başladı. Lakin sonradan qeydə alınan məğlubiyyətlər kollektivi sarsıtdı. "Qırmızı-qaralar"ın isə biləyini bükə bilən hələ tapılmayıb. Belədə qonaqlar azı meydan sahibləri qədər qələbəyə köklənməyə və lider "Karvan"la xal fərqinin artmasına imkan verməməyə, bəlkə də liderliyə yiyələnməyə çalışacaq. Təbii ki, yevlaxlılar uduzsa...

2 oktyabr
Cəbrayıl – Qaradağ Lökbatan

Bakı, "ASCO Arena". Saat 13.30.

3 oktyabr
Difai – Karvan

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Mingəçevir – Zaqatala
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 15.30.

İmişli – MOİK
Saatlı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

4 oktyabr
Baku Sportinq – Qəbələ

Bakı, "Baku Sporting Arena". Saat 15.00.

Xal durumu: Karvan - 9, Qəbələ - 7, İmişli - 6, Zaqatala - 5, Baku Sportinq, Cəbrayıl - 4, Mingəçevir - 3, MOİK - 2, Difai - 1, Qaradağ Lökbatan - 0.

Bombardir: Bəhruz Teymurov (Karvan) – 4.

KƏNAN BAHADIR 

Seçilən
14
football-plus.az

1Mənbələr