AZ

Kvirkiya “Kəpəz”in problemini bilir: “Bu cür rəhbərliklə heç nə dəyişməyəcək”

“Kəpəz”in sabiq gürcüstanlı futbolçusu Mate Kvirkviyanın futbolinfo.az saytına müsahibəsi

– “Karmiotis”də işləriniz necə gedir? Kipr çempionatında oynamaqdan məmnunsunuz?

– İşlər qaydasındadır. Burada hər şey ürəyimcədir. Özümü çox yaxşı hiss edirəm.

– Sabiq komandanız “Kəpəz”in cari mövsümdəki nəticələrindən yəqin ki, xəbərdarsınız. Mövsümün startından 8 tur keçməsinə baxmayaraq, Gəncə klubu hələ də xal üzünə həsrətdir. Belə olacağını gözləyirdiniz?

– “Kəpəz”in nəticələri ilə maraqlanıram. Bir tərəfdən sabiq komandamın bu cür vəziyyətlə üzləşməsi məni məyus edir. Üzülürəm, amma təəccüblənmirəm. Çünki “Kəpəz”də işlər peşəkarcasına qurulmayıb.

– Ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxlayan Adil Şükürovun bu sezon 4 turdan sonra postundan uzaqlaşdırılmasını necə qarşıladınız?

– Belə olacağını gözləyirdim. Adil Şükürov həm yaxşı insan, həm də yaxşı məşqçidir. Bildiyim qədərilə, ona dəstək olmurdular. Alınmasını istədiyi futbolçuları gətirmirdilər, qalmasını istədiyi oyunçuların isə digər komandalara keçməsinə icazə verirdilər.

– Azər Bağırovun “Kəpəz”ə yeni baş məşqçi təyin edilməsindən sonra da Gəncə klubu məğlubiyyətləri sıralamaqdadır. Necə düşünürsünüz, Bağırov “Kəpəz”i uçurumdan çıxara biləcək mütəxəssisdir?

– Bağırovla işləməmişəm, amma yaxşı məşqçi olduğunu bilirəm. “Kəpəz”in uğursuz çıxışına görə məşqçilərin günahı yoxdur. İstəyir, Pep Qvardiola gəlsin, bu cür rəhbərliklə heç nə dəyişməyəcək.

– Sizcə, “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

– “Kəpəz”in elitada qalmasını istərdim. Mən bu komandaya azarkeşlik edirəm. Amma görünən odur ki, Premyer Liqadakı yerini qorumaq “Kəpəz” üçün çox çətin olacaq.

– Azərbaycan və Kipr çempionatları arasında nə kimi fərqlər var?

– Çox böyük fərq var. Azərbaycanda cəmi bir top-komanda var, o da “Qarabağ”dır. Kiprdə isə belə komanda sayı 5-6-dır. Buna görə də Kipr çempionatı daha səviyyəli liqadır.

– Azərbaycan klublarından təklif gəlsə, dönməyə razılaşarsınız?

– Azərbaycanı sevirəm. Hələ belə bir təklif gəlməyib. Gəlsə, baxacağam.

FƏRİD

Seçilən
6
futbolinfo.az

1Mənbələr