AZ

4 oktyabr - Cəbrayıl Şəhəri Günü

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Belə ki, 2020-ci il 4 oktyabr tarixində Cəbrayıl şəhəri və 9 kəndi ordumuz tərəfindən erməni işğalçılarından azad olundu.Məlum olduğu kimi Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal zamanı minlərlə yerli sakin öz dogma yurdlarından köçkün düşmüşdür. Yerli sakinlərin yaşayış yerləri erməni işğalçıları tərfindən dağıdılmış, xarabalığa çevrilmişdi. Eyni zamanda, burada çox sayda tarixi abidələr, mədəni sərvətlərimiz, müsəlmanların müqqəddəs ibadət yeri olan məscidlərimiz dağıdılmış, talan edilmişdir. İşğal nəticəsində 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Bu işğal nəinki yerli sakinlərin, bütün xalqın ürəyində sağalmaz yara olmuşdur.Beləliklə, 2020-ci il 27 sentyabr ölkəmizin tarixində unudulmaz iz qoydu. Bu tarixdə, nəhayət, 30 il düşmən tapdağı altında olan Qarabağ üçün haqq savaşı başladı. Bu savaşda Azərbaycanın rəşadətli ordusu öz canı-qanı bahasına döyüşür, tarixi qələbələr əldə edirdi. Hər gün güclü ordumuzun qələbə xəbərlərini eşidir, fəxr və qürur hissi yaşayırdıq. Belə xəbərlərdən biri də Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük sevinclə xalqımıza elan edildi. Bu Cəbrayı şəhəri idi. Bu şəhərin azad olunması üçün yüzlərlə Azərbaycan gənci, əsgəri cəsarətlə vuruşmuş və layiqli şəkildə qələbə qazanmışdır. Bu qələbədən 4 il əvvəl isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Prezident İlham Əliyev bu barədə də məlumat vermişdi: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”. Beləliklə Prezidentin də bəyan etdiyi kimi Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. Nəticədə torpaqlarımız işğaldan azad edildi.Prezident İlham Əliyev torpaqlarımız azad olunduğdan sonra həmin ərazilərə səfərlər etmiş və bərpa-quruculuq işləri üçün mühüm mərasimlərdə iştirak etmişdir. Prezidentin həmin səfərləri, həyata keçiriləcək gələcək layihələr istər xalqımız, istərsə də dünya tərəfindən diqqətlə izlənilirdi. Belə ki, 2020-ci il 16 noyabr tarixində Cəbrayıla səfər zamanı Dövlət başçısı Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltmışdır. Eyni zamanda, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirmişdir. Prezident İlham Əliyevin Cəbrayıla səfəri müxtəlif tarixlərdə davam etmişdir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra əsas hədəf yerli sakinlərin öz yurdlarına köçürülməsi idi. Buna görə də, ilk olaraq infrastruktur layihələri həyata keçirilməli idi. Bu məqsədlə də, Cəbrayılın Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuşdur.Prezident 2021-ci ildə Cəbrayıla bir neçə dəfə səfər etmişdir. Belə ki, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmişdir. Daha sonra dövlətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı olmuş, hərbi qulluqçular ilə görüş keçirilmişdir.Prezident İlham Əliyevin Cəbrayıl rayonuna növbəti səfər çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin , Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak etmişdir. Eləcə də qısa müddət ərzində hazır olan “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış mərasimlərində iştirak etmişdir. Həmçinin Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi və Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi baş tutmuşdur. Beləliklə qısa müddət ərzində böyük layihələr həyata keçirilmişdir. Bununla da 2024-cü il 26 sentyabr tarixində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınmışdır. Beləliklə, ümumilikdə, Cəbrayıl şəhərinə 117 ailə köçürülüb.Bu bütövlükdə Azərbaycan üçün böyük qürur, sevinc və fəxarət hissidir. İlk dəfə olaraq Azərbaycan öz suverenliyini bərpa etdi, qısa müddət ərzində infrastruktur layihələri uğurla həyata keçirildi və artıq Cəbrayıl Şəhər Gününün qeyd edilməsinin ikinci ilində sakinlər öz yurdlarına dönmüş oldular. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, güclü, yenilməz ordumuzun göstərdiyi şücaətin nəticəsidir.Gülər BaxışovaPedaqogika üzrə fəlsəfə doktoru
 

Facebook-da paylaş

Seçilən
13
dunyapress.info

1Mənbələr