AZ

Bakıda “Azəriqaz”ın əməkdaşlarını döyən şəxsə elektron qolbaq taxıldı

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Fuad Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  
 

Məhkəmənin hökmü ilə o, 1 il 9 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhrum edilib.

 

İttihama görə, hadisə bu il Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb. 

 

Belə ki, Fuad Məmmədov “Azəriqaz” İstehsalat Birliyinin mənzillərdə qaz cihazları və qaz xətlərinə baxış keçirmək üçün mənzilə gələn nəzarətçiləri - Ayxan və Aqşin adlı şəxsləri ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişlərin aşkar etdikləri nöqsanların 1 ay müddətində aradan qaldırılmayacaqları təqdirdə qaz təminatının dayandırılacağını bildirmələri olub. Bu zaman o, Ayxan və Aqşinin bədənlərinin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən vuraraq, onlara xəsarətlər yetirib.

 

Hadisədən sonra Fuad Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 2 Oktyabr 2024, 09:25   
Seçilən
15
pravda.az

1Mənbələr