AZ

Bu kino ki var...

İordaniyanın ermənidən başqa rejissoru yoxdurmu?

Ermənistan rəhbərliyi Rusiya ilə əməkdaşlıqdan imtina etməyə çalışsa da (əslində onlar Rusiyasız iki həftə belə yaşaya bilməzlər və bunu hay cəbhəsində çoxu etiraf edib), İrəvandakı türk düşmənləri və beynəlxalq aləmdəki erməni lobbiçiləri hələ də proletariatın “dahi rəhbərinin” tezisləri ilə fəaliyyət göstərirlər. Xatırladaq ki, Vladimir Leninin kino haqqında dedikləri vaxtilə Azərbaycanda da bütün kino-teatrların binaları üzərində iri hərflərlə yazılırdı: “İncəsənətdə bizim üçün ən mühüm olan sahə kinodur”.

İndi ermənilər və onların həm ABŞ-dakı lobbiçiləri, həm də İslam Əməkdaşlıq Təşkilatında ölkəmizin “burnunun ucundan o tərəfi görə bilməyən” bəzi dostların sözün həqiqi mənasında, Leninin həmin tezisini sübuta yetirirlər. Belə ki, İordaniya sənətşünaslarından ibarət münsiflər heyəti işğalçı, terrorçu, separatçı, ətrafındakı bütün qonşu ölkələrə ərazi iddiaları edən, Azərbaycan ərazilərinin 20 faizini 30 il əsarət altında saxlayaraq başdan-başa viranəyə çevirmiş işğalçı dövlətin siyasətini dəstəkləyən bir filmi bəyənmiş və yüksək mükafatlara layiq görmüşdür. Bu isə təbii ki, Azərbaycan– İordaniya dostluq və tərəfdaşlıq münasibətləri ilə bir araya sığmır.

Bu dost ölkədəki ədalətli adamlar erməni siyasətini yeritməkdə davam edən “mütəxəssislərinə” xatırlatmalı idilər ki, biz müsəlman olaraq işğal edilmiş Azərbaycan ərazilərində dağıdılmış, yandırılmış, donuz fermasına çevrilmiş məscidlər haqqında danışmalıyıq, hansısa uydurma ssenari əsasında çəkilmiş böhtançı film haqqında yox! Bunu deyən olmayıb. Elə ona görə də İordaniya mütəxəssisləri Oskar mükafatı üçün erməni rejissorun təxribatla dolu filmini seçiblər.

Məlum məsələdir ki, ermənilərin özləri də, lobbiçiləri də bütün ömürləri boyu türk-Azərbaycan mədəniyyətinə qarşı düşmənçilik ediblər. Biz də buna müəyyən dərəcədə cavab vermişik. Ancaq düşmən təbliğatçıları həmin şərəfsizliyi indiyədək ABŞ, Fransa və Rusiya kimi dövlətlərdə davam etdirirdilər. İndi isə İslam dünyasına içəridən zərbə vurmağı hədəfləyiblər. İordaniyalı dostlarımızın bu sadəlövhlüyü bizi çox ağrıdır.

Axı Bakı İlə Əmman arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bilməyən yoxdur. Hətta Kral IIAbdullahla Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq münasibətləri barədə də çox yazmış və oxumuşuq. İndi nə oldu XXI əsrdə də özünü vəhşi kimi aparan, Xocalı soyqırımını törətmiş, türk tarixinin və İslam mədəniyyətinin düşməni kimi çıxış etməkdən həzz alan bir ovuc hay tayfası bu boyda İslam dünyasına içəridən zərbə vurmağa necə nail olur?

Xatırladaq ki, mətbuatın yazdığına görə İordaniya 97-ci Oskar Akademiya mükafatlandırmasına Ən yaxşı beynəlxalq Film kateqoriyasında təqdim edilmək üçün bu ölkənin erməniəsilli rejissoru Sareen Hairabedianın Qarabağdan olan erməni uşaqla bağlı təxribatla dolu “Mənim şirin ölkəm” sənədli filmini seçib. Bu cəfəng film 11 yaşlı Vrejdən (“Vrej” erməni dilində “qisas” deməkdir) bəhs edir. Filmin müəllifləri sübut etməyə çalışırlar ki, guya, Azərbaycan “müstəqil Artsax dövləti”nə hücum etmiş, erməniləri oradan silah gücünə qovmuşdur.

Biz həmin filmin müəlliflərinə də, o sərsəmləmələrlə dolu lenti mükafata layiq görmək istəyən iordaniyalı dostlarımıza da xatırlatmaq istəyirik ki, Artsax dedikləri qədim Azərbaycan torpaqları olan Qarabağ və Şərqi Zəngəzuru oda qalamış, çoxsaylı qırğınlar və vəhşilkilər törətmiş həmin o “müstəqil dövlət”in qaniçən rəhbərlərinin böyük əksəriyyəti Bakıda, istintaq altındadır. Onlar hüquq müdafiəçilərinin də iştirakı ilə verdikləri cavablarda “artsax dövlətinin” məhz bu sarsaq qurumun sonuncu prezidentinin imzaladığı rəsmi sənədlə buraxıldığını dəfələrlə etiraf ediblər. Təbii ki, həmin etiraflar lentə alınmışdır və o lentlər nə zamansa “Mənim şirin ölkəm” filminin müəlliflərinin də, İordaniyadakı erməni təəssübkeşlərinin də gözünə soxulacq.

O ki qaldı, qisas məsələsinə, ermənilər unutmasınlar ki, Cənubi Qafqazda qisas almalı yeganə tərəf bizik. Biz 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Xocalı soyqırımının da, Birinci Qarabağ müharibəsində şəhid olmuş on minlərlə Vətən övladlarının da, itkin düşmüş – hələ taleyi məlum olmayan minlərlə soydaşımızın da qisasını almışıq. Bunu ABŞ-da da bilirlər, İordaniyada da, Ermənistanda da. Ancaq bizim qisasımızın ən böyüyü hələ qabaqdadır. İordaniyalı “dostlarımızdan” fərqli olaraq, biz məscidlərin və İslami dəyərlərin qədrini yaxşı bilirik. Ona görə də Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış, yer üzündən silinmiş altmışdan çox, indiki Ermənistan ərazisindəki yüzlərlə məscidin, tarixi türk abidələrinin qisası hələ qabaqdadır.

“Vrej” adını qoyaraq uydurma ssenari ilə film çəkənlər unutmasınlar ki, tarixin qisası daha amansız olur. Tarix haqqın, ədalətin itməsinə heç zaman dözmür. Haqq və ədalət isə bizim tərəfimizdədir.

İttifaq MİRZƏBƏYLİ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr