AZ

Yaralı halda döyüşərək düşmən snayperini zərərsizləşdirən qəhrəman...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Nihad Akif oğlu Babayevdir.
 
Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 1997-ci ildə Günəşli kənd şəhid Fazil Hökməliyev adına məktəbdə təhsilə başlayan Nihad Babayev 5-ci sinfədək burada oxuyur. Daha sonra ailəsi yaşayış yerini dəyişdiyindən Nihad təhsilini Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına tam orta məktəbdə davam etdirib. Hərb sənətinə böyük marağı olduğundan Nihad 2006-cı ildə oranı əla qiymətlərlə bitirib sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verib. Hərbi liseyə qəbul imtahanlarını da uğurla verən Nihad Babayev təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2008-ci ildə həmin liseyi bitirib H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub. 2012-ci ildə Ali Hərbi Məktəbi bitirən Nihad Babayev leytenant rütbəsi alaraq xidmətə başlayıb. Daha sonra xüsusi təyinatlı qüvvələrdə təlimə başlayan Nihad Babayev kursu uğurla bitirdikdən sonra xidmətini Naxçıvanda davam etdirib. Xidmət dövründə Nihad Babayev Türkiyədə snayper təlimi, Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Peşəkar kəşfiyyatçı olan Nihad Babayev erməni, ingilis və rus dillərini bilib.
 
Nihad Babayevin iştirak etdiyi ilk geniş hərbi əməliyyat 2018-ci ildə Naxçıvanda həyata keçirilən “Günnüt əməliyyatı” olub. “Günnüt əməliyyatı” nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib. “Günnüt əməliyyatı” zamanı Nihad Babayev bir neçə yüksəkliyin alınmasında fəal iştirak edib. O, bu döyüşdə düşmənə sarsıdıcı zərbələr endirərək böyük qəhrəmanlıqlar göstərib. Ona tapşırılan əməliyyatı uğurla yerinə yetirən Nihad Babayev düşmənin bölmə komandirinin hərəkətdə olan avtomobilini və şəxsi heyətini uzaq məsafədən “İstiqlal” snayper silahı ilə məhv edib.
 
Nihad Babayev 2018-ci ildə “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi” medalı, 2020-ci ilin iyununda “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə  təltif olunub. Nihad Babayev hərbi hissənin moto-atıcı taborunun moto-atıcı bölüyünün moto-atıcı tağımının komandiri, xüsusi təyinatlı bölüyün xüsusi təyinatlı qrup komandiri, hərbi hissənin qərargah və təchizat bölüyünün komandiri, xüsusi təyinatlı bölüyün komandiri, tabor komandirlərinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət edib. 
2020-ci ilin sentyabrında erməni silahlı birləşmələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı başlayanda Nihad Babayev Naxçıvan Xüsusi Təyinatlı Qüvvələri sıralarında xidmət edirdi. Həmin vaxt Nihad Babayev kapitan rütbəsində hərbi hissə komandirinin müavini kimi çalışırdı. Komandanlıq Nihad Babayevi Naxçıvanda saxlamaq istəyirdi. Amma Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün şərait yaradılmasını xahiş edib. Bundan sonra 2020-ci il oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. 
 
2020-ci il oktyabrın 29-da yuxarı komandanlıq Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətində əlverişli yüksəklik olan Uryandağ yüksəkliyini əldə etmək tapşırığı verib. Bu, elə bir yüksəklik idi ki, düşmən oradan rahatca mövqelərimizə nəzarət edə, əsgərlərimizə atəş aça bilirdi. Düşmən əsgərlərimizə irəli addım atmağa imkan vermədiyindən həmin yüksəklik düşməndən təmizlənməli idi. Bu yüksəklik düşməndən təmizlənərsə, Azərbaycan əsgərləri Şuşa və Xocavənd istiqamətinə giriş edə biləcəkdilər. Nihad Babayev komandirlik etdiyi döyüşün gərgin olacağını yaxşı bilirdi. Düşmən isə hər vəchlə həmin yüksəkliyi əldən verməməyə çalışırdı.  Gərgin keçən bu döyüşdə ordumuz 4 nəfər şəhid verir. Nihad isə sol döş qəfəsindən ağır yaralanmasına baxmayaraq, döyüşü tərk etmir və yaralı halda düşmənlə uzun müddət vuruşur. Nəhayət, onu yaralayan snayperçinin yerini müəyyən edib onu zərərsizləşdiri. Kapitan Nihad Babayev bundan sonra gözlərini bu dünyaya əbədi yumur.
Nihad Babayev noyabrın 2-də doğulduğu kənddə dəfn olunub. 
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Nihad Babayevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Nihad Babayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
2021-ci ildə Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin adı verilib. 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
 
Seçilən
7
moderator.az

1Mənbələr