AZ

“Haqq sözə gərəkdir düz qiymət olsun” – AÇIQLAMA + FOTOLAR

“Bakı şəhərinin mərkəzi ünvanlarından birində Göyçə aşıq məktəbinin məşhur siması, Ustad Aşıq Ələsgərin heykəlinin ucaldılmasını Azərbaycan tarixində çox böyük hadisə kimi qiymətləndirmək lazımdır. Bu, sadəcə aşığa, Dədə Ələsgərə qoyulan abidə deyil, bütövlükdə Azərbaycan türkçülüyünə verilən böyük dəyərin tərənnümü idi”.

Bu barədə Medianews.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının sədri, akademik Nuru Bayramov bildirib.

O, Dədə Ələsgərin sadəcə Ustad Aşıq olmadığını, hərtərəfli, vətənpərvər, böyük şəxsiyyət kimi xalqımız tərəfindən sevildiyini, Dədə adını qazandığını diqqətə çatdırıb: “Aşıq Ələsgər haqqında çox araşdırmalar aparılıb, qiymətli sözlər deyilib, məqalələr, monoqrafiyalar, dissertasiyalar yazılıb və bundan sonra da yazılacaqdır. Bu faktın özü Aşıq Ələsgərin necə bir insan, şəxsiyyət olduğunu nümayiş etdirir. Dədə Ələsgər elə bir varlıqdır ki, onu öyrəndikcə, yaradıcılığı ilə yaxından tanış olduqca, Ustadı yenidən kəşf edirsən. Dədə Ələsgər şair, aşıq, sənətkar, filosof kimi də hər zaman zirvədə olub. O, böyük bir missiyanı uğurla tamamlayan böyüyümüz olub. Tarix boyu hər bir toplumun şifahi dili ilə yazılı dili arasında fərqlər müşahidə edilib. Yazılı dili çox az adamlar yazıb-poza bilib, şifahi dil isə xalq dili olduğu üçün bundan hər zaman istifadə ediblər. Təxminən Dədə Qorquddan bu yana – Aşıq Ələsgərə qədər bu, belə olub. Təxminən 1500-cü illərdən sonra yazılı dillə xalq dilini eyniləşdirmək missiyası ortaya çıxıb. Bu missiya da aşıqların üzərində düşüb, onlara həvalə olunub. Bu böyük missiyaya o zamanın böyük ustad sənətkarları Abbas Tufarqanlı, Aşıq Qurban, həmçinin bir çox şairlərimiz də öz töhfələrini veriblər. Lakin yenə də şifahi dil yazılı dilə gəlib çatmamışdı. Həmin dönəmlərdə yazılan şeirlərdə, yazılarda, dastanlarda digər dillərin də qarışığından, xüsusən də ərəb, fars dilindəki sözlərdən istifadə olunurdu. Bu da yazılı dilin çətinlikləri, problemləri idi. El dili olmadığı üçün bunu hər kəs anlaya bilmirdi”.

Akademik söyləyib ki, belə bir dövrdə aşıqların sadə ana dilində gözəl əsərlər yartması çox əhəmiyyətli idi və buna böyük ehtiyac var idi: “Ustad Aşıq Ələsgərin böyüklüyü ondan ibarət oldu ki, o, öz yaradıcılığı ilə Azərbaycan türkcəsinin mükəmməlliyini, zənginliyini, sadəliyini nümayiş etdirə bildi. O göstərdi ki, şeirin, təcnislərin ən mürəkkəb və çətin formalarını, dodaqdəyməzləri, dildönməzləri, cığalı təcnisi Azərbaycan dilində çox mükəməl şəkildə ifadə etmək, yaratmaq olar. Yəni, Dədə Ələsgər doğma el dilini ən çətin sınaqlardan, imtahanlardan keçirdi. Ustad isbat etdi ki, bu dili qarışdırmağa ehtiyac yoxdur. Ona görə də Dədə adına layiq görüldü. Böyük şəxsiyyəti dəyərləndirənlər də adətən böyüklər olur. Dədə Ələsgər böyük bir missiyanı nida işarəsi ilə tamamladı. El dilini yazılı dilə gətirib çıxara bildi. Belə bir insana da böyük bir insan  dəyər verdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağ Azərbaycandır məsələsinə nida qoyaraq, xalqımızın 200 ilik problemini həll edərək tariximizin ən yüksək zirvəsinə qalxdı. Onun kimi böyük insan Dədə Ələsgərə də qiymət verdi. Necə ki, Dədə Ələsgər özünün şeirində deyirdi ki, “Haqq sözə gərəkdir düz qiymət olsun, Qiyməti verəndə mərifət olsun!”. Doğruya düzgün qiyməti də böyük insanlar verərlər. Dədə Ələsgərə qiymət vermək azərbaycançılığa, bütövlükdə türk dünyasına sədaqətin əlamətidir. Biz Qərbi Azərbaycan Basarkeçər Rayon İcması olaraq, böyük missiyanı tamamlayan mütəfəkkirimiz Dədə Ələsgərə verdiyi dəyərə görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Dövlət başçısının özünün də söylədiyi kimi, bizim bu hadisədən sonra Göyçəyə dönəcəyimizə heç bir şübhəmiz qalmır”.

Nailə QASIMOVA

Seçilən
9
medianews.az

1Mənbələr