AZ

“Gender bərabərsizliyinin aradan qaldırılmasında İslamın pozitiv rolu” - təlim

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT Əhali fondunun “Gender bərabərliyi”nə dair layihəsinin təlimçisi, sosioloq Cavid İmamoğlunun təqdimatında “Gender bərabərsizliyinin aradan qaldırılmasında İslamın pozitiv rolu” mövzusunda təlim təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tələbələrin iştirak etdiyi təlimdə Cavid İmamoğlu əvvəlcə cəmiyyətdə gender zəminində formalaşmış ayrı-seçkiliyi müzakirə edib. O, gender bərabərliyinin təkcə mədəni-mənəvi hadisə deyil, eyni zamanda, yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması, səmərəli idarəçiliyin qurulması üçün zəruri əhəmiyyət kəsb etdiyini vurğulayıb. Gənclər arasında genderəsaslı zorakılıqla mübarizə aparmaqdan ötrü maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd edib.

Təlimçi daha sonra gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində İslamın rolunu diqqətə çatdırıb. O, Qurani-Kərimdə bütün insanların bərabərliyinə dair nazil olmuş ayələri əsas götürərək, ilahiyyatçıların, din xadimlərinin ibadət məkanlarında maarifləndirmə aparmaqla gender bərabərliyi istiqamətində müəyyən nailiyyətlər əldə etməyin mümkünlüyünü söyləyib. Həmçinin İslam dininin pozitiv rolundan istifadə etməklə, cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılmasında görüləcək vacib məsələlərə toxunub.

Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan təlimdə müzakirələr interaktiv formada keçirilib.

Təlim boyu iştirakçılar genderəsaslı zorakılığın başvermə səbəbləri və onun qarşısını almaq istiqamətində, eləcə də genderəsaslı zorakılıq zəminində formalaşmış stereotiplər və miflər haqqında vacib məlumatlara yiyələniblər.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr