AZ

"Gürcüstan müstəqil siyasət yürüdür" - Komitə sədri

Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

 

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - deyən Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.

 

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyev bildirib ki, gürcü deputatın Azərbaycanı müdafiə edən çıxışı gözlənilən idi:

 

"Gürcüstan Respublikası ilə Azərbaycan arasında normal qonşuluq, strateji münasibətlər mövcuddur. Enerji daşıyıcılığında Gürcüstanla əməkdaşlığımız var. Bütün bunları nəzərə alaraq, biz Gürcüstanın olmadığı beynəlxalq platformalarda, hər zaman Gürcüstanı müdafiə etmişik. Eyni şəkildə Gürcüstan da bizi beynəlxalq platformalarda qoruyur. Bu münasibətərimizin səmimiliyini və qarşılıqlı maraqlara uyğunluğunu göstərir. Bundan sonra da bu iki mehriban qonşu, dost ölkə bir-birini beynəlxalq arenada dəstəkləyəcək və müdafiə edəcək". 

 

Komitə sədri onu da vurğulayıb ki, Gürcüstan Avropaya inteqrasiya yolunu tutsa da, onun bəzi dəyərlərini qəbul etməkdən haqlı olaraq imtina edir:

 

"Avropaya inteqrasiya məsələsi Gürcüstanın öz daxili siyasətidir. Son zamanlar Gürcüstanın daxilində Avropaya inteqrasiyada problemlər yaranır. Gürcüstan Qərbin bəzi dəyərlərini qəbul etmyib. Ailə dəyərləri  və xarici agentlər haqqında qanunların qəbulu bir daha göstərir ki, Gürcüstan bu proseslərdə öz müstəqil siyasətini yürüdür". 

Seçilən
11
modern.az

1Mənbələr