AZ

BMT-nin Baş katibi Beynəlxalq Ahıllar Günü münasibətilə hökumətlərə müraciət edib

BMT-nin

Bakı, 1 oktyabr, AZƏRTAC

BMT-nin Baş katibi Antonio Quterreş hər il oktyabrın 1-də qeyd edilən Beynəlxalq Ahıllar Günü münasibətilə hökumətlərə müraciət edib.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Antonio Quterreşin müraciətində deyilir: “Builki Beynəlxalq Ahıllar Günündə gəlin, ahıl insanların ləyaqətinə hörmət edən qayğı və dəstək sistemlərini gücləndirmək öhdəliyi götürək”. BMT-nin baş katibi əlavə edib ki, hökumətlər öz ölkələrində yaşlı insanların layiqli həyat tərzini təmin etmək üçün əlavə tədbirlər görməli, həmçinin bu sahədə qanunvericilik bazası daha mükəmməl olmalıdır.

2024-cü ildə Beynəlxalq Ahıllar Günü “Ləyaqətlə Yaşlanma: dünyada ahıllar üçün qulluq və dəstək sistemlərinin gücləndirilməsinin əhəmiyyəti” mövzusunda qeyd edilir. BMT bildirir ki, əhalinin qocalması bütün dünyada cəmiyyətləri yenidən formalaşdıran əsas qlobal tendensiyadır. Hazırda dünya ölkələrinin yarısında doğulan körpələrin gözlənilən ömür uzunluğu 1950-ci illə müqayisədə 25 il çox olmaqla 75 yaşdan artıqdır. 2030-cu ilə qədər qlobal miqyasda yaşlı insanların sayının gəncləri üstələməsi proqnozlaşdırılır və bu artım sürətlə inkişaf etməkdə olan ölkələrdə baş verir. Bu demoqrafik dəyişiklik rəsmi və qeyri-rəsmi şəraitdə həm ödənişli, həm də ödənişsiz dəstək üçün geniş ehtiyacları əhatə edərək, ahıllara qayğı göstərilməsi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirib. Əhalinin yaşı artdıqca, hərtərəfli səhiyyə, qayğı və sosial dəstək xidmətlərinə tələbat, xüsusilə demensiya kimi xəstəlikləri olan yaşlı insanlar üçün əhəmiyyətli dərəcədə artıb.

BMT Əhali Fondunun builki tədbiri yaşlı insanlara qayğı və dəstək sistemlərini gücləndirən siyasəti, qanunvericilik və təcrübələri müzakirə etmək üçün ekspertləri bir araya gətirib. Bu toplantıda geriatriya və gerontologiya sahəsində təlim və təhsil imkanlarının genişləndirilməsinə təcili ehtiyac vurğulanıb, ahıl insanlara xidmət üzrə işçilərin qlobal problemlərinin həlli yolları müzakirə edilib və qayğı göstərənlərin müxtəlif töhfələri vurğulanıb.

Seçilən
9
azertag.az

1Mənbələr