AZ

BMU rektoru PUA hazırlayan tələbələrlə görüşüb

BMU

Xırdalan, 1 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev tələbələrdən ibarət “RED” komandasının üzvləri ilə görüşüb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, komandanın hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunmasını böyük nailiyyət adlandıran rektor bu münasibətlə onları təbrik edib.

Komandanın bu nüfuzlu beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülməsini yüksək qiymətləndirən ali təhsil ocağının rəhbəri gənclərin texnoloji sahəyə marağının və innovativ bacarıqlarının onların inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Bildirilib ki, “Zəngəzur” PUA-sı sərgidə iştirak edən Türkiyənin məşhur “Baykar” şirkəti rəhbərliyinin böyük marağına səbəb olub.

Tələbələrin gələcək layihələri ilə maraqlanan rektor yeni-yeni uğurlara imza atmaq yolunda onlara universitet tərəfindən hər cür dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Sonra Yaqub Piriyev beynəlxalq sərgilərdə uğurlu iştiraklarına görə komanda üzvlərini fəxri fərmanla təltif edib.

Qeyd edək ki, yüksək texniki parametrlərə, habelə radioekoloji monitorinq imkanlarına malik “Zəngəzur” PUA-sının bütün elektrik və elektron idarəetmə sistemləri də BMU tələbələri tərəfindən hazırlanıb. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır.

Seçilən
17
3
azertag.az

5Mənbələr