AZ

Azərbaycana qarşı artan təzyiqlərin pərdəarxası: Qərbi və Ermənistanı nə narahat edir? - ŞƏRH

Son zamanlar bəzi Qərb dairələri tərəfindən Azərbaycana qarşı təzyiqlər güclənib. Bu, müxtəlif istiqamətlərdə müşahidə olunur. Xüsusilə, ABŞ, Fransa kimi dövlətlər fərqli bəhanələrlə rəsmi Bakını sıxışdırmağa çalışırlar. Bunun üçün Ermənistan “kartından” da istifadə edilir.
 
Maraqlıdır ki, belə cəhdlər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi ərəfəsində xüsusilə intensivləşir. Məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula 1" yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.
 
Qərbi Azərbaycan İcmasının sentyabrın 30-da yaydığı bəyanatda bildirilib ki, COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan "Freedom House", "Human Rights Watch" və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa, artıq bunu açıq şəkildə edirlər.
 
Bildirilib ki, bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə "Freedom House"un erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.
 
 
"Biz bu hücumları qətiyyətlə pisləyir və Paylanın işlədiyi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsini (UNODC) onun haqqında zəruri ölçü götürməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.
 
Görünən odur ki, nə Ermənistan, nə də ondan alət kimi istifadə edən havadarları Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsini qəbul edə bilmirlər. Çünki bu, rəsmi Bakının beynəlxalq aləmdə artan nüfuzundan, etimadından xəbər verir. Erməni lobbisi ilə sıx əlaqəli olan "Freedom House", "Human Rights Watch" kimi təşkilatlar isə bunu həzm edə bilmir, Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edirlər.
 
Azərbaycana təzyiqin bir forması kimi ölkədə insan haqlarının pozulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması göstərilir. Halbuki bunu iddia edən ölkələrin özlərində, o cümlədən Fransa və ABŞ-də dini ayrı – seçkilik, o cümlədən islamofobik meyillər getdikcə güclənir. Polislər, demək olar, toplaşmağa icazə vermirlər. Adıçəkilən Qərb ölkələrində hüquq-mühafizə orqanlarının zorakılıqları fərqli ölkə KİV-lərinin manşetlərindən düşmür. Bu, o deməkdir ki, Qərb ölkələri öz standartlarından yalnız digər ölkələri idarə etmək, başqa sözlə desək, manipulyasiya məqsədilə istifadə edirlər.
 
 
Yeri gəlmişkən, xatırladaq ki, COP29 ərəfəsində Ermənistanın hərbi təxribatları da intensivləşib. Bu təsadüfdürmü? Fikrimizcə, xeyr! Qərb ölkələrinin təsiri altında olan Ermənistan bu yolla COP29 ərəfəsində bölgədə süni gərginlik yaratmaq, o cümlədən Bakıya gəlməsi gözlənilən rəsmi şəxsləri bu səfərdən çəkindirmək istəyirlər.
 
Beləliklə, görünən odur ki, Qərb dairələri və Ermənistan Azərbaycana qarşı çirkin kampaniya aparırlar.
 
Əlbəttə, bu cəhdlər heç bir nəticə verməyəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.
 
Rəsmi Bakıda belə təzyiqlərə qarşı artıq immunitet formalaşıb. Azərbaycan ona qarşı qurulan oyunlardan hər dəfə uğurla, daha güclü çıxır. Bu, onu deməyə əsas verir ki, bütün destruktiv səylərə baxmayaraq, Azərbaycan COP-29-a uğurla ev sahibliyi edəcək, daha da güclənəcək, inkişaf edəcək. Olan isə qarşı tərəflərin özlərinə olacaq. Onlar Cənubi Qafqazın ən güclü siyasi aktoru olan və beynəlxalq müstəvidə getdikcə nüfuzu artan Azərbaycanla əməkdaşlıq imkanlarını məhdudlaşdırmış olacaqlar. /Report/
Seçilən
10
1
moderator.az

2Mənbələr