AZ

Təzyiqlər, potensial təhdidlər Azərbaycanı yolundan döndərə bilməz -ŞƏRH

Təzyiqlər,

Bakı, 1 oktyabr, AZƏRTAC

XXI əsrin bırinci yarısında qarşılaşdığımız təhlükəli çağırışlar arasında suveren dövlətlərin daxili işlərinə xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yeri tutur.

Azərbaycanın milli təhlükəsizliklə bağlı maraqlarına zidd olan bu amillər beynəlxalq leksikona daxil edilmiş “hibrid müharibə” konsepsiyasının substantiv elementləridir. Bu konsepsiya və onun əsasında formalaşan strategiya və bunların təzahürləri qeniş ictimaiyyətə məlum deyil. Ona görə də, ilk növbədə, bəzi mühüm məqamlara aydınlıq gətirmək zəruridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov səsləndirib.

Deputatın sözlərinə görə, “hibrid müharibə” termini ilk dəfə olaraq ABŞ-ın Dəniz Piyadaları Korpusunun tərkibində xidmət etmiş və 30 ildən çox milli təhlükəsizlik məsələləri üzrə analitik, hərbi məsləhətçi kimi fəaliyyət göstərmiş Frenk Hoffman tərəfindən 2007-ci ildə dərc edilən “XXI əsrdə münaqişə: hibrid müharibələrin yüksəlişi” monoqrafiyasında işıq üzü görüb.

N.Səfərov bildirib ki, hibrid müharibənin siyasi fenomen olaraq xarakterik xüsusiyyətlərinə nəzər salsaq, vurğulanmalıdır ki, bunlardan birincisi münaqişə tərəflərindən birinin digərinə zərər vurması, onun daxili və xarici siyasətində dəyişiklik olunmasına məcbur etməsidir. İkincisi, münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan da istifadə olunur, bu cür üsulların və vasitələrin geniş diapazonu var. Əlbəttə, bəzi hallarda biz canlı şahidi olmuşduq, münaqişə tərəfləri qeyri-nizami silahlı dəstələrin yaradılması, onlara təlimlərin keçirilməsi, onların maliyyələşdirilməsi, təchizatı, muzdluların cəlbi, bir sözlə, qeyri-konvensional üsullardan da istifadə edir. Ancaq hibrid qarşıdurmada qeyri-hərbi vasitələrin və metodların tətbiqinə üstünlük verilir.

“Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanılması və informasiya fəzasında istifadəsi, kiberhücumlar, etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə buraxılması və sair. Hibrid təhdidlər kritik infrastruktura, yəni, iqtisadiyyat, dövlət qurumları, ölkənin təhlükəsizliyini təmin edən orqanlar üçün strateji əhəmiyyət daşıyan idarəetmə sistemləri üçün fövqəladə təhlükə mənbəyidir. Bu sırada, sadəcə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdidləri qeyd etmək kifayətdir. Bu məsələlər hazırda qlobal gündəlikdə ciddi şəkildə diqqət cəlb edir. Məsələn, 2013-cü ildə Kibermüdafiə sahəsində NATO mərkəzinin təşəbbüsü ilə 20-dən çox nüfuzlu beynəlxalq ekspert tərəfindən “Kibermüharibəyə münasibətdə tətbiq olunan beynəlxalq hüquq üzrə Tallin vəsaiti” hazırlanıb və bu sənəddə kiberəməliyyatların və kibermüharibələrin aparılması kontekstində beynəlxalq hüququn normalarının tövsüfi məsələləri çox detallı formada araşdırılıb və 2017-ci ildə bu sənədin yeni, daha əhatəli versiyası hazırlanıb.

Sadaladığım məqamlar əyani formada nümayiş etdirir ki, biz həddindən artıq bir mürəkkəb dövrdə yaşayırıq, bu dövrün təhdidlərinə və çağırışlarına qarşı ciddi preventiv tədbirlər görülməlidir”, - deyə deputat qeyd edib.

N.Səfərov bildirib ki, otuz ilə yaxın müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən qeyri-adekvat reaksiyaya səbəb olub. Ermənistanın revanşist meyillərinin alovlandırılması, silah təchizatına dəstək verilməsi və ölümcül silah növlərinin bu ölkəyə ötürülməsi, müxtəlif mənbələrdən irimiqyaslı maliyyə vəsaitlərinin ayrılması əyani formada nümayiş etdirir ki, bir sıra qüvvələr regionda beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunmasında maraqlı deyillər. Bütün bunlar ölkəmizin apardığı siyasətə xaricdə müdaxilələr və Azərbaycan əleyhinə bir çox hibrid təhdidlərlə müşayiət olunur. Belə bir şəraitdə qeyd etdiyim cəhdlərin qarşısının alınması, milli maraqların və milli təhlükəsizliyin qorunması istiqamətində yeni addımların atılması, digər zəruri tədbirlərin görülməsi fundamental əhəmiyyətə malikdir və bu tədbirlərin parlament müstəvisində də reallaşdırılması ümumi işimizə çox faydalı ola bilər.

Deputatın fikrincə, bu kontekstdə Milli Məclis tərəfindən Xarici müdaxilələrə və hibrid təhdidlərinə qarşı müvəqqəti komissiyanın yaradılması zamanın tələbidir və böyük əhəmiyyətə malikdir.

“Müasir mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımıza cavab verən uğurlu daxili və xarici siyasət həyata keçirilir, heç bir xarici müdaxilə cəhdi və ya beynəlxalq müstəvidə müşahidə etdiyimiz neokolonializm meyilləri, yaxud potensial təhdidlər bizi bu yoldan döndərə bilməz”, - deyə deputat vurğulayıb.

Seçilən
5
azertag.az

1Mənbələr