AZ

Azərbaycanın ideoloji təhlükəsizlik prioriteti

Bu siyasətin əsasında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası ­Milli Məclisinin ilk iclasındakı nitqində dünyada “Kim güclüdürsə, o da haqlıdır” prinsipinin üstünlük təşkil etdiyini bildirib və əlavə edib ki, bəzi böyük dövlətlər bunu heç gizlətmirlər də. Ölkəmizin lideri gücümüzün artırılmalı olduğunu vurğulayıb və bu məsələdə bir neçə istiqamətə diqqət yetirib. Prezident hərbi baxımdan daha da möhkəmlənmənin zəruriliyini əsaslandırmaqla yanaşı, ən başlıca məqamlardan biri kimi ideoloji təhlükəsizlik məsələləri üzərində dayanıb.

***

Ondan başlayaq ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli yüksəlişimizi təmin edən dəyərlər sistemidir. Bu sistem müasir Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna rol oynayıb. O da məlumdur ki, Ulu öndər azərbaycançılıq ideologiyasını real müstəqilliyə nail olmağın qarantı kimi təqdim edib. Mövcud təqdimatda vahid, bölünməz Azərbaycan obrazı canlanır, həmin obrazı qoruyub saxlamaq və möhkəmləndirmək əsas götürülür.

Heydər Əliyevin baxışlarındakı azərbaycançılıq milli mənsubiyyətin, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintezidir. Belə yanaşma qlobal inteqrasiyasından bəhrələnməni inkar etmir, ancaq proses zamanı ideoloji təhdid və təhlükələrə qarşı son dərəcə ciddi immunitet və müqavimət formalaşdırır. Digər yandan, Ulu öndər milli birliyin və həmrəyliyin təminatı, dilimizin və mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini bildirərkən, bunun ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği baxımından vacibliyini vurğulayıb, habelə Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələlərini qabardıb. Hazırda yaşananlar, o cümlədən, Azərbaycana qarşı əks ideloji təbliğat onu göstərir ki, dahi şəxsiyyətin müəyyənləşdirdiyi mübarizə vasitələri günümüz üçün də aktualdır.

***

Unutmaq olmaz ki, müasir dövrdə böyük dövlətlər, güc mərkəzləri ideoloji işğal siyasəti həyata keçirirlər. Sözügedən siyasətin müxtəlif komponentləri, tətbiq olunan konkret mexanizmləri var. Məqsəd xalqları itaət altında saxlamaq üçün zəmin yaratmaqdır. Ayrı-ayrı ölkələrin nümunəsində bu dəstxəttin fəsadları diqqətimizdən yayınmır. Məsələn, götürək Yaxın Şərq və Afrika ölkələrini. Qərbin diktarura rejimləri kimi qiymətləndirdiyi həmin ölkələrdə ideoloji, siyasi və mənəvi müstəvidə həyata keçirilmiş “planlar” nəticəsində yaşanmış dövlət çevrilişləri, hakimiyyət dəyişiklikləri heç bir müsbət nəticə vermədi, əksinə əvvəl əldə edilmiş nailiyyətlər iflasa uğradı, dövlətçilik ənənələri sıradan çıxdı, insanların rifah halı son dərəcə dözülməz şəklə düşdü.

Yeri gəlmişkən, 1990-2000-ci illərdə Azərbaycanı da qeyd etdiyimiz acınacaqlı durumlara salmaq cəhdlərini görmüşük. Həmin zaman kəsiyində Qərbin və digər kənar qüvvələrin ideoloji müdaxilələri, vətəndaş cəmiyyəti institutlarının, medianın, siyasi partiyaların, tanınmış ictimaiyyət nümayəndələrinin, dindarların, bəzi hallarda isə oliqarxlaşmış şəxslərin ələ alınmaları yaxşı xatirimizdədir. Əminliklə deyə bilərik ki, ictimai rəyə təsir metodları ilə hakimiyyətə təzyiq mexanizmlərinin işlək saxlanılması cəhdləri günümüzün də acı reallıqlarıdır. Daha pisi isə budur ki, hazırda bu reallıqda ideoloji təcavüzün tam yeni formaları var. Söhbət ictimaiyyətə LGBT, “NoWar” və digər bu kimi zərərli meyillərin aşılanmasından, mövcud xüsusda gənclərin ələ alınmasından, onlarda anti-milli, kosmopolit dünyagörüşünün formalaşdırılması cəhdlərindən gedir. Həm buna, həm də digər qlobal miqyaslı mənfi tendensiyaların mövcudluğuna görədir ki, dövlətimizin başçısı Milli Məclisdəki nitqində ideoloji təhlükəsizliklə bağlı məsələləri ön plana çəkib. Həm də o səbəbdən ki, 2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni reallıq var. Bu reallıqda güclü Azərbaycan amili dünyanın bəzi qütblərinə qətiyyən sərf etmir. Dövlətimizin müstəqil, prinsipial siyasət həyata keçirməsi həmin qütblərin, necə deyərlər, kürklərinə birə salır, onları “hərəkətə gətirir”.

***

Prezident İlham Əliyev ideoloji təhdid riskləri ilə bağlı fikirlərini əsaslandırarkən, ATƏT-in artıq, faktiki olaraq, ölü vəziyyətində olan Minsk qrupunu “diriltmək” cəhdlərinin nəzərə çarpdığını vurğulayıb. Əslində, dövlətimizin başçısının qaldırdığı məsələ ideoloji təhlükəsizliyimizin, belə demək mümkünsə, zahiri aspektidir. Çünki ATƏT-in keçmiş Minsk qrupunu saxlamaq istəklərinin arxasında ölkəmizə qarşı ərazi iddialarını davam etdirmək niyyəti dayanır. Axı bu təsisat Qarabağ münaqişəsinin mövcud olduğu dövrün məhsuludur və qayəsində problemi həll etmək prioriteti dayanır. Başqa sözlə desək, ATƏT-in Minsk qrupu ona görə var idi ki, ərazi mübahisəsi kimi meydana çıxan erməni avantürizmi leqallıq qazansın.

Azərbaycan ictimaiyyəti həmişə ATƏT-in Minsk qrupuna mənasız təsisat olaraq yanaşıb. Bu o deməkdir ki,cəmiyyətimiz heç vaxt Qarabağın mübahisələndiriməsi ritorikasını qəbul etməyib. Mahiyyətcə bölgənin Ermənistanın ərazisi kimi düşüncələrə yeridilməsinə çalışan ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri isə regiona mənasız səfərlər gerçəkləşdirməklə, heç bir əhəmiyyəti olmayan danışıqlar aparmaqla, çalışıblar ki, xalqımızın Qarabağla və işğal edilmiş digər torpaqlarımızla bağlı yaddaşında dəyişiklik yaşansın. Uzun sözün qısası, ərazilərimizin Ermənistanın olması ilə barışmağımızı istəyiblər. Görünür, bunun üçün bölgəyə yüz min dəfə gedib gəlmək lazım olardısa, həmsədrlər və onların xələfləri bu işi gerçəkləşdirəcəkdilər.

Digər tərəfdən, o da məlum idi ki, ATƏT-in Minsk qrupunun strategiyası ilə erməni beyin mərkəzlərinin planları eyni idi. İkincilər hesab edirdilər ki, nəsillərin dəyişməsi ilə xalqımız Qarabağı unudacaq. Bu baxımdan müəyyən müddətlər üzərində dayanılmışdı. Azərbaycan gəncinin yaddaşındakı Qarabağ təsəvvürü əsas götürülmüşdü. 30, 40, 50 ildən sonrakı düşüncə durumuna uyğun “ssenarilər” qurulmuşdu. Belə bir vəziyyədə ATƏT-in Minsk qrupunun “missiyası” Azərbaycan insanın Qarabağ itkisi ilə barışmasının başa çatması zamanını gözləmək idi. Yəni, qrupun işğalın tam şəkildə başa çatmasını, bir növ, rəsmiləşdirən təsisat kimi çıxış etməsi nəzərdə tutulurdu. Deməli, həmsədrlərin Azərbaycana və Ermənistana mənasız kimi qiymətləndirdiyimiz səfərləri heç də elə-belə deyildi.

Lakin həm erməni beyin mərkəzləri, həm ATƏT-in Minsk qrupunun timsalında xaricdəki ermənipərəstlər Azərbaycan xalqının işğal faktı ilə qətiyyən barışmayacağını hesablaya bilmədilər. Onlar “planlarının” pozulduğunu ilk dəfə 2016-cı ilin Aprel müharibəsi zamanı gördülər. Gördülər ki, Azərbaycan xalqı torpaqların işğaldan azad olunmasına böyük ruh yüksəkliyi ilə yanaşır. Bununla əlaqədar həyəcan təbili çalan, aparılan ideoloji işin səmərə vermədiyini bildirən erməni politoloqlar və ekspertlər də tapıldı. Bu şəxslər məsələyə başqa cür, tam fərqli prizmadan yanaşılmasının vacibliyini əsaslandırdılar. Təxminən belə: 1993-cü ildən 2016-cı ilədək yetişən Azərbaycan gənci üçün Qarabağ prioriteti varsa, deməli, Qarabağın ermənilərə məxsusluğu yönümlü ideya iflasa uğrayıb.

Seçilən
15
3
publika.az

4Mənbələr