AZ

İsrail Dəməşqə hava hücumları təşkil edib

İsrail Dəməşqə gecə saatlarında hava hücumları təşkil edib.

Suriya xəbər agentliyi SANA-nın mövzuya dair xəbərində “Hava hücumundan müdafiə sistemlərimiz bu gecə üçüncü dəfə düşmən hədəflərinə qarşı mübarizə aparır” ifadələrinə yer verilib.

SANA-nın hərbi mənbəyə əsaslanan digər xəbərində isə İsrailin yerli vaxtla saat 02:05-də paytaxta hücumları döyüş təyyarələri və dronlarla həyata keçirdiyi iddia edilib.

Xəbərdə “Hava hücumundan müdafiə sistemlərimiz raketlərə və dronlara qarşı mübarizə aparıb və onların çoxunu vurub. Hücumda 3 mülki şəxs həlak olub, 9-u isə yaralanıb, maddi ziyan meydana gəlib” ifadələri işlədilib.

Digər tərəfdən rejim mediası hücumda Suriya Dövlət Televiziyasında çalışan aparıcı Safa Əhmədin həyatını itirdiyini açıqlayıb.

''Şam FM''də yayımlanan xəbərdə isə Mezze bölgəsindəki hücum nəticəsində yanğın baş verdiyi qeyd olunub.

İsrail hücuma dair hər hansı açıqlama verməyib.

İsrailin hədəf aldığı Mezze bölgəsində İranın Dəməşqdəki səfirliyi yerləşir. İsrail 1 aprel tarixində İranın Dəməşqdəki konsulluq binasına hava hücumu təşkil etmişdi. Həmin hücumda İran İnqilab Keşikçiləri Korpusundan 2-si general rütbəsində olmaqla 7 iranlı rəsmi həyatını itirmişdi. Dəməşq və ətrafındakı bölgələrdə Suriya ordusu ilə yanaşı İranın dəstəklədiyi terror qruplaşmaları və Livan ''Hizbullah''nın üzvlərinin də olduğu məlumdur.

İsrail 2011-ci ildə vətəndaş müharibəsinin başladığı vaxtdan bəri Suriyada vaxtaşırı İranın dəstəklədiyi qruplaşmalara və Suriya ordusuna aid hərbi mövqelərə hücumlar təşkil edir.



Seçilən
5
trt.net.tr

1Mənbələr