AZ

Bundestaq yeni idarə olunan raketlərin alınmasını təsdiqləyib

Almaniya Bundestaqının Büdcə Komitəsi ölkənin Hərbi Dəniz Qüvvələri (HDQ) və Hərbi Hava Qüvvələri (HHQ) üçün idarə olunan raketlərin alınmasını təsdiqləyib.

“Poliqon” Almaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunlar korvetlər və freqatlardan buraxılmaq üçün “Rolling Airframe Missile” (RAM) Blok 2B zenit, qırıcılardan atılmaq üçün isə “hava-hava” tipli AMRAAM idarə olunan raketləridir.

Bildirilib ki, Almaniya HDQ üçün bir neçə yüz ədəd RAM Blok 2B alınacaq. Bu məqsədlə Büdcə Komitəsi  Bundesverin xüsusi fondundan və müntəzəm müdafiə büdcəsindən 372.6 milyon avroya yaxın zəruri vəsait ayırıb. İdarə olunan raketlər 2029-cu ilin avqustundan 2031-ci ilin noyabrınadək Almaniya HDQ-yə çatdırılacaq.

Hazırda RAM idarə olunan raketləri Almaniya Hərbi Dəniz Qüvvələrinin bütün freqatlarında və korvetlərində aşağı hündürlükdəki hava təhlükələrini məhv etmək üçün istifadə olunur.

Bundan başqa, Almaniya HHQ-yə məxsus “Eurofighter” döyüş təyyarələri üçün yeni AIM-120C-8 AMRAAM  raketləri alınacaq. AMRAAM-ların və təlim raketlərinin alınması üçün maliyyə tələbi təxminən 122 milyon avro təşkil edir. Bu satınalma layihəsi də Bundesverin xüsusi fondu və müntəzəm müdafiə büdcəsi hesabına maliyyələşdirilir. İdarə olunan raketlərin çatdırılmasının 2029-2032-ci illər arasında həyata keçirilməsi planlaşdırılır.

Almaniya HHQ üçün yeni alınacaq AIM-120C-8-lər yaxın illərdə istismar müddətini başa vuracaq AIM-120B raketlərinin yerini alacaq.

Seçilən
12
poliqon.az

1Mənbələr