AZ

Qırğızıstanda TDT dövlətlərinin süni intellekt sammiti olacaq

Bakı, 1 oktyabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkek şəhəri oktyabrın 9-10-da Türk Dövlətlərinin Süni İntellekt (AI) Sammitinə ev sahibliyi edəcək.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək bu innovasiya tədbiri türk ölkələrindən, Mərkəzi Asiyadan və dünyanın müxtəlif yerlərindən hökumət rəsmilərini, aparıcı süni intellekt ekspertlərini, biznes ictimaiyyətini, akademik dairələri və İT ictimaiyyətini bir araya gətirəcək. Sammit süni intellekt sahəsində ən son nailiyyətlərin müzakirəsi, təcrübə mübadiləsi, həmçinin dövlət idarəçiliyində, biznes və sosial təşəbbüslərdə AI-nin tətbiqini sürətləndirmək üçün strategiyaların hazırlanması üçün unikal platforma olacaq.

Sammitdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə nümayəndələri iştirak edəcəklər. Türkmənistan və Macarıstan tədbirə müşahidəçi ölkə statusunda qatılacaq.

Tədbirin əsas məqsədləri Türk dünyasında AI-nin inkişafı üçün strategiyaların hazırlanması, TDT ölkələrində innovasiya və texnoloji tərəqqinin təşviqi, türk ölkələrində dillərin qorunması və inkişafı üçün süni intellektdən istifadə, süni intellekt sahəsində iqtisadi və elmi-texniki əməkdaşlığın gücləndirilməsi, AI layihələrinə və startaplara investisiyaların cəlb edilməsi, süni intellektdən istifadə ilə bağlı etik və hüquqi məsələlərin müzakirəsidir.

Sammit çərçivəsində aparıcı ekspertlərlə görüşlər, süni intellektdə ən son tendensiyalar və innovasiyalar haqqında panel iclasları və gələcək əməkdaşlıq üçün tərəfdaşlıq əlaqələri qurmaq üçün müzakirələr təşkil olunacaq. Tədbir startaplar üçün mühüm platformaya çevriləcək, burada onlar öz layihələrini potensial investorlara təqdim edə və tərəfdaşlarla əlaqələr yarada biləcəklər.

Tədbir çərçivəsində, həmçinin İT tərtibatçıları üçün ustad dərsləri və seminarlar keçiriləcək, onlar öz bacarıqlarını təkmilləşdirə və ən son texnologiyalarla tanış ola biləcəklər.

Seçilən
15
azertag.az

1Mənbələr