AZ

Müəllim şagirdin şəxsiyyətini alçalda bilməz -RƏY

Xüsusən yeniyetməlik dövründə şagirdlər həssas olur. Bu dönəmdə onlara qarşı hər hansı sərt müdaxilə yolverilməzdir

  Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü xəbəri yayılıb. İddia edilir ki, dərs vaxtı fiziki tərbiyə müəllimi Azər Bəşirov və gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər. Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsindən verilən açıqlamada isə qeyd edilir ki, 26 sentyabr 2024-cü il tarixdə Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında təqribən 08:30-08:45 radələri arasında məktəbin 11-ci sinif şagirdi B.Ü gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə isə fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu 11-ci sinif şagirdini tənbeh edib. “Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib”.   Açıqlamada daha sonra qeyd edilir ki, müəllim polis şöbəsinə də dəvət edilib: “Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyünə görə dəvət olunduğu bildirilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”. DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov cavab olaraq bildirib ki, məktəbdə mübahisə olması ilə bağlı polisə məlumat daxil olub. Hazırda araşdırma aparılır.
  
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıəqlamasında bildirdi ki, müəllimin şagirdi şəxsiyyət kimi görüb qəbul etməsi müəllim-şagird münasibətlərində əsas şərtdir: 

- Müəllim şagirdin şəxsiyyətini alçaltmamalıdır. Xüsusən yeniyetməlik dövründə şagirdlər həssas olur. Bu dönəmdə onlara qarşı hər hansı sərt müdaxilə yolverilməzdir. Şagirdi sinif yoldaşlarının yanında alçaltmaq, sərt sözlərlə tənqid etmək olmaz. Problemli şagirddirsə, müəllim məktəb psixoloqu ilə məsləhətləşməli, psixoloqun yardımından istifadə etməli, şagirdə qarşı fərqli davranmalıdır. Müəllim pedaqoqdur, istənilən xarakterdə şagirdlə davranmağı bacarmalıdır. Bu keyfiyyətlər gələcək müəllimə həm təhsil aldığı müddətdə, həm təcrübə zamanı öyrədilməli, təlqin edilməlidir. Müəllim də insandır. Əsəbləri nəzarətdən çıxa bilər. Xoşagəlməz hadisələrdən heç kim sığortalanmayıb. Lakin müəllim, müəllim adını hər zaman uca tutmalıdır. Dərsdə də, ictimai yerdə də hamıya örnək olmalıdır. Bu cür hadisələr zaman-zaman məktəblərdə  yaşana bilir. Şagirdlərin davranışları müəllimi hövsələdən çıxara bilər. Belə şagirdlər olur. Bu halda müəllimin əvvəlcə şagirdin valideynləri ilə görüşməsi, onlarla söhbət aparması düzgün olardı. Çətin tərbiyə olunan “ipə-sapa yatmayan” uşaqlar hər məktəbdə olur. Onlarla xüsusi iş aparılmalıdır. Amma fiziki müdaxilə yolverilməzdir. Bu cür hərəkətlər həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində təsbit olunan məsələdir. Uşağa qarşı fiziki zor varsa, valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Ona görə də vəziyyət gərginləşməsin deyə  pedaqoq hər cür şəraitdə situasiyadan çıxmağı bacarmalıdır. 

Seçilən
6
sherg.az

1Mənbələr