AZ

“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir?-“Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”-ETİRAZ

 
Zaman-zaman köhnə filmlərimizin yeni üslubda, zəmanənin tələblərinə uyğun olaraq çəkildiyinin şahidi oluruq. Azərbaycan kinematoqrafiyasında elə filmlər var ki, mövzusu bu gün də aktualdır. Elə “Bizim Cəbiş müəllim” filmi kimi.. Bəs görəsən “Bizim Cəbiş müəllim” filmi bu gün çəkilsə orijinalından çox bəyənilə bilərmi? Mövzu ilə bağlı sualı “Bizim Cəbiş müəllim” filminin rejissoru Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyliyə ünvanladıq.
 
 
Moderator.az-a açıqlama verən sənətkarın övladı bildirib ki, atasının illər öncə lentə aldığı filmlərin bu gün yenidən çəkilməsinin qəti əleyhinədir.
“Mən indiyə qədər orijinaldan yaxşısını görməmişəm. Olub ki, zaman-zaman hansısa filmin ikinci hissəsini yaxud ardını çəkmək istəyiblər, amma alınmayıb. Çox uğursuz alınıb. Hətta həmin filmdə çəkilən sənətkarlar da sonradan peşman olublar. Bu mümkün olan məsələ deyil” deyə Ziya Seyidbəyli bildirib.
Kinorejissor Faiq Nağıyev bildirib ki, o illərin təhsil sistemi bir başqa olub və o dövrdə yetişən rejissorlar da maraqlı filmlər ərsəyə gətiriblər.
“O illərdə istər texniki heyət, istər aktyor-aktrisa heyəti yüksək səviyyəli təhsil almış peşəkarlardan ibarət idi. Hər şeyin ilki maraqlı olur. Çünki ilki artıq möhürünü vurub. O filmin təkrarı əlbəttə ki, birincisi kimi effekt verməyəcək. Bir də o vaxtı filmlərə yaxşı maliyyə ayırırdılar. İndi maliyyə yoxdur. Bundan əlavə də həmin peşəkarları əvəz edəcək nəsil yetişmir. Bu gün kimi gəldi çəkirlər. Peşəkarlara pul vermək istəmirlər. Əksər aktyor-aktrisalarımızın üz-gözü silikondur, təbiilikdən çıxıblar. Korifeyləri əvəz edən adlar yoxdur. Nəsibə Zeynalovanı kim əvəz edə bilər? Üz-gözü silikonlu aktrisalar? O vaxtı aktyorlar o qədər çox qazanırdılar ki, məişət qayğıları onları narahat edib işlərindən alı qoymurdu. Bu gün aktyoru çəkilişə çağırırsan, oturub obrazın sözlərini təkrarlamaq əvəzinə işıq pulunun, qaz pulunun dərdini çəkir. Aktyor, rejissor məişət qayğılarından uzaq olmalıdır” deyə rejissor bildirib.
 
Seçilən
6
3
moderator.az

4Mənbələr