AZ

Peşəkar arıçı: Hər şey ana arının seçilməsi ilə başlayırFOTO

Peşəkar

Lənkəran, 1 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəran sakini Teymur Əliyev peşəkar arıçılardan biridir. O, 20 ilə yaxındır arıçılıqla məşğuldur. Cəmi bir neçə ildir ki, əksər arıçının bacarmadığı ana arı yerişdirilməsində də özünü sınamağa başlayıb. Bu proses yalnız bilik və təcrübə ilə deyil, həm də peşəkarlıq və dəqiqliklə həyata keçirilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri həmin arıçılıq təsərrüfatında olub, ana arının yetişdirilməsi prosesi ilə maraqlanıb.

Teymur Əliyev illərdir arıçılıqla məşğul olsa da, onun işi təkcə bal toplamaqdan ibarət deyil, həm də arı ailəsində mühüm rol oynayan ana arını yetişdirir. Bu iş böyük diqqət və səbr tələb edir, çünki ana arı nə qədər güclü olsa, arı ailəsi də bir o qədər sağlam və güclü olar.

Arıçının sözlərinə görə, bu sahə ilə məşğul olmaq üçün arı haqqında lazımi bilikləri bilməlisən. Əks halda çəkilən zəhmət hədər gedər: “Hər şey ana arının seçilməsi ilə başlayır. Mən həmişə ən güclü, sağlam arıları seçirəm. Ana arını düzgün yetişdirmək çox vacibdir – yumurtaların inkişafı üçün xüsusi qayğı və qidalanma lazımdır. Yetişdirdiyim ana arıları hər gün diqqətlə izləyirəm, onların düzgün inkişaf etməsinə əmin oluram. Ana arı yetişəndən sonra isə ən maraqlı mərhələ gəlir – onu yeni arı ailəsinə qəbul etdirmək. Arılar yeni ana arını asanlıqla qəbul etməzlər, buna görə də bu prosesi diqqətlə aparmaq lazımdır. Əgər düzgün etməsən, ailə dağıla bilər və məhsuldarlıq azalar. Ancaq illərin təcrübəsi ilə öyrənmişəm ki, hər şeyi sevgi və səbrlə görsən, işlər yoluna düşəcək. Güclü ana arı varsa, ailə də güclü olacaq. Amma təbiət həmişə sürprizlərlə doludur. Hava şəraiti və arıların davranışları hər dəfə eyni olmur”.

Təsərrüfatlarda arı cinslərinin nəsillərinin uzun müddət yenilənməməsi məhsuldarlığın azalmasına və arı ailələrinin zəifləməsinə səbəb olur. Zamanla arıların genetik müxtəlifliyi azalır, bu da onların xəstəliklərə və hava şəraitinə qarşı daha həssas olmasına gətirib çıxarır. Nəticədə, arı ailələri zəifləyir, bal istehsalı azalır və hətta ailələr dağılmağa başlayır.

Lakin peşəkar arıçılar bu problemin qarşısını almaq üçün xaricdən gətirilmiş yeni ana arılar hesabına arı ailələrini gücləndirirlər.

“Yeni ana arılar fərqli genetik xüsusiyyətlərə malik olduqları üçün arı ailələrinə təzə qan qatır və bu da onların sağlamlığını, məhsuldarlığını artırır. Yeni ana arılar vasitəsilə arıların xəstəliklərə qarşı müqaviməti də yüksəlir və bu, arı ailələrinin uzunmüddətli inkişafını təmin edir. Elə bir müddət əvvəl Avstriya və Almaniyadan iki ana arı gətirmişəm, biri 300 manata başa gəlib. Bu ana arılarla təsərrüfatdakı arı cinslərini yeniləyəcəyəm. İnşallah, 2025-ci ildə onlardan birinci nəsil ana arılar yetişdirəcəyik”, - deyə Teymur Əliyev bildirir.

Satışa gəlincə, arıçı deyir ki, hər hansı çətinliyi yoxdur. Ölkəmizin bütün bölgələrdən gəlib ana arı alırlar.

Qeyd edək ki, ana arıların biri 25-30 manata satılır. Ana arıların orta hesabla 6 ilə yaxın ömrü var, lakin ilk 3 ilində daha məhsuldar olurlar. Həmin dövrdə ana arı ailəsinə ən yaxşı şəkildə rəhbərlik edir, ona görə də bal məhsuldarlığı da bu illərdə yüksək olur.

Seçilən
4
azertag.az

1Mənbələr