AZ

Ulu öndər Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinədir ŞƏRH

Məlum olduğu kimi, 31 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı oldu. Xalqımız müstəqilliyi, dövlətçiliyi, inkişafı, rifahı əsas götürərək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalq ona, o isə xalqa arxalanırdı, gücü ondan alırdı. Müdrik siyasətçi özü bu haqda fikir bildirərkən qeyd edirdi ki “ Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin”.

Xüsusilə qeyd etmək lazımdır ki, Ümummilli Lider həmin çətin günlərdə bütün azərbaycanlıları səfərbər edir, hər bir təklifi, müraciəti diqqətlə dinləyir, qərarlar verirdi. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir - Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!

Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdə çətinlik çəkirdilər. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri - obyektiv münasibəti və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi... Belə faktların sayı istənilən qədərdir.

Bəli, xalqına arxalanan, amalı xalqına xidmət olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma ən çətin, böhranlı anlarında, xalq "olum ya ölüm" dilemması qarşısında qalanda gəlir və müqəddəs xilaskarlıq missiyasını həyata keçirirlər, öz həyatlarını millətə xidmətə həsr edirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır. Heydər Əliyev kimi...

Bir sözlə, məhz Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır. Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ən əsası, Ulu öndər Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Pənah Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü,partiya veteranı

Seçilən
4
sesqazeti.az

1Mənbələr