AZ

Azərbaycanın milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində duran güclü iqtisadiyyat ŞƏRH

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Müşavirədə qeyd edildi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Dövlətimizin başçısı: “İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir” söyləyərək diqqəti 2024-cü ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bütün dünyada bu gün gedən prosesləri təhlil edərkən və ümumilikdə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz yeddi faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Sözügedən müşavirədə dövlətimizin başçısı keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri cari ilin sonuna qədər saxlanılacaq, eləcə də nəzərə alsaq ki, indi 2025-ci ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Yəni, gələn ilin əsas xərcləri artıq müəyyən edilib. Prezidentin qeyd etdiyi kimi, Milli Məclisdəki çıxışında əsas prioritetlər açıq-aydın göstərilib. Birinci növbədə, Azərbaycanın hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, o cümlədən ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Dövlət başçısı cənab İlham Əliyev: “Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.”- bildirərək, bu əminliyi də ifadə etdi ki, müzakirə və əldə edilmiş nəticələr, qəbul ediləcək qərarlar iqtisadi inkişafımızı daha da sürətləndirəcək.

Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil bugünki güclü iqtisadiyyatdır. Ölkəmiz iqtisadi müstəqilliyinə Ümummilli Lider Heydər Əliyevin zamanında əsasını qoyduğu islahatlar yolu ilə möhtərəm Prezident İlham Əliyevin inkişaf kursunu davam etdirilməsi sayəsində nail olunub. Azərbaycanda meydana çıxan çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə davamlı olaraq yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanda biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, və sosial sfera da daxil olmaqla, digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb.

Əsası Ulu Öndər tərəfindən qoyulan inkişaf kursu, sonrakı mərhələdə isə möhtərəm Prezident İlham Əliyevin ölkədə siyasi varisliyi təmin etməsi, həmçinin də iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. İqtisadi müstəqillik öz növbəsində respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında çox mühüm rol oynayır.

Əlbətdə ki, hər şey bünövrənin necə qoyulmasından asılıdır. Təməl möhkəm olarsa, ucaldılan bina da uzunömürlü olacaq. Bu mənada əminliklə demək mümkündür ki, Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə və müdrikcəsinə yaradılan fundamental ideya əsasları müstəqil Azərbaycanın əbədiyaşarlığını təmin edəcək.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Seçilən
33
sesqazeti.az

1Mənbələr