AZ

Yenidən təşkil olunan məktəblərdə narazılıqlar baş qaldırıb...

Image

Kamran Əsədov: “Valideynlərin əsas narazılığı övladlarının fərqli məktəblərdə təhsil almasıdır, bu onlar   üçün çətinlik yaradacaq”

Məlum olduğu kimi, ölkəmizdə bəzi məktəblərin fəaliyyəti yenidən təşkil olunur. Belə məktəblərdə yalnız X-XI siniflərin şagirdləri təhsil alacaq. Digər siniflər isə başqa məktəblərə yerləşdirilir. Bu yenilik valideynlər tərəfindən narazılıqla qarşılanıb. 

İki və üç övladı eyni məktəbdə təhsil alan valideynlər uşaqlarının başqa təhsil müəssisələrinə yerləşdirilməsindən şikayət edir.  Valideynlər iddia edir ki, yenidən təşkil olunmuş məktəblərin X-XI siniflərinə IX sinif buraxılış imtahanlarında 150 baldan aşağı nəticə göstərən şagirdlər qəbul edilmir.

Qeyd edək ki, bu günlərdə Sumqayıt şəhəri 37 saylı məktəbdə analoji hadisə baş verib. Valideynlər mətbuata açıqlamalarında bildiriblər ki, Sumqayıt şəhəri 37 saylı məktəbdən IX sinif buraxılış imtahanında 150 baldan aşağı nəticə göstərən şagirdləri qovurlar.

Qeyd edək ki, pilot layihəyə cəlb olunan məktəblərdə oxuyacaq şagirdlərin ali məktəbə yüksək balla daxil olmasına zəmanət veriləcək. Bunun məktəblərdə X-XI siniflərin təhsildən yayınaraq repetitorlara üz tutmasının qarşısını alacağı bildirilir.

“Azərbaycanda məktəblərin təmayülləşməsi şagirdlərə daha spesifik və ixtisaslaşmış təhsil almaq imkanı yaradır” 

Təhsil ekspeti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda məktəblərin yenidən təşkil olunması, 11 illik məktəblərdə yalnız X-XI siniflərin tədrisinin davam etməsi və digər siniflərin başqa məktəblərə köçürülməsi son dövrlərdə təhsil sistemindəki yeniliklərdən biridir: “Təmayülləşmə dedikdə şagirdlərin X sinifdən etibarən ixtisas sahələrinə yönəldilməsi nəzərdə tutulur. Bu yanaşma daha çox şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almalarını təmin etmək məqsədilə tətbiq olunur. Məlumat üçün deyim ki, məktəblərin təmayül üzrə ixtisaslaşması dünya təhsil sistemlərində də geniş şəkildə istifadə olunan bir mexanizmdir. Bu prosesin Azərbaycanda da tətbiq olunması şagirdlərin ali təhsil seçimlərində daha hazırlıqlı olmasına şərait yaratmaq üçün nəzərdə tutulub. Məqsəd şagirdlərin təhsillərini ixtisaslaşmış təhsil ocaqlarında daha dərindən inkişaf etdirməkdir. Şagirdlər təmayül siniflərində öz ixtisaslarına uyğun daha dərin biliklər əldə edirlər. Məsələn, elmi təmayüllü siniflərdə şagirdlər riyaziyyat, fizika və kimya kimi fənlərə daha çox fokuslanır, bu da onlara gələcəkdə texniki və mühəndislik ixtisaslarını seçməyə kömək edir. İctimai təmayüllü siniflərdə isə tarix, coğrafiya və hüquq sahələri üzrə daha dərindən tədris həyata keçirilir”.

Ekspert hesab edir ki,   valideynlərin əsas narazılığı övladlarının fərqli məktəblərdə təhsil almasındandır. Çünki bu, valideynlər üçün çətinlik yaradacaq: “Bakı şəhərində yerləşən məktəblərdə bu dəyişikliklər valideynlərin bir məktəbdən digərinə getmək üçün daha çox vaxt sərf etməsinə səbəb olub, şəhərin tıxac problemi də buna əlavə yük yaradır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan təhsil sisteminin daha müasir, qlobal trendlərə uyğunlaşdırılması təhsilin keyfiyyətini artırmağa yönəlib. Bununla belə, yerli təcrübədə belə dəyişikliklərin praktik icrası zamanı daha çox valideynlərə dəstək göstərmək və effektiv kommunikasiya yolları inkişaf etdirmək vacibdir. Beləliklə, Azərbaycanda məktəblərin təmayülləşməsi şagirdlərə daha spesifik və ixtisaslaşmış təhsil almaq imkanı yaradır. Bununla belə, praktik problemlərin həlli və valideynlərin narahatlıqlarının diqqətlə nəzərə alınması vacibdir”. 

Günel CƏLİLOVA





Seçilən
5
baki-xeber.com

1Mənbələr