AZ

Onların diqqətə ehtiyacı var..

Bu gün Beynəlxalq Ahıllar Günüdür

“Allahsız yerdə otur, böyüksüz yerdə oturma”- deyib atalarımız. Azərbaycan, ümumən Şərq mədəniyyətində, eyni zamanda İslam ənənəsində böyüyə hörmət, ahıl insanlara qayğı və ehtiram bir ədəb nümunəsidir. Tanısaq da, tanımasaq da, özümüzdən yaşca böyük insanlara qarşı əlavə bir hörmət, sayğı var qanımızda, canımızda. Bu, ailəmizin verdiyi tərbiyə ilə yanaşı, mənəvi kimliyimizin bizə ötürdüyü genetik kodlarla da əlaqədardır, şübhəsiz.

Yaşı ötmüş, köməyə, yardıma möhtac ahıl insanlara qarşı xüsusi qayğı dövlətimiz tərəfindən də prioritet məsələlərdən biri kimi hər zaman diqqətdə saxlanılır.

Nə yazıq ki, dünya ölkələri arasında bizim kimi ahıllara bu cür həssaslıqla yanaşmayan, onları diqqət və qayğıdan kənar saxlayan ölkələr də az deyil. Təkcə dövlət səviyyəsində deyil, fərdlər şəklində də böyüyə hörmətlə yanaşmaq getdikcə unudulmaqdadır. Belə halların qarşısını almaq, dünyanın diqqətini bir günlük də olsun ahıl insanlara və onların problemlərinə yönəltmək üçün beynəlxalq səviyyədə onlara özəl gün də təsis olunub.

Bəli, bu gün o gündür - Beynəlxalq Ahıllar Günü...

BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən 1993-cü ildən Azərbaycanda da Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır.

“Sosial xidmət haqqında” Qanuna əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkəmizdə yaşı 70-dən yuxarı olan vətəndaşların sayı 400 minə yaxındır. Belə ki, ötənilki statistikaya nəzərən, ölkə üzrə əmək pensiyaçılarının 333 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 204 mini qadın, 129 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208 min nəfəri 70-80, 115 min nəfəri 80-90 yaşlarında, 10 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır.

Ümummilli lider Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim diqqət və qayğı göstərilib və həmin insanların qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanması təmin edilib. 2003-cü ildən bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da gücləndirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verməklə, onlara daim həssaslıqla yanaşılır.

Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssisələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş duyğular, unudulmaz anlar bəxş edən tədbirlər təşkil olunur ki, bu da dövlətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir.

Həmçinin, təqdirəlayiq haldır ki, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilir.

Əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır. Ötən dövrdə ölkəmizdə pensiyaların dəfələrlə artırılması təmin olunub və olunmaqdadır. Pensiya təminatı sistemində son illərdə humanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.

Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanmaqla, hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilməklə yanaşı, dövlət başçısının qayğısı sayəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində son illərdə müasir tələblərə uyğun şərait yaradılıb.

Qeyd olunan və olunmayan bütün rəqəmlər və mövcud statistika ölkəmizdə ahıl vətəndaşların rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlərin görüldüyünü və onların daim dövlət qayğısı ilə əhatə olunduğunu bir daha göstərir. Amma unutmayaq ki, böyüklərimizin dövlət qayğısından daha çox, onları sevən, anlayan, hörmətini saxlayan övladların, nəvələrin, doğmaların məhəbbətinə və bir “necəsən?” sözünə ehtiyacları var. Bunu onlardan əsirgəməyək!

Şahanə MÜŞFİQ

Seçilən
21
yeniazerbaycan.com

1Mənbələr