AZ

Kamran Əliyev: "Bu il korrupsiyaya qarşı 36 əməliyyat keçirilib, 29 şəxs cinayət başında yaxalanıb"

"Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinə və strateji inkişaf konsepsiyasına, o cümlədən "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəldilməsi prokurorluqda prioritet fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib. 

O qeyd edib ki, ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər cari ildə də uğurla davam etdirilib. 

K.Əliyev vurğulayıb ki, bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu müddətdə vətəndaşların 7808, o cümlədən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 4324 müraciətinə baxılaraq, prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin cinayət işlərinin başlanması təmin edilib:

"Bu müddət ərzində baş idarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən 36 əməliyyat tədbiri nəticəsində 29 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 36 cinayət işi başlanmışdır. Qeyd edilən dövrdə baş idarə tərəfindən 143 şəxs barəsində baxılması üçün məhkəmələrə göndərilmiş 108 cinayət işi  üzrə vurulmuş maddi ziyan -102 milyon 400 min  manat təşkil etməklə ibtidai istintaq dövründə 25 milyon 545 min manatın ödənilməsi, həmçinin 20 milyon 760 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 46 milyon 305 min manat (45,2 faiz) məbləğində ziyanın bərpası təmin olunmuşdur. Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 16 milyon 629 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 68 min manat məbləğində pul vəsaiti ödənilmişdir".

Seçilən
17
13
iqtisadiyyat.az

10Mənbələr