AZ

Pentaqon rəhbəri “Hizbullah” hədəflərinin məhv edilməsini dəstəkləyib

Pentaqon rəhbəri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Gallant ilə Fələstin HƏMAS və Livan “Hizbullah”ına qarşı İsrail ordusunun əməliyyatlarını müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib. ABŞ Müdafiə Nazirliyinin yaydığı press-relizdə Ostinin İsrail ordusunun “sərhəd bölgələrdə “Hizbullah” infrastrukturunu dağıtmağa” yönəlmiş hərəkətlərini dəstəklədiyi bildirilib.

Qeyd edək ki, sentyabrın 30-da nazirlər arasında telefon danışığı olub. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsində quru əməliyyatına başladığını elan edib. “Məhdud, lokallaşdırılmış və məqsədyönlü basqınların” məqsədinin “Hizbullah”ın infrastrukturunun məhv edilməsi olduğu bildirilib.

“Müdafiə naziri Ostin ABŞ-ın İsrailin özünümüdafiə və İran, “Hizbullah”, HƏMAS, Husilər və İranın dəstəklədiyi digər terror təşkilatlarından müdafiə hüququnu dəstəklədiyini təkrarlayıb. Tərəflər Livan “Hizbullah”ının İsrailin şimalındakı icmalara oktyabrın 7-də bənzər hücumlar həyata keçirə bilməməsi üçün sərhəd boyunca hərbi infrastrukturun sökülməsi zərurəti barədə razılığa gəliblər”, deyə Pentaqonun məlumatında bildirilir.

Eyni zamanda, Lloyd Ostin münaqişənin diplomatik yolla həllinin və Livan-İsrail sərhədinin hər iki tərəfindəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmasının vacibliyinə diqqət çəkib.

“Nazirlər təhlükəsizlik və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün hərbi əməliyyatlardan diplomatik yola yekun keçidin vacibliyini müzakirə ediblər”, deyə məlumatda əlavə edilib.

Xatırladaq ki, quru əməliyyatının başlandığını elan etməzdən bir qədər əvvəl İsrail Beyrutun ətrafına hücum edib. Buna cavab olaraq Livan ərazisindən İsrailin şimal bölgələrinə onlarla raket atılıb. Gecə saatlarında Suriyanın Dəməşqində də partlayışlar baş verib. İraqdakı Amerika aviabazasına da hücum edilib.

Poliqon.info

Seçilən
21
2
poliqon.info

10Mənbələr