AZ

APL: autsayderlər turu gözləyir

Azərbaycan Premyer Liqasında 8 tur geridə qalıb. Son çempion “Qarabağ” 18 xalla birinci pillədə qərarlaşıb. Komandanın hələ ehtiyatda bir oyunu var və ən yaxın izləyicisi “Araz-Naxçıvan”dan iki xal öndədir. Qeyd edək ki, naxçıvanlıların da keçirilməyən bir oyunu var.

Turnir cədvəlinin hazırkı məqamda sürpriz komandası “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin yetirmələri ardıcıl qazanılan qələbələrlə 2-ci sıraya yüksəlib. “Zirə” üçlüyü tamamlayır. “Turan Tovuz” və “Sabah” isə müvafiq olaraq, 4 və 5-ci pillələrdə qərarlaşıb.

Çempionatın digər sürprizi isə “Neftçi”nin bu ana qədər qələbəsinin olmamasıdır. Mövsümə iddialı başlamaq istəyən, yayda Roman Qriqorçuku baş məşqçi postuna gətirməklə çempionluq mübarizəsindən hay vurmağa çalışan “ağ-qaralar”ın planları alt-üst olub. 8 turdan sonra nə nəticə var, nə yaxşı oyun. Komandada oyun intizamı yoxa bərabərdir. Fərdi keyfiyyətləri sayəsində bir-iki futbolçu fərq yaratmağa çalışsa da, alınmır.

Ölkənin köklü klublarından digəri “Kəpəz” də “zirzəmi”də qərarlaşıb. Onların durumu daha acınacaqlıdır. 8 turdan sonra xal qazana bilməyən gəncəlilər növbəti turda “Neftçi” ilə üz-üzə gələcək. Bir zamanların maraqlı derbisi artıq autsayderlərin duelinə çevrilib. Həm “Neftçi”, həm də “Kəpəz” bu görüşü dönüş nöqtəsi kimi düşünür. Kimdə alınacaq, zaman göstərəcək.

Daha bir uğursuz komanda “Səbail”dir. Şahin Diniyevin kollektivi 8 turda cəmi 4 xalı qazanıb – 1 qələbə, 1 heç-heçə. Qələbə “Kəpəz”lə, heç-heçə isə “Neftçi” ilə oyunda qeydə alınıb. Baş məşqçi Diniyev hər matçsonrası düzgün yolda olduqlarını vurğulayır, çoxlu qol epizodları yaratmaqlarından danışır. Amma komanda hələ qələbəyə həsrət qalır. Son oyunlarda komandanın ifasında ürəkaçan performans da yoxdur.

İndiki məqamda görünən odur ki, “Səbail” və “Kəpəz” elitada qalmaq uğrunda mübarizə aparacaq əsas komandalardandır. “Neftçi”nin də durumu yaxşı deyil, amma komanın heyətinin keyfiyyəti digərlərindən daha üstündür və “ağ-qaralar” da gec-tez “xodlanacaq”.

Kamil Əhməd

Seçilən
18
futbolpress.az

1Mənbələr