AZ

Sasunyan: “Əliyev Paşinyana diqtə edir”

“Fransa prezidenti Makron Paşinyanın yox, Ermənistanın maraqlarını qoruyur. Bu qeyri-adidir. Ermənistanın baş naziri isə BMT-dəki çıxışında Ermənistanın maraqlarını müdafiə etmir, əvəzində Fransa prezidenti Makron Ermənistanın maraqlarını müdafiə edərək qat-qat sərt danışır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “California Courier” qəzetinin baş redaktoru, erməni əsilli amerikalı Harut Sasunyan bildirib.

Onun sözlərinə görə, “Paşinyan özünü elə aparır ki, sanki Əliyev onun ən yaxın və əziz dostudur və onu incitmək istəmir. Amma Əliyev çox sərt çıxış edir. Paşinyan başa düşmür ki, o, ölkəyə necə rəhbərlik etməlidir, necə çıxış etməlidir”.

O Paşinyanla Ərdoğanın görüşünü də şərh edib:

“Ərdoğan bizim qaniçən düşmənimizdir. Çünki türk ordusu müharibədə böyük rol oynayıb. Ərdoğanla Əliyev müttəfiqdirlər, bəs Türkiyə necə vasitəçi sayıla bilər və digər vasitəçiləri kənarda qoya bilər? Azərbaycan və Türkiyədən başqa istənilən başqa ölkənin vasitəçiliyi müsbət ola bilər, çünki Paşinyan necə rəhbərlik etməyi bilmir və daim güzəştə gedir. Arada mənə elə gəlir ki, Paşinyan özünü 5 yaşlı uşaq kimi aparır. Başa düşmür ki, əzəli düşməninin yanında belə dayana bilməz. Paşinyan doğrudan da anlamır ki, həm Ərdoğan, həm Əliyev, həm də onların həyat yoldaşları ermənilərin əzəli düşmənləridir, onlara başqa ölkələrin liderləri kimi münasibət göstərmək olmaz”.

O, Azərbaycanın dayanıqsız tələblərindən danışarkən qeyd edib ki, Paşinyan gecə-gündüz sülh diləyir, lakin Azərbaycanın tələbləri azalmır, Əliyev isə hərbi texnikasını milyardlarla artırır. “Mən pis söz demək istəmirəm, məndə belə təəssürat yaranıb ki, Əliyev əslində Ermənistanın baş naziri kürsüsündə oturub və Paşinyanın addımlarını, qərarlarını diktə edir. Sülh mümkün deyil. Sülhə nail olmaq üçün hər iki tərəf bunu istəməlidir. Əgər bir tərəf sülh istəyirsə, digər tərəf məhv etmək istəyirsə, belə sülh mümkün deyil”.

Günel Mikayılova,

KONKRET.az

 

Seçilən
21
konkret.az

1Mənbələr