AZ

Vətən şəhidlərinə böyük ehtiram

Astara Pedaqoji Kollecində 44 günlük Vətən müharibəsində qanı bahasına Azərbaycanın yeni, şanlı zəfər tarixini yazan qəhrəman şəhidlər həmişə yad edilir, ehtiram əlaməti olaraq onların xatirəsini əziz tuturlar. Buda tələbələrin vətənpərvər böyüməsində böyük əhəmiyyət daşıyır. Onlar Vətəni necə sevməyi, doğma torpağı necə qorumağı şəhidlərdən öyrənirlər.

Adəti üzrə kollecin direktoru və əməkdaşları 27 Sentyabr Anım Günü münasibətilə də əvvəlcə rayonda yerləşən Şəhidlər xiyabanında olublar. Daha sonra sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan qeyrətli oğullardan mayor Kamran Fərəcovun, kapitan Şahnur Hüseynovun, baş leytenant Vüsal Kazımovun, kiçik çavuş Nurlan Rəhimovun, tankçı Arif Qeybiyevin məzarlarına baş çəkib, önünə tər güllər düzüblər.

Şəhidlər haqqında fəxrlə danışan ziyarətçilər bildiriblər ki, ölümü ilə ölməzlik qazanan qəhrəman Vətən övladların qanı bahasına elə bir qələbə qazandıq ki, bütün dünya buna heyrət etdi. Onların rəşadətli döyüş yolları zaman-zaman gələcək nəsillərə örnək olacaqdır.

1978-ci ildə Astaranın Səncərədi kəndində anadan olan, Vətəni canından çox istəyən Kamran Fərəcovun hərb sənətinə marağı onu Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Taktiki Tank Qoşunları komandirlər fakültəsinə aparıb. Oranı yüksək səviyyədə bitirib 1999-cu ildə leytenant rütbəsində Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Az müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsinə gedib. Ağdamda, Gəncədə, Goranboyda nümunəvi xidməti ona hörmət qazandırıb. 2020-ci ilin sentyabrın 20-də könüllü təlimlərə qatılıb, yağıdan qisas almaq məqsədilə şəxsi heyəti döyüşə hazırlayıb. Kapitan Kamran Fərəcov İkinci Qarabağ müharibəsinin ilk günlərində peşəkar zabit kimi ön cəbhəyə yollanıb. Cəbrayılda, Qubadlıda Vətənə sonsuz məhəbbətini, cəsurluğunu odlu-alovlu döyüş meydanında təsdiq edib. Mayor rütbəsini alıb. Neçə-neçə savaşdan zəfərlə çıxan igid, qorxmaz komandir oktyabrın 21-də Qubadlıda şəhadətə qovuşub.

Şəhid mayor ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb. Hazırda qoyub getdiyi halal ailə ocağında 2 əkiz qızı- Dəniz və Şəms ataların adına layiq boy atırlar.

Azərbaycan Ordusunun zabiti Şahnur Hüseynovun torpağa dərin sevgisi Aprel döyüşlərində özünü açıq-aydın göstərib. Lələtəpədə qələbə bayrağımızın ucalmasında həmişə öndə gedib. Vətən torpaqlarının işğalına qarşı barışmaz mövqe tutan kapitan 44 günlük haqq savaşımızda bir gün döyüşlərdə olub. Amma illərə sığmayan bir qəhrəmanlıq tarixi yazıb. Füzuli uğrunda yağının kabusuna çevrilən qəhrəman elə burada şəhidlik zirvəsinə ucalıb. Doğulub boya-başa çatdığı Astarada uğrunda qan tökdüyü torpağa tapşırılıb. Milyonların ürəyinə köç edən Şahnur həm də dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə “, “Füzulinin azad olunmsına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

İki ali təhsil almış baş leytenant Vüsal Kazımov Vətən müharibəsində Füzuli əməliyyatlarda, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın azadlığı uğrunda erməni dığalarına qan qusdurub. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə danışıb. Şuşada qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələrək Vətən eşqli ürəyi əbədi dayanıb. Dünyaya göz açdığı Lənkəran rayonunun Yuxarı Nüvədi kəndidə müqəddəs saydığı torpağa baş qoyan Vüsal Kazımovun layiq olduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallar gələn nəsillərə onun qəhrəmanlığndan bir nümunədir. Həm də onun qızlar Nuray, Aynur hər dəfə atalarının əsl igidlik göstərib qazandığı medallara qürurla baxırlar.

İşğalçı düşməndən qisas alacağı günü gözləyən Nurlan Rəhimov 1981-ci il Astara şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan bu, Vətən sevdalısı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən 30 il Ermənistanın əsarətində qalan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rəhimov sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində böyük şücaət göstərərək şəhadətə yetib. Örnək olacaq bir tarix yazan igid döyüşçü ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Vətənə əmanət qoyduğu Əlövsət və Səidə adlı övladları var.

Astara rayonu, Səncərədi kəndinin qəhrəman oğlu, “Vətən uğrunda”, “Füzulini azad olunmasna görə medallarının sahibi Arif Qeybiyev 2016-ci ildə Astara Pedaqoji Kollecinin idman fakültəsini bitirib. İdmanda uğurları çoxdur. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışların iştirakçısı, Yeniyetmələr arasında Respublika çempionu adını qazanıb. Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də minaya düşən dostunun tankını xilas etmək istəyərkən erməni snayperinin gülləsi ömrünü yarımçıq qoyub. Gülnur adında bir qız övladını bizlərə yadigar saxlayan Zəfər şəhidimiz Astaranın Ərçivan kəndində torpağa tapşırılıb.

Bəli, Vətən torpaqlarını azad edib bizə qələbə sevincini yaşadan hər bir şəhidə borcluyuq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
18
ikisahil.az

1Mənbələr