AZ

Şəxsiyyət vəsiqələri ilə bağlı mühüm yenilik

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı mühüm yenilik gözlənilir. Belə ki, ölkəmizdə şəxsiyyət vəsiqələrinin rəqəmsallaşdırılması nəzərdə tutulub.

Məlumat üçün deyək ki, Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı islahatlar ötən əsrin 90-cı illərinin sonlarında başlayıb. 2001-ci ilin sentyabrından sovetdən qalan pasportlar tarixə qovuşub və müstəqil Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi həyata keçirilib. Zaman keçdikcə şəxsiyyət vəsiqələrinin də yeni dövrün çağırışlarına uyğunlaşması zərurəti yaranıb. 2014-cü ildə dövlət başçısının sərəncamı ilə aidiyyəti qurumlara yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün müvafiq tədbirlər görülməsi və bu işin 2018-ci il sentyabrın 1-dək başa çatdırılmasını təmin etmək tapşırılır. Həmin tarixdən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilib. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir. İndi isə sırada rəqəmsal şəxsiyyət vəsiqələrinə keçid var. Bununla da bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. 2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır. Beləliklə, Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək. Vətəndaş eyni zamanda “mygov” tətbiqində şəxsiyyət vəsiqəsi məlumatlarını nə zaman, harada və hansı müəssisəyə təqdim etdiyi ilə bağlı tarixçəylə tanış ola biləcək.

Şəxsiyyət vəsiqələrinin “mygov” üzərindən təqdim olunması müəssisələrə əməliyyatların sadələşdirilməsi və sürətlənməsi, fiziki şəxsiyyət vəsiqələrinə ehtiyacın azaldılması və kağızdan istifadənin minimuma endirilməsi kimi üstünlüklər təqdim edəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qurumların bu prosesi daha çox xidmət sahəsinə inteqrasiya etməsinin təşviqi istiqamətində işləri davam etdirir.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” üzərindən təqdim olunan nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları da həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Bu ilin sonunadək isə dövlət tərəfindən təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sözlərinə görə, qeyd olunan sənədlər  həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 faizini təşkil edir.

Nazir qeyd edib ki, bu ilin axırına kimi bu sənədlərin tam rəqəmsallaşdırılması ilə bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək: “İlin sonunadək bu dəyişiklikləri etməklə, biz hesab edirik ki, dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev isə deyib ki, Azərbaycanda müxtəlif yerlərdə vətəndaşın şəxsiyyət vəsiqəsinin alınaraq sürətinin çıxarılaraq saxlanılması fərdi məlumatların mühafizəsi baxımından ciddi risklər yaradır. O, bildirib ki, rəqəmsal şəxsiyyət vəsiqəsi ideyası bu səbəblərdən irəli gəlib: "Artıq vətəndaş rəqəmsal formada şəxsiyyət vəsiqəsini "mygov" üzərindən təqdim edə bilər. Daha sonra təqdim etmək ilə bağlı tarixçə ilə tanış olur. Bu da ona fərdi məlumatlara daha yaxşı şəkildə nəzarət etməyə imkan verir. Gələcəkdə fərdi məlumatların mühafizəsinin təmin edilməməsi ilə bağlı risklərin ötürülməsi də bu platforma vasitəsilə mümkün olacaq. Bu gün artıq biz özəl sektorda və dövlət qurumları ilə rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi istiqamətində ciddi işlər görürük. İlin sonuna qədər ən azı bizim tərəfdaşlıq etdiyimiz tərəflər çərçivəsində 3 mindən çox nöqtədə tam şəkildə bizim birgə iştirakımızla bunun tətbiqinə nail olacağıq. Digər subyektlərdə də bunların tətbiqi mümkün olacaq. Vətəndaşlarda bu prosesdə aktiv iştirak etməlidirlər",

Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ildən sonrakı dövrdə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə edən vətəndaşların sayının 3,5-4 milyona çatdırılması planlaşdırılır: "Biz heç vaxt bütün 10 milyon əhalini əhatə etməyəcəyik, çünki onların arasında körpələr və yaşlı insanlar var ki, onlar rəqəmsal texnologiyalardan aktiv istifadə edə bilmirlər. Əminik ki, 2026-cı ilə qədər minimal rəqəmsal savadı olan əhali seqmenti, xüsusilə tələbələr və 16 yaşdan yuxarı vətəndaşlar üçün rəqəmsal platformalardan istifadəni təmin edə biləcəyik. Bizim hesablamalarımıza görə, bu, təxminən, 1 milyon nəfərdir".

Kağızsız sənəd dövriyyəsinə tam keçid məsələsinə toxunan Ş.Əliyev vurğulayıb ki, bu proses digər ölkələrdə olduğu kimi, mərhələli şəkildə həyata keçirilir: "1-2 il ərzində kağızdan tam imtina etmək mümkün deyil və kağızın tamamilə istifadədən çıxarıldığı ölkə yoxdur. Azərbaycanda artıq dövlət qurumları arasında rəqəmsal sənəd dövriyyəsi sistemi fəaliyyət göstərir. Növbəti addım vətəndaşların dövlətlə bütün qarşılıqlı əlaqələrini kağızsız formada aparmaq imkanının təmin edilməsi olacaq, daha sonra isə bu prosesə özəl sektor da cəlb olunacaq".

İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz də hesab edir ki, bu proses başa çatandan sonra vətəndaşın cibində, yaxud portmanatında qeyd olunan kağız sənədləri daşımağa ehtiyac qalmayacaq: “Vətəndaş istənilən dövlət və ya özəl quruma, istənilən məmura yaxınlaşanda sadəcə telefonunu çıxarmaqla ən azı 4 sənədi təqdim edə biləcək. Bununla bağlı müvafiq qanunlarda dəyişikliklər ediləcək. Dəyişikliklərdə söhbət ondan gedir ki, bir sıra sənədlər rəqəmsal sənəd statusuna malik olacaq. Yəni siz telefonu çıxarıb MyGov-da şəxsiyyət vəsiqəniz haqqında məlumatı təqdim edəndə qarşı tərəf onu məlumat yox, sənəd olaraq qəbul edəcək. Xatırladıram ki, bu məsələ ölkədə rəqəmsal hökumət quruculuğuna sistemli formada başlanan 2010-cu illərdən bu yana həmişə müzakirə predmeti olub. Qonşu ölkələrin bir çoxu bu mərhələni keçiblər. Xatırlayıram ki Qazaxıstan vətəndaşlarının mobil telefonunda 20-dən çox sayda sənədin rəqəmsal versiyası var. Ümid edirəm, İRİA rəqəmsal transformasiyanı daha da sürətləndirəcək. Tam məsuliyyətlə qeyd etmək olar ki, bundan sonra ölkədə rəqəmsal transformasiya prosesləri hədsiz dərəcədə yüksələcək, məmur vətəndaş münasibətləri daha da rəqəmsallaşacaq, xidmətlər daha rahat formada əldə olunacaq və təmassız olacaq”.

Seçilən
17
hafta.az

1Mənbələr