AZ

Bu göstərici üzrə MDB-də mövqeyimiz xeyli geriləyib...

Image

İlqar Hüseynli: “Hansısa rayonda xəstəxananın travmatoloji şöbəsi yoxdursa, o şöbənin çarpayısı da yoxdur”

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında xəstəxana çarpayılarının sayına görə Azərbaycan sonuncu sırada yer alıb. Belə ki, son 10 ildə - 2013-2023-cü illər ərzində Azərbaycanda hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayı 47-dən 38-ə düşüb. 

Məlumat üçün qeyd edək ki, MDB ölkələrində hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayına görə ən yaxşı vəziyyət Belarusda qeydə alınıb. Açıqlanan son məlumata görə, Belarusda hər 10 min nəfərə düşən xəstəxana çarpayılarının sayı 82 olub. Eyni zamanda hər 10 min nəfərə Özbəkistanda 47, Ermənistanda 41, Ruisyada 78, Qazaxıstanda 54, Moldovada 69, Qırğızıstanda 39, Tacikistanda isə 45 xəstəxana çarpayısı düşüb. 

Maraqlıdır, Azərbaycan sözügedən göstəricilərə görə niyə MDM-də sonuncu yerdədir?

“Bütün bunlar avtomatik olaraq xəstəxanalarda çarpayı sayının azalmasına gətirib çıxarır” 

Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda səhiyyə sistemində son illər özəl səhiyyə müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artmağa başladı. Bu artımlar nəticəsində özəl klinikalar səhiyyə xidmətlərinin müəyyən yükünü üzərlərinə götürdülər. Düzdür, bir sıra MDB ölkələrində də bu proseslər getdi, amma Azərbaycanda daha sürətlə vüsət aldı. Özəl müəssisələrdəki çarpayılar orada yer almır. Bu, məsələnin bir tərəfi. İkincisi, Azərbaycanda çox böyük dəmiryol xəstəxanası şəbəkəsi var idi. Həmin xəstəxana şəbəkəsinin böyük hissəsi fəaliyyətini dayandırdı. O cümlədən, Biləcəridə yerləşən dəmiryol xəstəxanası. Beləcə, xəstəxanalarda çarpayıların sayı azalmağa başladı. Dövlət sektorunda İcbari Tibbi Sığortaya keçid artıq xəstələrə şərait yaradır ki, onlar İcbari Tibbi Sığorta Agentliyi ilə müqavilə əsasında fəaliyyət göstərsin. Yəni vətəndaşlar özəl klinikalarda da pulsuz səhiyyə xidməti ala bilirlər. Bu da bilavasitə bizim vətəndaşlarımızın özəl sektorda İcbari Tibbi Sığorta imkanları daxilində xidmət alması deməkdir. Digər tərəfdən, bizdə bəzi xəstəxanalar var ki, publik hüquqi şəxslərdir. Mərkəzi Klinik Xəstəxana, Bakı Sağlamlıq Mərkəzi və s. Bunlar da son modern texnologiya əsasında hazırlanmış çarpayılarla təchiz edilib və tibbi sığorta çərçivəsində fəaliyyət göstərirlər. Düzdür, regionlarda səhiyyə mərkəzlərinin olmaması, müəyyən kadrların, xüsusi tibbi personalın çatışmazlığı bəzi xəstəxanaların fəaliyyətini dayandırmasına gətirib çıxarıb. Məsələn, hansısa rayonda xəstəxananın travmatoloji şöbə yoxdursa, o şöbənin çarpayısıda yoxdur. Niyə belə bir şöbə yoxdur, çünki həkim travmatoloq yoxdur. Bütün bunlar avtomatik olaraq xəstəxanalarda çarpayı sayının azalmasına gətirib çıxarır”.

Vidadi ORDAHALLI





Seçilən
32
baki-xeber.com

1Mənbələr