AZ

Qarabağ və Qərbi Azərbaycan vahid problemdir - Məlahət Həsənova

Yazını böyüt
Yazını kiçilt

2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusunun Ermənistanın işğalçı hərbi qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı regionda erməni havadarlarına tarixin böyük bir dərsini verdi. Azərbaycan ərazilərində bəslənən işğalçı Ermənistan ordusunun, separatçı dəstələrinin qovulduğu 44 günlük savaş, antiterror əməliyyatları və aparılan sülh danışıqları müstəvisində regionun geosiyasi mənzərəsini dəyişməklə yeni reallıqlar yaratdı. İndi əsas məsələlərdən biri qərbi azərbaycanlıların öz doğma el-obalarına layiqli qayıdışının təminidir. Müsahibimiz millət vəkili Məlahət Həsənovadır.

- Vətən Müharibəsində əldə etdiyimiz Zəfərdən 4 il keçir. 27 sentyabr tarixi hansı reallığı ortaya qoydu?

- 44 günlük Qarabağ müharibəsi, eləcə də birgünlük antiterror əməliyyatında Azərbaycan bütün dünyaya, beynəlxalq təşkilatlara, eləcə də Ermənistana bir daha göstərdi ki, bu torpaqlar bizim tarixi ərazilərimizdir. İgid oğullarımız onunhər qarışına görə mübarizə aparıb canından keçməyə hazırdılar. Bu məqamı xüsusilə qeyd etməliyik ki, müharibə başqa bir coğrafiyada deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri daxilində baş verdi. Azərbaycanın tarixi əraziləri Ermənistan və havadarlarının diktəsi, revanşist siyasəti nəticəsində münaqişə ocağına çevrilmişdi. 30 ildən artıq müddətdə beynəlxalq güclər, Minsk qrupu gərginliyi olduğu kimi saxlamaqla vəziyyəti Ermənistanın xeyrinə dəyişməyə çalışdılar.  27 sentyabrda başlanan və 44 gün davam edən Vətən Müharibəsi dövlətimizin, xalqımızın taleyini kökündən dəyişməklə uzun illər pozulan hüquqlarını bərpa etdi.

Qələbəmiz dövlətimizin, xalqımızın qürurunu, ləyaqətini özünə qaytarmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarixi dərs verdi. Bununla yanaşı, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, humanist prinsipləri əsas tutub Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla bərabər hüquqa malik olduğunu bəyan etdi. Azərbaycan dövlətinə qarşı heç bir cinayətdə əli olmayan mülki ermənilərə rəsmi olaraq bəyan edildi ki, qanunvericilik çərçivəsində Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirlərsə, qalıb yaşasınlar. Ermənilər Qarabağda yaşamaqdan imtina etdilər. Könüllü olaraq kütləvi şəkildə ərazilərimizi tərk edib Ermənistana getdilər. Onları Azərbaycanda məcbur saxlamaq düzgün deyildi və təbii ki, getmək də onların təbii haqqıdır. Əslində qalmaq istəməmələri də aydındır. Qarabağda yaşayan ermənilərin əksəriyyəti azərbaycanlılara qarşı cinayət törədənlərdir. Qərbin, Avropanın müəyyən dairələri məhz bundan istifadə edərək Azərbaycanı ermənilərə qarşı “etnik təmizləmə” aparmaqla günahlandırmağa çalışır, guya hüquqları pozulan ermənilərin müdafiəsinə qalxırlar. Təbii ki, bütün bunlar absurddur və tarixən Azərbaycan dövlətinə qarşı aparılan imperialist siyasətin formasını dəyişən siyasətidir.

- Vətən Müharibəsi qarşımızdakı hansı maneələri aradan qaldırdı?

- 27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyevin “haqq və ədalət uğrunda irəli” əmrindən sonra qısa müddət ərzində tarixdə görünməmiş zəfər qazandıq. Sözsüz ki, bu zəfər qəhrəman oğullarımızın şəhidliyi, Milli Ordumuzun igidliyi sayəsində baş tutdu. Qələbəmizi şərtləndirən ən vacib məsələ çox güclü, müdrik sərkərdəmizin, Ali Baş Komandanımızın olması idi. Bizim 1-ci Qarabağ müharibəsində də çox qəhrəman oğullarımız var idi və onlar ölümdən qorxmadan əliyalın tankların qarşısına çıxmışdılar. O dövrün Ali Baş Komandanı yerində olmadığına görə,  həmin insanların canlarından keçmələri nəticəsiz qaldı, nəinki torpaqlarımızı geri aldıq, əksinə, böyük ərazilərimiz işğal edildi. 2020-ci ildə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə "haqq-ədalət uğrunda irəli" əmri Qarabağ məsələsini kökündən həll etdi və bundan sonra tarixi Azərbaycan torpaqlarından qaçqın salınan azərbaycanlıların geri qayıdışı, haqlarının qorunması məsələsi gündəmə gəldi. Zəngəzur dəhlizinin açılması mütləqdir. Zəngəzur dəhlizinin açılması 2020-ci ildə üçtərəfli müqavilədə öz əksini tapıb. Ermənistan və onun havadarları nə qədər istəsələr də, bunun qarşısını ala bilməyəcəklər.

Qərbi Azərbaycana qayıdış da, Zəngəzur dəhlizi də, Göyçə, İrəvan - bütün bu məsələlər 44 günlük müharibədən, eyni zamanda, antiterror əməliyyatından sonra daha da aktuallaşdı. Ümumiyyətlə, rəsmi də olsa, qeyri rəsmi də olsa belə bir deyim var: Qərbi Azərbaycana yol Şuşadan gedir və Qərbi Azərbaycanın darvazasının açarı Qarabağ probleminin həllindən sonra gəlir. Qarabağ problemi həll olunmasaydı, biz Qərbi Azərbaycan haqqında heç vaxt danışa bilməzdik. Bəlkə də bu heç də təsadüfi deyil. Bilirsiniz ki, Şuşa qalasının üç qapısı olub - Təbriz, Gəncə və İrəvan qapıları. Vaxtilə tarixdə Qarabağın baş kəndi, tacı olan Şuşa qalasının İrəvan qapısı elə Qarabağ probleminin həlli, Qərbi Azərbaycana qayıdış yolunun başlanğıcıdır. İstər Qarabağ, istər Qərbi Azərbaycan məsələsi olsun, bu, vahid bir problemdir.

Prezidentin istər Xankəndidə, istərsə də Milli Məclisdəki çıxışı bu baxımdan  Azərbaycanın gələcəyinə strateji baxış, yol xəritəsidir.

1987-1991-ci illərdə baş verən azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya məsələsi beynəlxalq təşkilatların gündəliyinə daxil olmuş olsaydı, Qarabağ məsələsi bəlkə də bu qədər ağır formada baş verməzdi. O dövr həqiqətən də Azərbaycanda bir sahibsizlik dövrü idi. SSRİ dağıldı, SSRİ-yə daxil olan respublikalar müstəqillik qazandı. Buna görə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT, eləcə də ayrı-ayrı dövlətlər artıq SSRİ-nin daxilindən ayrılan respublikaların müstəqilliyini tanıdılar. Müstəqilliyini tanıyanda da ərazi bütövlüyünü də tanıyıblar. Ermənistanın müstəqilliyi və ərazi bütövlüyü tanınanda artıq gec idi. Qərbi Azərbaycan problemi qaldı, çünki artıq Qarabağ münaqişəsi başlamışdı. 1991-92-ci illərdə hakimiyyətdə olanlar elə bir halda idilər ki, onların bu məsələni qaldırmaq niyyətləri olsaydı da belə, buna nə cəsarətləri, nə qüdrətləri, səviyyələri, savadları yox idi. Məsələ mürəkkəbləşmişdi və Ermənistan artıq həmin ərazidə müstəqil dövlət kimi tanınırdı.

Bildiyiniz kimi, 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana gəlmişdi. Moskvanın da, dünya erməniliyinin də qorxusu o idi ki, birdən Heydər Əliyev Azərbaycan hakimiyyətinin başına gələr. Daxildəki və xaricdəki qüvvələr ümummili liderin Bakıya gəlməsini istəmirdilər. 1993-cü ildən sonra istər Qarabağ məsələsi, istərsə də məcburi köçkünlərin problemləri ulu öndərin zamanında ciddi bir məsələ kimi dövlətin masasında oldu. Nəinki Qarabağ, artıq elə durum idi ki, Yevlax da, Bakı, Qazax, sərhəd bölgələri də təhlükə altında idi. Ulu Öndər böyük xarizması, gücü, müdrikliyi - bütün varlığı ilə işğalı da dayandırdı, “Əsrin müqaviləsi” də bağlandı... Bunları deməkdə məqsədim odur ki, qeyd etdiyim kimi, artıq ictimaiyyətdə Qərbi Azərbaycan məsələsini hər kəs - bütün Azərbaycan xalqı belə qolunu çırmayıb meydana atılsaydı, heç bir nəticəsi olmayacaqdı. Əksinə, Azərbaycanı Ermənistanın daxilinə təcavüz edən bir ölkə kimi qəbul edəcəkdilər. Ona görə də Ulu Öndər uzaqgörən siyasətini işə saldı. Getdiyi ölkələrdə Qarabağı anladırdı. Qarabağla bağlı ermənilərin informasiya blokadasını darmadağın etdi. Qarabağ problemi dünya ictimaiyyətinə çatdırıldı. Onun nəticəsi idi ki, başda Təhlükəsizlik Şurası olmaqla, bütün beynəlxalq təşkilatlar Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu və qeyd-şərtsiz silahlı birləşmələrin çıxması sənədlərdə əksini tapırdı. Bu baxımdan, Qarabağ problemi həll olunmamış Qərbi Azərbaycan məsələsi gündəmə gələ bilməzdi. Bu, o demək deyil ki, Qərbi Azərbaycan məsələsi unudulmuşdu. Elə ulu öndərin çıxışlarına baxsaq görürük ki, o, hər dəfə qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıdacağını deyib.

-  Ermənistan yenidən “Dağlıq Qarabağ” deyə danışmağa başlayıb və “etnik təmizləmə” altında hay-küy salmaqda davam edirlər. Bəs Azərbaycanın tarixi yurdundan qovulan əhalisinin - qərbi azərbaycanlıların aqibəti və hüquqlarının qorunması ilə bağlı məsələlər nə dərəcədə gündəmə gətirilir?

- Təbii ki, Azərbaycan dövləti müharibədən sonra necə etnik ermənilərə dövlətin qanunları müstəvisində sahib çıxmağa, onların hüquqlarını qorumağa hazır olduğunu bəyan etmişdisə, Ermənistandan da belə bir münasibət gözləyir. Gözləyirik ki, Ermənistan tərəfi qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı proqramını, planını bəyan edəcək və soydaşlarımız Ermənistanın konstitusiyası çərçivəsində orada təhlükəsiz yaşayacaqlar. Əsas odur ki, bu qayıdış prosesi ləyaqətli şəkildə təşkil olunsun. İnanırıq ki, imzalanacaq sülh müqaviləsi qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaları üçün də çox böyük hüquqi bir çərçivə olacaq. Yəni, erməni diasporu, erməni lobbisi, erməni revanşistləri, rəsmi İrəvan bilməlidir ki, qərbi azərbaycanlılar bu yoldan geri çəkilməyəcək, öz yurdlarına dönmək üçün mübarizə aparacaqlar. Qərbi Azərbaycan bütövlükdə bizim vətənimizin bir parçasıdır.

Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmaları, reinteqrasiyası üçün Ermənistan hökuməti tərəfindən konkret tədbirlər görülməlidir. Qərbi Azərbaycan İcmasının qəbul etdiyi konsepsiyada bütün beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə, dünyaya bəyan olunub ki, 1987-1991-ci illərdə qərbi azərbaycanlıların zor gücü ilə qovulmuş, deportasiya, etnik təmizləmə, soyqırıma məruz qalmış 300 mindən artıq əhalisi öz yurduna qayıtmalıdır. Bu qayıdış da beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Beynəlxalq hüquq diqtə edir ki, Qərbi Azərbaycandan qovulmuş 300 mindən artıq soydaşımız öz yurd-yuvalarına qayıtmağa hüquqi təminatı var. Buna görə də Ermənistan hökuməti istəsə də, istəməsə də BMT-yə üzv ölkə kimi bu onun öhdəliyindədir və bu öhdəliyi yerinə yetirməyə məcburdur. Qərbi azərbaycanlıların oradakı evləri əgər dağıdılıbsa, Ermənistan onlara təzminat ödəməlidir. Qərbi Azərbaycan İcması olaraq bu məqsəd və hədəfimizdən bir addım da geri çəkilməyəcəyik. Bu istiqamətdə də prinsipial, ardıcıl və beynəlxalq hüquq çərçivəsində işlər görülür. Əminik ki, qərbi azərbaycanlılar mütləq öz yurd-yuvalarına qayıdacaqlar. Bildiyiniz kimi, Ermənistanın demoqrafiyasında ciddi problemlər var, əhalinin artımı çox böhran vəziyyətdədir, əhalinin gənc təbəqəsi ölkəsini tərk edir. Ermənistanda demək olar ki, ölüm doğumdan çoxdur. Yəni qərbi azərbaycanlıların qovulduğu rayonların kəndləri emək olar ki, tamamilə boş qalıb.

Heç şübhəsiz, əsas məqsədlərimizdən biri 2020-ci il 27 sentyabrda başlayan və 44 gün ərzində əldə olunan Zəfər və onun cızdığı Yolun üzərində ermənilərin nəzarətində olan Zəngəzur yolu ətrafı ərazilərindən qaçqın düşən azərbaycanlıların geriyə qayıdışını təmin etmək, məskunlaşdırma aparmaqla, həmin ərazilərin Azərbaycan tərəfindən abadlaşdırılması, infrastruktur layihələrinin yenilənməsi, kommunikasiya xətlərinin açılmasına nail olmaqdır. Prezidentin də dediyi kimi bu, bütövlükdə region ölkələrinin iqtisadi inkişafına da səbəb ola biləcək amillərdən biridir.

Seçilən
29
hafta.az

1Mənbələr