AZ

Murovdağda düşməni lərzəyə salan gənc zabit...

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Rəşad Arif oğlu Abdullayevdir.
Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Prişib (indiki Göytəpə) qəsəbəsində anadan olub. Rəşad Abdullayev 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub.  2003-cü ilə qədər həmin məktəbdə təhsil alan Rəşad Abdullayev IX sinifdən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 2006-cı ildə hərbi liseyi bitirən Rəşad Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirən Rəşad Abdullayev “motoatıcı” ixtisasına yiyələnərək leytenant rütbəsi ilə xidmətə başlayıb. 
 
Rəşad Abdullayev daha sonra leytenant rütbəsi ilə “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb. Xidmət dövründə peşəkarlığı ilə seçilən Rəşad Abdullayev komandanlığın diqqətini cəlb edib. Gənc zabit Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçmək üçün “N” saylı hərbi hissədə kurs keçib. Öz peşəkarlığı ilə burada da diqqət çəkən Rəşad Abdullayev Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin edilib. Gənc zabit  2014, 2015, 2017, 2019-cu illərdə xarici ölkələrdə xüsusi kurslar keçərək peşəkarlığını daha da artırıb. İştirak etdiyi bütün kursları fərqlənmə ilə başa vuran Rəşad Abdullayev 2016-cı il aprel döyüşlərində də qəhrəmanlıq göstərib. Aprel döyüşləri zamanı baş  leytenant Rəşad Abdullayev “keçilməz Ohanyan səddi”nin darmadağın olunmasında yüksək döyüş bacarığı nümayiş etdirib. 
 
Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev “Hərbi xidmətlərə görə”  medalı ilə təltif edilib.
 
Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları zamanı Rəşad Abdullayev döyüşlərə Murovdağ istiqamətində başlayıb. Hərbçi yoldaşları ilə birgə müharibənin ilk günlərində Murovdağ istiqamətində 30-a yaxın erməni postunu darmadağın edib. Düşməni lərzəyə salan neçə-neçə əməliyyatların iştirakçısı olan Rəşad Abdullayev 2020-ci ilin sentyabrın 29-da Kəlbəcər istiqamətində qəhrəmancasına döyüşərək şəhid olub. Rəşad Abdullayev oktyabrın 2-də Göytəpə şəhər qəbiristanlığında dəfn olunub. Rəşad Abdullayevin özündən sonra iki övladı yadigar qalıb. 
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Abdullayev Rəşad Arif oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Rəşad Abdullayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Seçilən
9
moderator.az

1Mənbələr