AZ

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü baş tutacaqmı?

Image

Əli Orucov: "Faktiki olaraq, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıqda deyil, problemlərin uzadılmasında və dondurulmasında maraqlıdır"

Moskva Azərbaycan-Ermənistan münasibətlərində təşəbbüskarlığı yenidən ələ almağa cəhd göstərir. Belə ki, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərin sualını cavablandırarkən deyib ki, oktyabrda baş tutacaq MDB və ya BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:

"Əgər onlardan təklif gələrsə, biz hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq".

Məlum olduğu kimi, Ermənistan 17 maddəlik sülh müqaviləsindən 4 əsas maddəni çıxarıb, 13 maddəlik sulh müqaviləsi imzalamağı təklif edir. Azərbaycan da mövqeyindən çəkilmək fikrində deyil. Rusiyada keçirilməsi gözlənilən görüş baş tutsa, bu, dalana dirənmiş prosesin yenidən irəliləməsinə töhfə verə bilərmi?

Həmsöhbətimiz, politoloq Əli Orucov bildirdi ki, Rusiyanın beynəlxalq sanksiyalara məruz qalmasına və Ukrayna müharibəsində düşdüyü çətin duruma baxmayaraq Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana  təsir imkanları qalır: "Eyni zamanda, Moskva hər iki dövlətlə müttəfiqdir. Rusiya Ermənistanla KTMT çərçivəsində hərbi, Avrasiya İqtisadi İttifaqındə iqtisadi, həmçinin siyasi, Azərbaycanla da strateji müttəfiqdir. Hər üç ölkə MDB-də təmsil olunur. Rusiya tarixən Cənubi Qafqazı öz təsir dairəsi hesab edib və bu regionun şəriksiz sahibi kimi özünü aparıb. Ermənistan hakimiyyəti özünü Qərbpərəst kimi təqdim etməyə cəhd göstərsə də, mahiyyət etibarı ilə bu dövlət rusiyapərəst hesab olunur. Bütün bunları diqqətə alsaq, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının tezləşdirilməsinə Kreml amili ciddi təkan verə bilər. Lakin müşahidələrimi, Rusiya rəsmilərinin verdiyi bəyanatları və Rusiyanın bölgə ilə bağlı ənənəvi siyasətini nəzərə alıb, sülh prosesinin sürətlənməsində, ümumiyyətlə, belə bir sazişin imzalanmasında maraqlı olduğunu söyləmək çətindir. Faktiki olaraq, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlığa deyil, problemlərin uzadılmasına, dondurulmasına maraqlıdır. Çünki Rusiya məhz millətlər arasında sınaqdan çıxartdığı "parçala və hökm et" prinsipinə əsaslanıb və münaqişələrə və ixtilaflara görə regionda qala bilib. Rusiya indiki dönəmdə də Cənubi Qafqaz ölkələri üçün cəlbedici və təhlükəsizlik təminatı verəcək dövlət deyil. Lakin Moskvanın əlində Ermənistan və Azərbaycana təsirli və effektli rıçaqların olduğu düşüncəsindəyəm. Sülh prosesinə mane olan səbəb təkcə 17 razılaşmadan 13-nün əldə olunması və 4 bəndin sazişdən çıxarılması deyil. Fikrimcə, ən böyük əngəllərdən biri bəzi Qərb ölkələrinin, əsasən də Fransanın qeyri-obyektiv, qərəzli mövqeyidir, destruktiv siyasi xəttidir. İstər Qərb, istərsə də Rusiya istəyir ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin diplomatik qaydaya salınmasında onların da maraqları təmin edilsin. Hər iki güc mərkəzi sülh sazişi məsələsinə də öz mənafeləri prizmasından yanaşdıqlarından rəqabət uzanır. Prosesə neqativlik gətirir. Bununla belə, tərəflər arasında təmasların çox olmasının ziyanı yoxdur. Gərginlikdən, qarşıdurmadansa dəyirmi masa ətrafında müzakirələr faydalıdır. Mən hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında substantiv və vasitəçisiz danışıqların aparılması sülh sazişinin imzalanmasını yaxınlaşdırar. İrəvan da gərək ikitərəfli formata üstünlük versin və buna sadiqliyini əməlində nümayiş etdirsin. Həlılik isə  Bakı sülh sazişinin imzalanması üçün ən çox təşəbbüs göstərən və buna can atan tək tərəfdir".

Dəniz NƏSİRLİ





Seçilən
5
baki-xeber.com

1Mənbələr