AZ

Ankara və İrəvan vaxt itirməməlidir! - Erməni nazir müavini

Rəsmi İrəvan Ermənistan-Türkiyə münasibətlərinin müsbət dinamikasından məmnundur, lakin bu istiqamətdə daha çox iş görülə biləcəyinə inanır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Kostanyan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Nyu-Yorkda keçirilən görüşə diqqət çəkib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam tənzimlənməsi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”, - Vahan Kostanyan vurğulayıb.

O, Ermənistan və Türkiyə liderlərinin görüşünü çox müsbət addım kimi qiymətləndirib və qeyd edib ki, hər iki ölkə liderləri bir-birinin mövqelərini başa düşməyə hazırdırlar.

Xarici işlər nazirinin müavini 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılmasına dair razılaşmanı xatırladıb.

“Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi buna hazırdır”.

Kostanyan gələcək əməkdaşlıq, xüsusən də Gümrü-Qars dəmir yolu əlaqəsinin bərpası ilə bağlı nikbin olduğunu bildirib. Onun fikrincə, bu, təkcə Ermənistan və Türkiyəyə deyil, bütün regiona iqtisadi fayda gətirəcək.

“Biz bilirik ki, hazırda bir çox tədarük zəncirləri bağlanıb və ya düzgün işləmir. Bu baxımdan Qars-Gümrü dəmir yolu Ermənistan üçün Avropaya, Türkiyə üçün Mərkəzi Asiyaya və Çinə açılan yeni qapı ola bilər”, - deyə o əlavə edib.

Nazir müavini erməni tərəfinin müxtəlif türk tərəfdaşlarına çatdırmağa çalışdığı mesajı təkrarlayıb: “Hərəkətə keçməyin vaxtı çatıb. Biz vaxt itirməməliyik”.

Seçilən
7
5
modern.az

6Mənbələr