AZ

“Barsa” və “Real” rekorda doğru gedir - İCMAL

La Liqa artıq İngiltərə premyer-liqasına bənzəməyə başlayır, ancaq sözün pis mənasında.

Məsələn, komandaların oyun sayındakı fərqə görə. Düzdü, bu həftə hamıda oyun sayı bərabərləşdi. Ancaq avrokubokların yeni formatı üzərindən irəlidə də bizi belə durum gözləyir. Beləliklə, sentyabrın 24-26-sı aralığında İspaniyada 7-ci turun 8 oyunu keçirildi. “Real Sosyedad” və “Atletik” turun oyununa bir neçə gün əvvəl çıxmışdı. San-sebastyanlılar “Malyorka”ya uduzmuş, Bilbao təmsilçisi isə “Leqanes”ə qalib gəlmişdi. Qalan 8 oyunda elə bir sensasiya qeydə alınmadı. Düzdü, “Real” az qala “Alaves”lə oyunda 3 top üstünlüyünü əldən verəcəkdi. “Barsa” isə evdə “Xetafe” üzərində çətin qələbə qazandı. “Real”ın çempionatda ən uzun məğlubiyyətsiz oyunlar seriyasına görə “Barsa”nın, kataloniyalıların özünün də mövsümün startında qələbə sayına görə Xerardo Martinonun rekordunu təkrarlamasına az qalır.

“Barselona” – “Xetafe” oyununda ilk təhlükəli vəziyyəti qonaqlar yaratdı. Solanın cərimə meydançasına asmasını Peres baş zərbəsi ilə tamamlasa da, Penya topu tutdu. Komandanın səviyyəsi rəqibi səhvlərinə görə soyuqqanlı şəkildə cəzalandıranda görünür. Kataloniyalılar bu baxımdan rəqibdən üstündü. 19-cu dəqiqədə Kundenin cinah asmasından sonra Soriya çıxışda səhvə yol verdi, topu əlindən buraxdı və belədə Levandovskiyə yalnız topu boş qapıya göndərmək qaldı. Topu nəinki qapıçının, qapının da yanından vuran Yamal da fərqlənməyə yaxın idi. Levandovskinin vurduğu daha bir qol ofsayd üzündən sayılmadı. Fasilədən sonra da oyunun axarı dəyişmədi. “Barselona” qənaət rejimi ilə hücum etdi, gah fəallaşdı, gah da sakitləşdi. Rafinyanın təhlükəli zərbəsinin qarşısını Soriya aldı, Yamalın zərbəsi tirdən döndü, Qarsiya bir neçə metrdən topu qapının üstündən vurdu. “Xetafe” əvəzetmələr hesabına oyunun axarını dəyişməyə çalışsa da, mümkün olmadı. Nəticədə “Barsa” ardıcıl 7-ci qələbinin sevincini yaşadı.

“Real” da çempionatda qələbə seriyasını 4-ə çatdırdı. Madridlilər 300-cü dəfə “sükan arxasında” olan Ançelottini qələbə ilə təbrik etmək istəyirdilər. Onlar ilk yarını əla keçirdilər. Artıq 1-ci dəqiqədə Vaskes hesabı açdı, fasiləyə az qalmış isə Mbappe “Real”ın üstünlüyünü artırdı. 2-ci hissənin lap əvvəlində Rodriqo fərqi darmadağın həddinə çatdırdı. Belə görünürdü ki, bununla da intriqa bitdi. Meydanda vəziyyətə tam nəzarət edən Ançelottinin komandası oyunu inamlı qələbəyə daşımalıydı. Gücünə qənaət etməyə çalışan “Real” artıq fikrən həftəsonu keçiriləcək Madrid derbisində idi. Ancaq “Alaves” konsentrasiyanı itirən “ağ şimşəklər”i sonda iki dəfə cəzalandırdı. Benavideslə Kike Qarsiya iki dəqiqə ərzində fərqi minimuma endirməklə intriqanı bərpa etdi. Meydan sahibləri açıq-aşkar əsəbləşdilər, basklar isə sonda daha bir neçə təhlükəli hücum qurdular. Ancaq hesab bərabərləşmədi, möcüzə mümkün olmadı. Ançelotti yubiley oyununda qətiyyən belə sonluq gözləmirdi. Hər halda, “Real” qələbə qazandı və “Barsa”nın uzaqlaşmasına imkan vermədi. Bazar günü isə bizi “Metropolitano”da möhtəşəm Madrid derbisi gözləyir. “Real” bir il əvvəl məhz bu stadionda sonuncu dəfə çempionat oyununda uduzub.

Yeri gəlmişkən, “Atletiko” son dəqiqə qolu ilə qələbə qazandı. “Hindular” ilk yarıda, ümumiyyətlə, oyun göstərmədi. “Selta” daha səviyyəli hücumlar qurur, ancaq bunları məntiqi sona çatdıra bilmirdi. Səbirlə dözən və şansını gözləyən madridlilər yeganə real qol imkanını sonuncu dəqiqədə əldə etdi. Qrizmann və Alvares məhz ustalığına görə La Liqada çıxış edən onlarla başqa forvarddan fərqlənir. Fransalı ötürmə verdi, argentinalı hesabı açdı. “Quru” qələbə “Atletiko”nu ilk “3-lüy”ə qaytarsa da, madridlilər oyununa görə heç-heçəyə də yox, məğlubiyyətə layiq idi.

Turun qalan oyunlarına gəlincə, “Jirona” və “Valensiya” evdə, uyğun olaraq, “Rayo Valyekano” və “Osasuna” ilə heç-heçə etdi. “Sevilya” “Valyadolid”ə qalib gəldi, “Betis” Kanar adalarından heç-heçə ilə qayıtdı, “Vilyarreal” isə səfərdə “Espanyol” üzərində əzmkar qələbə qazandı.

7-ci tur
Barselona – Xetafe 1:0

Levandovski, 19. (44407)
Barselona: Penya, Balde (Martin, 88), Martines, Kubarsi (Fort, 88), Kunde, Kasado, E.Qarsiya, Rafinya, Torre (Torres, 63), Yamal, Levandovski (Pedri, 77).

Real – Alaves 3:2
Vaskes, 1. Mbappe, 40. Rodriqo, 48 – Benavides, 85. K.Qarsiya, 86. (67480)
Real: Kurtua, Mendi, Militao (Valyexo, 80), Rüdiger, Vaskes, Bellingem, Çuameni, Valverde (Modriç, 69), Vinisius (F.Qarsiya, 90), Rodriqo (Endrik, 69), Mbappe (Gülər, 80).

Selta – Atletiko 0:1
Alvares, 90. (21533)
Atletiko: Oblak, Mandava, Ximenes, Le Norman, Molina (Korrea, 84), Simeone (Rikelme, 65), Qallaher, Koke (Alvares, 54), Lyorente, Qrizmann, Sörlot (De Paul, 65).

Sevilya – Valyadolid 2:1
Torres, 45-öz qapısına. Ecuke, 85 – K.Peres, 56. (35292)

Valensiya – Osasuna 0:0
(40425)

Jirona – Rayo Valyekano 0:0
(12272)

Espanyol – Vilyarreal 1:2
Karreras, 45+1 – A.Peres, 45+6; 63. (23147)

Las Palmas – Betis 1:1
Moleyro, 9 – Lo Çelso, 45+3. (22722)

Bu turun “Malyorka” – “Real Sosyedad” (1:0), “Leqanes” – “Atletik” (0:2) oyunları daha əvvəl keçirilib.

1. Barselona 7 7 0 0 23-5 21
2. Real 7 5 2 0 16-5 17
3. Atletiko 7 4 3 0 11-3 15
4. Vilyarreal 7 4 2 1 14-14 14
5. Atletik 7 4 1 2 11-7 13
6. Osasuna 7 3 2 2 8-11 11
7. Malyorka 7 3 2 2 6-5 11
8. Alaves 7 3 1 3 11-10 10
9. Rayo Valyekano 7 2 3 2 8-7 9
10. Selta 7 3 0 4 14-14 9
11. Betis 7 2 3 2 7-7 9
12. Jirona 7 2 2 3 8-10 8
13. Sevilya 7 2 2 3 7-9 8
14. Espanyol 7 2 1 4 7-11 7
17. Leqanes 7 1 3 3 4-8 6
16. Real Sosyedad 7 1 2 4 3-7 5
17. Valensiya 7 1 2 4 5-10 5
18. Valyadolid 7 1 2 4 3-15 5
19. Xetafe 7 0 4 3 3-6 4
20. Las Palmas 7 0 3 4 8-13 3


Bombardirlər: Levandovski (Barselona) – 7, A.Peres (Vilyarreal) – 6, Rafinya (Barselona), Mbappe (Real) – 5.

Turun rəqəmi
300 – Ançelotti baş məşqçi kimi “Real”ı 300-cü oyuna çıxardı. İtaliyalı mütəxəssis klub tarixinə bunu bacaran 2-ci baş məşqçi kimi düşdü. Onun hesabında 216 qələbə, 45 heç-heçə və 39 məğlubiyyət var. 2013-ün iyulundan 2015-in mayına qədər madridliləri çalışdıran mütəxəssis növbəti də 2021-in iyulunda “sükan arxasına” keçib. “Real”ın baş məşqçi kimi oyun sayına görə rekordçusu isə Migel Munyosdu. O, 1960-74-cü illər aralığında komandanı 605 oyuna çıxarıb (357 qələbə, 128 heç-heçə, 120 məğlubiyyət).

Turun ulduzu
Ayose Peres (Vilyarreal) – onun ötən tur “Barselona”nın qapısına vurduğu qol “sarılar”a heç nə qazandırmasa da, bu dəfə dublu komandasını liderlər qrupunda saxladı. “Turun ulduzu” olmaq uğrunda mübarizədə uzağı “Real”ın “qol+ötürmə” ilə yadda qalan cinah müdafiəçisi Vaskes Pereslə rəqabət apara bilərdi.

Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Barsa” çəutinlik çəkdi, bəzən sürət çatışmırdı. Belə oyunlar da olur. Biz imkandan yararlandıq, rəqib isə yox”.


Faktlar
* “Real” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 39-a çatdırdı. Ançelotti turnirin tarixinə bunu bacaran ilk mütəxəssis kimi düşdü. İtaliyalı 1979-80-ci illər aralığında “Real Sosyedad”ın baş məşqçisi kimi ardıcıl 38 oyunda uduzmayan Alberto Ormaeçeanın rekordunu yenilədi. “Real”ın məğlubiyyətsiz oyunlar seriyası uzunluğuna görə La Liqada ikincidi. Bu göstəricidə rekord 2017/18-ci illər aralığında ardıcıl 43 oyunda uduzmayan “Barselona”ya məxsusdu – həmin müddətdə komandanı Luis Enrike və Ernesto Valverde çalışdırıb.
* “Barselona” La Liqada 6500 qol həddinə çatan ilk klub oldu. “Real”ın hesabında 6499, “Atletiko”nun hesabında 4980 qol var.
* Flik “Barsa”nın La Liqadakı ilk 7 oyunda qalib gələn 3-cü məşqçisidi. Ernesto Valverde də 2017-də belə nəticə göstərib. Xerardo Martino isə 2013-də 8 qələbə ilə başlayıb.
* Mbappe “Alaves”in qapısına 26 ötürməlik kombinasiyadan sonra yol tapdı. Bu, La Liqanın cari mövsümündə ən yüksək göstəricidi.
* "Selta"nın 37 yaşlı hücumçusu Aspas klub tarixinə ən çox oyun keçirən ikinci futbolçu kimi düşdü. O, yetirməsi olduğu "Selta"da 500-cü oyuna çıxdı. Klub tarixində ən çox oyun (533) keçirən futbolçu isə Manolodu.
Seçilən
6
football-plus.az

1Mənbələr