AZ

Nazim Bəydəmirli məhkəmədə son söz dedi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinə bəraət istəyib və onu ekologiya məhbusu adlandırıb. Sonra Nazim Bəydəmirli son sözlə çıxış edib:

"Mən nə məni tutanlardan, nə də tutduranlardan şikayət eləmirəm. 2-ci mən heç bir cinayət törətməmişəm. Hazırkı şikayətçim Ədalət Bağırovla bağlı Baş Prokuror Kamran Əliyevlə, Daxili İşlər naziri Vilayət Eyvazov və baş idarə rəisi Əbülfət Rzayevlə görüşmüşəm. Qızıl zavodunun açılışında iştirak etdiyimə görə və həmin açılışla bağlı çıxışlarım olub. Mən nə muxalifət, nə də iqtidarda olmamışam, mən alım olmuşam. Hətta YAP-ın üzvü olmuşam. Prezident Cənab İlham Əliyevi həmişə dəstəkləmişəm. Guya mən Gədəbəy hadisələrinin təşkilatçısı olmuşam. Sadəcə xarici şirkətin necə texnoloji hadisələri pozmağı barədə məlumat vermişəm. Bunu Cənab İlham Əliyevdə öz çıxışında da edib. Mən heç zaman özümü siyasi məhbus saymamışam. Mən bəraət istəyirəm. 15 ay ailəmdən kənar qalmağımın özü mənim üçün bir əzabdır. Mən sifarişli məhkəmə olmağına inanmıram. Mən ancaq dövlətdən özünə çatan səhmləri istəmişəm. Mənə zərrə qədərdə heç bir hakimiyyət nümayəndəsinin iradı olmayıb".

Təqsirləndirilən şəxsin son sözündən sonra hakimlər müşavirəyə gediblər. 

Qeyd edək ki, dövlət ittihamçısı ötən məhkəmə prosesində Nazim Bəydəmirlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
5
unikal.az

1Mənbələr