AZ

Xanımlarının telefonları və pultlar: İsrail kəşfiyyatının "Hizbullah"a necə sızdığı açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İsrail Livanın "Hizbullah" hərəkatının keçmiş lideri Həsən Nəsrullahı bir neçə dəfə məhv etməyə çalışıb, lakin yalnız qrupa qarşı yanaşmasını köklü şəkildə dəyişdirdikdən və kəşfiyyat məlumatlarının toplanmasını yenidən qurduqdan sonra uğur qazana bilib".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Financial Times" kəşfiyyat rəsmilərinə istinadən yazır.
Keçmiş yüksəkrütbəli kəşfiyyat zabiti Miri Eysin qəzetə bildirib ki, İsrail son 20 ildə "Hizbullah" haqqında məlumat toplanmasını genişləndirib və təkcə hərbi qanadına deyil, həm də qrupun siyasi fəaliyyətinə, İranla, Suriya ilə artan əlaqələrinə diqqət yetirib.
Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsədə vətəndaş müharibəsində kömək "Hizbullah"ın strukturunu İsrailə açıb və aydın "kəşfiyyat mənzərəsi" əldə etməyə imkan verib - kimin vəzifəsi artırılıb, kim korrupsiyaya qurşanıb, kim hazırda sirli məqsədlə səfərdən qayıdıb və s. Eyni zamanda, "Hizbullah" ağır müharibə üçün yeni döyüşçülər cəlb edərkən İsrail casusları yerləşdirmək və potensial fərariləri tapmaq imkanı əldə edib.
Bundan əlavə, Suriya müharibəsi səbəbindən İsrail kəşfiyyatı üçün faydalı olan böyük həcmdə məlumat ictimaiyyətə açıq olub. Xüsusilə, "Hizbullah" tərəfindən mütəmadi olaraq dərc edilən "şəhid plakatı" şəklində nekroloqlar faydalı olub. Bu plakatlar həlak olmuş döyüşçünün mənşəyi, ölüm yeri, həmçinin bu məlumatı sosial şəbəkələrdə paylaşan tanışları haqqında xırda məlumatları ehtiva edib. Dəfn mərasimləri daha da əhəmiyyətli olub, çünki bu zaman qrupun yüksəkrütbəli komandirləri qısa müddətə də olsa, kölgədən çıxıblar.
Keçmiş yüksəkrütbəli Livan siyasətçisi qeyd edib ki, "Hizbullah"ın Əsədə dəstəyi İsrail kəşfiyyatının uğuruna gətirib.
Zaman keçdikcə İsrail "Hizbullah"a diqqəti artırıb: kəşfiyyat qarşısıalınmaz texniki üstünlüyə - casus peyklərə, mürəkkəb pilotsuz uçuş aparatlarına və telefonları dinləmə cihazlarına çevirən kiberhücumlara əsaslanırdı.
"Financial Times"ın araşdırmasına görə, İsrail o qədər çox məlumat toplayıb ki, xüsusi mütəxəssislər qrupu yaradılıb. Onlar terabaytlarla şəkli araşdırmaq üçün alqoritmlər yaradıblar ki, ən kiçik dəyişiklikləri aşkar etsinlər və yol kənarlarında əldəqayırma partlayıcı qurğuları, tunellər üzərində ventilyasiya dəliklərini və ya bunkerin əlaməti olan beton armaturun qəfil peyda olmasını tapsınlar.
İsrail növbəti "Hizbullah" döyüşçüsünü müəyyən etdikdən sonra onun hərəkətləri haqqında məlumat xüsusi bazaya daxil edilib. Həmin bazaya döyüşçünün həyat yoldaşının telefonu, avtomobilin odometr göstəricisi, başı üzərindən uçan pilotsuz təyyarə, sındırılmış müşahidə kameraları və hətta səsi yazmağa imkan verən müasir televizorun pultundan alınan məlumatlar da daxil edilib. Adi davranış modelindən hər hansı kənara çıxma İsrail kəşfiyyatı üçün həyəcan siqnalı olub və məsələn, tank əleyhinə bölmələrin ortasəviyyəli komandirlərini müəyyən etməyə imkan verib.
"İsrailin çoxlu imkanları var idi, bir çox kəşfiyyat məlumatları öz tətbiqini gözləyirdi. Biz bu imkanlardan bu müharibə zamanı daha əvvəl istifadə edə bilərdik, amma etmədik", - deyə keçmiş rəsmi deyib.
Son illərdə İsrail kəşfiyyatı vaxtaşırı olaraq, əsasən, bunkerlərdə yaşayan "Hizbullah" lideri Həsən Nəsrullahın yerini müəyyən edib.
Qəzetin mənbələrinin dediyinə görə, 2023-cü ilin oktyabrında İsrail HƏMAS-ın hücumuna və "Hizbullah"ın atəşinə məruz qalanda İsrail təyyarələri Nəsrullahın olduğu yeri bombalamaq əmri ilə uçub, lakin Ağ Evin əməliyyatı ləğv etmək tələbindən sonra bazaya qayıdıblar.
Nəticədə o, sentyabrın 28-də Beyrutun cənub ətrafında yeraltı qərargahda olarkən məhv edilib. Hücum cümə günü "Hizbullah" rəhbərliyinin müşavirəsi zamanı baş verib. "Le Parisien"in məlumatına görə, Nəsrullahın tezliklə bu yerə gələcəyi barədə İsrailə İranəsilli "köstəbək" məlumat verib.
Yeri gəlmişkən, qeyd edək ki, İsrail Müdafiə Ordusu (SAXAL) son aylarda Livanın "Hizbullah" hərəkatının, demək olar ki, bütün liderlərini öldürdüyünü bəyan edib və müvafiq infoqrafika dərc edib. Bildirilir ki, hərəkatın liderlərindən yalnız regional komandan Əbu Əli Rida sağ qalıb.
Seçilən
12
50
oxu.az

10Mənbələr