AZ

Bakı Ali Neft Məktəbində yeni tədris ilinə hazırlıqla bağlı iclas keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yeni tədris ilinin başlanması ilə əlaqədar Ali Məktəbin müvafiq şöbələrinin əməkdaşları və müəllim-professor heyəti ilə onlayn iclas keçirib.

Tehsil.biz xəbər verir ki, iclasda rektor pandemiya şəraitində yeni tədris ilinə hazırlıq, təhsil  prosesi və dərslərin təşkili ilə maraqlanıb. 

Rektora 2021-2022-ci tədris ilində BANM-ə qəbul göstəriciləri, qəbul sayı ilə bağlı məlumat verilib. Bildirilib ki, bu il də qəbul planı üzrə yüksək göstəricilərə nail olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin seçimi yenə BANM olub. 

Bu il qəbul imtahanında ən yüksək bal toplayaraq Azərbaycan birincisi olan Əbil Şəfiyev BANM-in tələbəsi adını qazanıb. O, Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olunub. Eyni zamanda, DİM-in II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında ən yüksək nəticə əldə edən Əflan Bədəlov da BANM-in tələbəsi adını qazanıb. O, yeni açılmış Biznesin idarə edilməsi ixtisasına qəbul olunub. 

İclas zamanı Elmar Qasımov pandemiya şəraitində təhsil və tədrisin təşkili ilə bağlı göstəriş və tövsiyələrini verib. Rektora BANM-in yeni tədris ilinə Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin, təlim-tərbiyə prosesinin təşkilinin qaydalarına uyğun tam hazır olması barədə məlumat verilib. 

Bu il, həmçinin BANM-in yaranmasının 10-cu ildönümüdür. Bununla bağlı rektor Elmar Qasımovun əmri ilə Tədbirlər planı təsdiqlənib. İclas zamanı, həm də Tədbir planının gedişatı ilə bağlı müzakirələr aparılıb. 

Seçilən
34
tehsil.biz

1Mənbələr