AZ

KARGU-nin zireh dələn döyüş başlığı ilə ilk sınaq atışı həyata keçirilib – VİDEO

Türkiyənin STM şirkəti tərəfindən inkişaf etdirilən KARGU kamikadze pilotsuz uçuş aparatına (PUA) zireh dələn döyüş başlığı inteqrasiya olunub.

“Poliqon” STM-yə istinadən xəbər verir ki, KARGU, zireh dələn döyüş başlığı ilə ilk sınaq atışında hədəf olaraq təyin edilən zirehli maşını uğurla vurub.

Bununla da Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinə uyğun şəkildə milli və müasir sistemlər inkişaf etdirən STM ölkədə öncül olduğu taktiki mini PUA sahəsində yeni bir inkişafa imza atıb.

Sınaqla bağlı fikirlərini bölüşən STM şirkətinin baş direktoru Özgür Güleryüz, KARGU-nu döyüş meydanının dinamikasına uyğun olaraq daim inkişaf etdirdiklərini bildirib: “Bir müddətdir ki, KARGU-nun müxtəlif faydalı yük versiyaları üzərində işləyirik. Bu günə qədər piyada əleyhinə döyüş başlığı ilə əməliyyat meydanında aktiv fəaliyyət göstərən KARGU, artıq zireh dələn döyüş başlığı ilə də mobil və sabit quru hədəflərinə, möhkəm tikililərə və zirehli quru vasitələrinə təsir göstərəcək”.

Onun sözlərinə görə, istifadəçi personal əməliyyat meydanındakı mövcud vəziyyətdən asılı olaraq KARGU-dakı piyada əleyhinə döyüş başlığını çıxara və onu tez bir zamanda zireh dələn döyüş başlığı ilə əvəz edə biləcək.

“KARGU-dan çox aktiv istifadə edən əsgərlərimizin əlini əməliyyat meydanında gücləndirəcək bir konsepsiya ortaya qoymuşuq. İxrac baxımından da son dərəcə təsirli olacaq. Digər tərəfdən, STM mühəndislərinin imzasını daşıyan RF Arayıcı Başlıq inteqrasiyasında da sona çatmışıq. RF Arayıcı Başlıq ilə KARGU düşmənin radar və elektron döyüş sistemlərini aşkarlayıb məhv edə biləcək. Xüsusilə, sərfəli qiymətlə düşmən elementlərinə təsir göstərə biləcək milli bir sistemi ölkəmizə qazandırmış olacağıq”, – deyə Ö.Güleryüz vurğulayıb.

“Kamikadze PUA” kimi tanınan KARGU pilotsuz uçuş aparatı STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. O, 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Hazırda KARGU başda Türkiyə Silahlı Qüvvələri olmaqla Türkiyənin müxtəlif təhlükəsizlik qüvvələri tərəfindən terrorla mübarizə, xüsusi və transsərhəd əməliyyatlarında effektiv şəkildə istifadə olunur. Dünya arenasında diqqətləri üzərinə çəkən KARGU ilk ixrac uğurunu 2021-ci ildə əldə edib və 2024-cü ilə qədər üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac olunub. Bu günə qədər 5 mindən çox KARGU PUA istehsal edilib.

KARGU müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. İstehsal prosesində təkmilləşdirilən KARGU PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

Avtonom uçuş və dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli KARGU məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməyə imkan verir.

KARGU bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir. Beləliklə, ya hədəfə taran etməklə, ya da müəyyən məsafədə özünü partlatma üsulu ilə hədəfi zərərsizləşdirir.

Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan KARGU PUA 10 kilometr mənzilə, 30 dəqiqə havada qalmaq bacarığına malikdir. Kütləsi 6285 qram, sürəti 72 km/saat olan KARGU maksimum 1000 metr yüksəkliyə qalxa və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.

Operator kiçik idarəetmə kompüteri üzərindən PUA-nın hədəf üzərində partlama məsafəsini seçə və işə sala, hədəfi dəyişə, hücum prosesində komandadan imtina edərək PUA-nı geri çağıra, yaxud digər hədəfə yönləndirə bilir. Kamikadze dron hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və ya hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. Sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür.

Qeyd edək ki, STM şirkəti zireh dələn döyüş başlığı ilə təchiz olunan KARGU PUA-nı 24-26 sentybar tarixlərində Bakıda keçirilmiş ADEX-2024 sərgisində də nümayiş etdirib.

Seçilən
9
1
poliqon.az

2Mənbələr