AZ

“Uşağın tərbiyəsində məsuliyyəti təkcə ana daşımır” -PSİXOLOQDAN AÇIQLAMA

Uşaq tərbiyəsi ana bətnindən başlayır. Rüşeymin formalaşmağa başladığı andan etibarən valideynlərin hərəkət və davranışları dünyaya gələcək körpənin xarakterinin formalaşmasına birbaşa təsir edir.
Hər bir valideynin ən ümdə arzusu övladlarının xoşbəxt gələcəyini görməkdir. Buna görə onların təlim-tərbiyəsinə xüsusi diqqət edir, həm maddi, həm də mənəvi dünyalarının yaxşı olması üçün əllərindən gələni əsirgəmirlər.
Bəs uşaq tərbiyəsində ümumilikdə kimlər məsuliyyət daşıyır?
Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, uşağın xarakterinin formalaşdığı dövrdə onun tərbiyəsinə təsir göstərən faktorlar çoxdur. Ata və ananın uşağa münasibəti və ətrafdakıların anaya münasibəti onun xarakterinin formalaşmasında və düzgün tərbiyə olunmasında əsas şərtdir:
“Ailədə ciddiyətin və qaydaların olması vacibdir. Bu qaydalara ilk növbədə böyüklər əməl etməlidir.
Nəzərə almalıyıq ki, insan yetişdirmək çox böyük və məsuliyyətli işdir. Cəmiyyətə sağlam və formalaşmış şəxsiyyət verilməlidir. Uşaq dünyaya gətirmədən əvvəl valideyinlər bu mövzuda biliyə sahib olmalı, əlavə informasiyalar əldə etməlidirlər. Tərbiyə prosesində alacaqları məsuliyyəti aralarında bölüşməlidirlər.
Fərqanə Mehmanqızı qeyd etdi ki, ailələr müxtəlifdir. Ailə var ki burada ata, bir başqasında isə ana faktoru mühüm rol oynayır. Bu mənada uşağın etdiyi tərbiyəsizlikdə və ya intizamsızlıqda analar günahkar sayılmamalı, məsuliyyət birbaşa ona yüklənməməlidir.
Psixoloq olaraq tövsiyə edirəm ki, uşaq dünyaya gətirmədən əvvəl oğlan və qızlarımız bu mövzuda maariflənsinlər. Ailə psixologiyasına bələd olsunlar. Bir-birlərini şəxs olaraq yaxşı tanısınlar. Bundan sonra insan yetişdirmək kimi böyük və məsuliyyətli işi öhdələrinə götürsünlər. Əgər bunlar olarsa uşağın tərbiyəsində və intizamında heç bir neqativ hala rast gəlinməyəcəkdir.

Seçilən
18
arantv.az

1Mənbələr