AZ

"Hər hektara 50-100 ton arası məhsul əldə edilir, tonu 85 manatdır" - SAHƏLƏRDƏ YIĞIM BAŞLANDI - FOTOLAR

Son illər ölkəmizdə şəkər çuğundurunun əkin sahələri genişləndirilir. Bu il də ötən ilə nisbətən daha çox sahədə əkin aparılıb.

FED.az xəbər verir ki, hazırda sahələrdə şəkər çuğundurunun yığımı davam edir. Yığımın optimal müddətdə və itkisiz aparılması üçün müasir texnikalardan da istifadə olunur.

“Bu il ölkə üzrə 24 rayonda 7400 hektar sahədə şəkər çuğunduru əkilib. Keçən il isə 4700 hektar sahə idi və 204 min ton məhsul tədarük olunmuşdu”, - deyən İmişli Şəkər Zavodunun baş aqronomu Hikmət Cəfərov bildirib ki, sentyabrdan yığım kampaniyasına sart verilib və indiyədək 45 min tona yaxın məhsul tədarük olunub. Ümumilikdə, 280-290 min ton məhsul götürülməsi nəzətdə tutulub ki, bu da orta hesabla hər hektara 45 ton çuğundur deməkdir. Şəkərliliyin orta göstəricisinin isə 15 faiz olması gözlənilir. Əkin sahələri intensiv texnologiyalara əsaslanaraq becərilib və məhsuldarlığın arıtırılması üçün aqrotexniki qaydalara riayət olunub, həmçinin yüksəkkeyfiyyətli toxumlar əkilib.

Onun sözlərinə görə, bu il məhsulun alış qiyməti də artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.

Şəkər çuğundurunun becərildiyi sahələrdən biri də Hacıqabulun Padarçöl ərazisindədir. “Aqro Dairy” MMC-nin Padarçöl ərazisi üzrə baş aqronomu Tacəddin Misirzadə ilə söhbət edirik. Deyir ki, şəkər çuğunduru əsasən innovativ üsulla becərilir. Səpin zamanı əkilən toxumlar həm məhsuldarlığına, həm yüksək şəkərlilik faizinə, həm də xəstəliklərə dözümlü olması ilə seçilir. “Əkin sahələrimizdə torpaqdan asılı olaraq hər hektara 50-100 ton arası məhsul əldə edilir. Ümumilikdə, 2000 hektardan çox sahədə şəkər çuğunduru becərilib və yığım aparılan 300 hektar ərazidən əldə olunan məhsul 17 faiz və daha çox şəkərlilik dərəcəsindədir. Hazırda sahədə məhsulun itkisiz və optimal müddətdə yığılması üçün 4 kombayn çalışır”, - deyə o vurğulayıb.

Şəkər çuğunduru sahələrdən yığıldıqdan sonra Şəkər Zavoduna tədarük edilir. Burada çuğundurun şəkərlilik faizinin ölçülməsi işləri aparılır və hər bir fermerin gətirdiyi məhsuldan nümunə götürülür. Daha sonra zavod məhsulları qəbul edir. Məhsulunu zavoda təhvil verən fermerlərdən biri Zeyni Əliyevdir. Onun da əkin sahəsindən gözləntiləri böyükdür: “Bu il 2,5 hektar sahədə əkin aparmışam, hər hektara 50-60 ton məhsul götürəcəyimi planlaşdırıram. Bu əkinin müsbət tərəfi odur ki, satış üçün bazarı var, yığdığımız məhsulu zavoda təhvil verərək pulumuzu alırıq. Digər tərəfdən əkinə çəkilən xərc daha az olur və dövlət tərəfindən də hər hektara 18 manat subsidiya alırıq. Becərilən məhsulun şəkərliliyi yüksək, yəni 19 faiz olanda hər tona 94 manat pul ödənilir”.

Şəkər çuğunduru əkinindən yüksək qazanc əldə edən fermer növbəti ildə də sahəsini 5 hektara qədər artımağı planlaşdırır.

Ümumiyyətlə, 2025-ci ildə şəkər çuğundurunun 30-a yaxın rayonda əkilməsi və sahələrin 9 min hektara qədər genişləndirilməsi nəzərdə tutulur. (Azərtac)

Seçilən
0
fed.az

1Mənbələr