AZ

Naftalan neftinin tibdə istifadəsinə aid məlumatlar toplanmalı və təhlil edilməlidirŞƏRH

Naftalan

Bakı, 30 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı çox vacib sənəddir. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün müalicəvi Naftalan nefti, onun tərkibi, tibdə istifadəsi və təmizlənmə texnologiyasına aid məlumatlar ciddi toplanmalı, təhlil edilməli və gələcək işlər üçün xüsusi proqramlar hazırlanmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Kimyəvi proseslərin optimallaşdırılması və riyazi modelləşdirilməsi laboratoriyasının müdiri dosent Zaur Ağamalıyev söyləyib.

Z.Ağamalıyev bildirib ki, müalicəvi Naftalan neftindən insanlar hələ çox qədimlərdən istifadə etməyə başlayıblar.

“Keçən əsrin 30-cu illərindən bu neftdən sanatoriya şəraitində istifadə edilməyə başlanılıb və tədricən onun müalicəvi şöhrəti bütün SSRİ-yə və dünyaya yayılıb. 1982-ci ildə “Naftalan” kurort birliyi yaradılıb. Həmin ildə “Mil”, “Goran”, “Qarabağ”, “Azərbaycan” sanatoriyaları, 1987-ci ildən “Şirvan” sanatoriyası fəaliyyətə başlayıb. 1987-ci ildə bu kurorta müalicə üçün 70 mindən çox insan müraciət edib”, - deyə laboratoriya müdiri qeyd edib.

Müsahibimiz xatırladıb ki, Qarabağda ermənilərin 1988-ci ildən törətdikləri iğtişaşlar, Ermənistanın ölkəmizə qarşı elan olunmamış müharibəyə başlaması “Naftalan” kurortunun fəaliyyətinə də mənfi təsir edib və 1992-1996-cı illərdə müalicəyə gələnlərin sayı hər il təxminən 2159-2900 nəfər arasında dəyişib.

“Artıq neçə illərdir ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi “Naftalan” kurortunun və onun yerləşdiyi Naftalan şəhərinin inkişafına da böyük diqqət yetirir. Şəhərdə fəaliyyət göstərən müasir sanatoriyaların sayı getdikcə artmaqdadır.

Qeyd edək ki, bu unikal neftin dünyada bənzəri yoxdur və ona bənzər bəzi neft növlərinin olduğunu iddia edənlər bunun elmi təsdiqini verə bilməyiblər”, - deyə Z.Ağamalıyev vurğulayıb.

Laboratoriya müdiri qeyd edib ki, Naftalan neftinin kimyəvi tərkibinin ilk fundamental tədqiqatlarının əsasını akademik Yusif Məmmədəliyev hələ keçən əsrin 40-cı illərində indi onun adını daşıyan Neft-Kimya Prosesləri İnstitutunda qoyub və 1946-cı ildə SSRİ Elmlər Akademiyasının “Xəbərlər” jurnalında “Naftalan neftinin təsir mexanizmi haqqında” adlı məqalə çap etdirib. Onun rəhbərliyi və ideyası əsasında Neft-Kimya Prosesləri İnstitutunda tədqiqatlar aparılıb. Sonrakı dövrdə - 1965-ci ildən 1991-ci ilə qədər paralel olaraq həm Neft-Kimya Prosesləri İnstitutunda, həm də 1965-ci ildə ondan ayrılmış Aşqarlar Kimyası İnstitutunda tədqiqatlar həyata keçirilib. 1992-ci ildən bu sahədə elmi tədqiqatlar əsasən Neft-Kimya Prosesləri İnstitutunda aparılır.

Alim diqqətə çatdırıb ki, Naftalan neftinin kimyəvi tərkibinin öyrənilməsi, təmizlənmə texnologiyasının işlənib-hazırlanması sahəsində tədqiqatlar hazırda akademik Vaqif Abbasovun rəhbərliyi ilə davam etdirilir. Vaqif Abbasov, Əlişir Musayev və Gültəkin İsayevin “Naftalan nefti və onun naften karbohidrogenləri” monoqrafiyası, Vaqif Abbasovun “Müalicəvi Naftalan neftinin fiziki-kimyəvi xassələrinin və struktur-qrup tərkibinin tədqiqinə dair tarixi həqiqətlər” monoqrafiyası bu sahədə dəyərli tədqiqatlardır.

“Müalicəvi Naftalan neftinin tibdə istifadəsi sahəsində 1965-2017-ci illərdə çoxlu sayda tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə olunub. 1970-2024-cü illərdə Neft-Kimya Prosesləri İnstitutunda müalicəvi Naftalan neftinin tədqiqatlarının nəticələrinə aid 50-dən çox elmi məqalə çap olunub.

2005-2023-cü illərdə müalicəvi Naftalan neftinin tədqiqatları əsasında NKPİ-də 5 patent alınıb”, - deyə Z.Ağamalıyev bildirib.

İnstitutun laboratoriya müdiri diqqətə çatdırıb ki, NKPİ-də hazırlanmış “Ağ Naftalan yağı” Səhiyyə Nazirliyinin dərman preparatı kimi qeydiyyata alınıb və AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə birlikdə istehsalı təşkil olunub. Bu yağ 2017-ci ildə Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydə alınıb.

 

“NKPİ Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birlikdə “Ağ Naftalan yağı” əsasında Naftokosmet-L, Naftokosmet-La, Naftokosmet-P, Naftokosmet-Ch, Naftokosmet-C, “Gold Naftalan”, “Naftalan kamfora” adlı dərman preparatlarının istehsal sınaqlarını keçirib və onların istehsalı üçün texniki şərtlər hazırlanaraq təsdiq edilib. Sərəncama uyğun olaraq hazırlanacaq proqramda nəzərdə tutulduğu halda, bu preparatların nümunələri klinik sınaqlar üçün istifadə oluna bilər.

NKPİ-də hazırlanmış texnologiya üzrə “Ağ Naftalan yağı” istehsalı üçün nəzərdə tutulan təcrübə-sənaye qurğusunun indiki Yüksək Texnologiyalar Parkında bir neçə il öncə tikintisinə başlanılıb və AMEA sonralar maliyyə ayırmadığından qurğunun tikintisi yarımçıq qalıb. Hesab edirik ki, həmin qurğunun tikintisini başa çatdıraraq “Ağ Naftalan yağı”nın istehsal texnologiyasını həyata keçirmək olar”, - deyə Z.Ağamalıyev qeyd edib.

Müsahibimiz, həmçinin deyib ki, akademik Vaqif Abbasovun rəhbərliyi ilə NKPİ-də hazırlanmış “Ağ Naftalan yağı” nümunəsi 2014-cü ildə Almaniyanın Badems şəhərində klinik sınaqlardan keçirilib və müsbət nəticələr haqqında hesabat o zaman AMEA rəhbərliyinə göndərilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə 2014-cü ildə “Naftalan cövhəri” sənədli filmi çəkilib və onun elmi məsləhətçisi akademik Vaqif Abbasov olub.

“Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün kifayət qədər elmi-təcrübi baza var və əlaqələndirilmiş fəaliyyət planı əsasında daha yaxşı elmi nəticələr almaq, Azərbaycan brendi ilə yeni dərman vasitələrini dünya bazarına çıxarmaq, müalicəvi Naftalan neftinin əvvəlki şöhrətini qaytarmaq, ölkəmizdə sağlamlıq turizminin yüksək səviyyəli inkişafını təmin etmək olar”, - deyə Z.Ağamalıyev fikrini yekunlaşdırıb.

 

Seçilən
21
azertag.az

1Mənbələr