AZ

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ŞƏRH

Məlum olduğu kimi, ölkəmizdə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçdi. Həmin taleyüklü və yeganə doğru seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki fərqli tarixi dövrün hər biri Azərbaycan üçün sürətli və hərtərəfli inkişaf dövrü olmuşdur. Bununla belə, bu iki tarixi mərhələdən məhz müstəqillik illərini ölkəmiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən həlledici dövr kimi qeyd etmək olar. Müstəqilliyin ilk illərində cərəyan edən hadisələr ölkəmizin sadəcə ərazi bütövlüyünü və suverenliyini deyil, həm də bütöv bir dövlət olaraq varlığını real təhdid altına almışdı. Əgər həmin dövrdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bir qədər də gecikdirilsəydi, bu gün artıq dünyanın siyasi xəritəsində Azərbaycan adlı bir ölkə olmayacaqdı. Bu faciənin qarşısını ala biləcək yeganə şansı Azərbaycana Ulu Öndərin respublikada hakimiyyətə gəlməsi verə bilərdi və müdrik xalqımız 1993-cü ildə əldə etdiyi bu şansı qaçırmadı.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, 1993-cü ildə ölkədə siyasi gərginlik son həddə çatmışdı. Dövlətçiliyin süqutu, ölkənin parçalanması hər an baş verə bilərdi və əslində bu proses artıq başlanmışdı. Belə bir təhlükə anında Azərbaycan xalqı dövlətini, qanı və canı bahasına əldə etdiyi müstəqilliyini qorumaq üçün sonsuz ümid bəslədiyi Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu qayıdış Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərindən bir həftə sonra, oktyabrın 10-da Ulu Öndər dövlətə və xalqa sədaqət andı içdi. Ömrünün sonunadək bu anda sadiq qalan Ulu Öndər xilaskarlıq missiyasını həyata keçirməklə Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

Xüsusilə qeyd etmək lazımdır ki, artıq 30 ildən artıq bir zamandır ki, Azərbaycan Heydər Əliyev siyasi kursu ilə irəliləyir və inkişaf edir. Bu kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Ən əsası, ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən effektiv işlərin nəticəsində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bununla da Heydər Əliyev siyasi kursu təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın qarşısında yeni, daha geniş inkişaf perspektivləri açmış oldu.

Ceyhun İsgəndərov,

YAP Göygöl rayon təşkilatı üzrə Mollacəlilli kənd ərazi partiya təşkilatının fəal üzvü

Seçilən
9
5
sesqazeti.az

6Mənbələr