AZ

36 il sonra qovuşduğum Şuşam

Vüqar Həşimov Memorialının Şuşada keçəcəyi xəbəri tirajlanmağa başlayanda turnirin xüsusi diqqət mərkəzində olacağı heç kimdə şübhə doğurmurdu. Üstəlik, yarışın hər bir Azərbaycan vətəndaşı və hər bir azərbaycanlı üçün xüsusi - 27 sentyabr ərəfəsində start götürməsi ikiqat fərəhləndirici idi. Beləcə, sentyabrın 26-da 8 qrossmeysterin iştirakı ilə 10-cu ənənəvi yarış start götürməli idi. Üç gün davam edəcək turnir əvvəlcə rapid, daha sonra isə blitsdə baş tutmalıdır.
Açılışa 1 gün qalmış isə Vüqar Həşimov Fondunun (VHF), Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN), habelə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə 10-cu turnirin iştirakçıları Bakıdan Şuşaya yola düşməli idilər.

Sentyabrın 25-i. Artıq səhər saatlarından mərhum şahmatçımız Vüqar Həşimovun məzarı önündə qələbəlik müşahidə olunur. Yarışı işıqlandırmağa yola düşəcək media mənsubları, turnir içtirakçıları, rəsmilər... Təqribən 1 saat davam edən tədbirdən sonra rəngarəng nəqliyyat karvanı uzaq yolçuluğa start verir. Əksəriyyət Şuşaya getsə də, KİV təmsilçilərinin yerləşdirilmə məkanı Xankəndidi. Haşiyə. Şuşayla bağlı xatirələrim o qədərdi ki... Hələ 2 yaşımda valideynlərim tərəfindən Bakıdan kənara (Göyçay istisna) çıxarıldığım ilk məkan Şuşa olub. Bilmirəm, bəlkə də məhz bu səbəbdəndir ki, 31 ölkə, 50-dən çox şəhər gəzməyimə baxmayaraq, ətrafımdakı hər kəsə "Şuşadan yoxdu, ora cənnətdi" demişəm...

Uzun yolçuluq hər zaman yorucu olur. Yol getdiyin avtobusun amortizasiyası olmadıqda isə bu yol lap cəhənnəmə çevrilir. Ancaq düşünəndə ki, yolun Cənnətədi, bütün bu əziyyətlər arxa plana keçir. İlk və Qarabağda qalacağımız yeganə gecəni Xankəndidə keçirməli idik. Nə gizlədim, 36 il xiffətini çəkdiyim Şuşada keçirmək istərdim həmin gecəni. Amma necə deyərlər, "bəy verən atın dişinə baxmazlar". Beləcə, "Əbədi məhəbbət nağılı"ma qovuşmağım daha bir gün təxirə düşməli oldu.
Haşiyə. Jurnalistikada olduğum illər ərzində gördüyüm xarici şəhərlərin sayı 50-ni aşır. Bunlar içərisində dostlara, həmkarlara misal çəkdiyim iki şəhəri xüsusi qeyd etmişəm - Vyana və Helsinki gecələri. Mən nə biləydim ki, Xankəndi gecəsi Avstriyanı da, Finlandiyanı da cibində gəzdirər. Əlbəttə, Vətənə sevgi məfhumu bu hissdə xüsusi pay sahibidi. Ancaq Xankəndinin havası və ab-havası, çayı və dünyası başqadı. Görməyənlərə tezliklə qismət olsun.

Məskunlaşdığımız "Palace" hoteli, şam yeməyinə işığına yığışdığımız "Kəlbəcər" restoranı, seyrinə çıxdığımız yeni və restavrasiya olmuş tikililər, "Qarabağ" Universitetinin ilk tələbələrinin xoşbəxt simaları, sıravi sakinlərin ciyərlərinə aldıqları Xanın kəndinin təmiz havası - bütün bunlar əsrlər boyu şərəfsiz qonşularımızın silmək istədiyi tariximizə barmaq uzatmaq arzularının məhvinin əyani sübutu idi. Xan kəndinə qayıdıb, qayıdır, qayıtmaqdadır! ...və o 36 il arzusunda olduğum səhər açılır. Avtobus bizi Şuşaya, sözlə ifadə oluna bilməyəcəyim torpağa aparır. Bir neçə dəfə yoldakı yoxlanış təbiidi. Yoxlama məntəqələrinin birində polis əməkdaşı "avtobusda şahmat oynamağı bacaran var?" sualıyla müraciət etsə də, "gəl, lövhəsiz oynayaq" təklifimdən sonra fikrindən daşınmağı üstün tutdu. Yaxşı qurtardıq. Əks halda sevimli Şuşamla görüşüm daha bir neçə saatlıq təxirə düşə bilərdi.
Nəhayət, Şuşa! Gözəl Şuşa! Sən həmin Şuşasan, hamıdan gözəl Şuşam! Hə, mən yaşa dolmuşam, amma nə yaxşı sən əvvəlkitək hamıdan və hər şeydən gözəlsən! Qoynuna aldığın hər kəs bu fani dünyadan köçüb, köçəcək, amma sən yaşa, həmişə yaşa, Şuşam!

Salam, Şuşa qalası! Neçə igidimizə açılan güllənin qarşısını kəsmisən?! Neçə mərmi yarası almısan? Neçə illər murdarlarla eyni havanı udmalı olmusan? Ey Qala, sən daim qal, biz qalmasaq da olar!
Salam, Cıdır düzü! Heç bilirsən barəndə övladlarıma neçə dəfə danışmışam? Heç bilirsən yuxularımda sıldırım qayandan neçə dəfə yıxılmışam? Bax, yazımda da  40 il əvvəl qucağında çəkdirdiyim şəklimlə eyni məkanda uzandığım fotonu paylaşıram. Mən dəyişmişəm, eybi yoxdu, sən ki, əvvəlkitək əzəmətlisən, Cıdır düzüm!
Salam, İsa bulağı! Boğazına kəndir saldılar, suyunu çəkdilər, içdilər, amma sən dözdün. Axı, damlayan su daşı deşər. İgidlərimiz yağı düşmənin alnını deşdi, sən də damcı-damcı daşdan olan ürəklərini. Sən rahat ax, İsa bulağım; sənə layiq olmayanlar suları süzülə-süzülə rədd olub getdi!

Şuşada şahmat turnirinə start da verildi, artıq başa da çatdı. Yan Nepomnyaşşi çempion oldu, Nodirbek Abdusattorov gümüş medalı qazandı, Şəhriyar Məmmədyarov isə 3-cü nəticəni göstərdi. İnanmaq istərdik ki, turnir uzun, lap uzun müddət yaşayacaq. Bizlərə turniri yerindən izləmək üçün yaratdıqları imkan üçün Vüqar Həşimov Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, habelə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirik.
 Media təmsilçilərini Qarabağa aparan avtobus 30 ilimizi oğurlayan düşmənin tapdağı altında qalan torpaqdan addım-addım aralanmaqdadı. Ancaq bu vidalaşma əli və ayağı yalın həmvətənlərimizin ayrılığı ilə müqayisə oluna bilməz. Cismən aralansaq da, mənən Qarabağdan ayrılmaq mümkün deyil. Əgər bunu 30 ilə soyutmaq mümkün olmayıbsa, bundan sonra heç vaxt mümkün olmaz! P.S. Şuşa həbsxanasında da olduq, amma o haqda yaza bilmirəm, alınmır. P.P.S. İsa bulağında hərşeyşünas sürücümüz aldığım bala lağ edərək, əsl balın Yevlaxda (Yevlaxda ha!) olduğunu iddia edərək, "bunlar fırıldaqdı" dedi. Hansısa təam olduqca dadlı olanda "baldı, bal" deyə ifadə edirik. Bax, indi həmin ifadənin mənşəyinin məhz İsa bulağından aldığım baldan qaynaqlandığını əminliklə söyləyə bilərəm. CEYHUN ƏLİYEV, Bakı-Xankəndi-Şuşa-Bakı

Seçilən
11
sport24.az

1Mənbələr