AZ

Novruzəli Aslanov İsmayıllıda şəhid ailələri ilə görüşüb -Fotolar



Milli Məclisin deputatı Novruzəli Aslanov iş rejiminə uyğun olaraq tez-tez İsmayıllı rayonunda seçiciləri ilə görüşür. Bu görüşlərin gedişində deputat vətəndaşları narahat edən problemlərlə maraqlanır, qaldırılan məsələlərin həllinə nail olmaq üçün müvafiq addımlar atır. Deputatın bu fəaliyyəti seçicilərlə millət vəkili arasında səmimiyyəti, ünsiyyəti və əməkdaşlığı gücləndirir, ümumilikdə isə vətəndaşlarla dövlət arasında güclü bağlılığın formalaşmasına zəmin yaradır.

aia.az xəbər verir ki, Novruzəli Aslanovun vətəndaşlarla keçirdiyi görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur. Deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsində yanlarında olur. Belə görüşlərdən biri də sentyabr ayının 29-da baş tutub. Novruzəli Aslanov İsmayıllı rayonunda beş şəhidimizin şəhadətlərinin ildönümü münasibətilə onların ailələri ilə görüşüb.

Həmin şəhdlərimizi oxucularımıza da təqdim edirik:

Gizir Qəfərov Saməddin Rasim oğlu 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Xidmət dövründə gizir feldşer olan Saməddin 2016-cı ilin aprel döyüşlərində 130 yaralını, 2020-ci il Tovuz döyüşlərində 50-dən çox, Vətən müharibəsində isə 90 yaralını döyüş meydanından çıxarımışdır. İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saməddin Qəfərov 28 sentyabr 2020-ci ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

MAHHXHQ Qasımov Cahan Xəqani oğlu 2001-ci il matın 19-da İsmayıllı rayonun Qalınçaq kəndində anadan olub. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. O, sentyabrın 30-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında şəhid olub. Cahan Qasımov Qalınçaq kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mayor Mürsəliyev Sübhi Balamirzə oğlu 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub. Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Gizir Səlimzadə Kənan Məmiş oğlu 1997-ci il noyabrın 25-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Səlimzadə oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, "Cəsur döyüşçü" medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əsgər Əliyev Fərid Hamlet oğlu 22 mart 2001-ci ildə İsmayıllının Kürdmaşı kəndində anadan olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Fərid Əliyev sentyabrın 28-də doğulduğu İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncama əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 2020-ci ildə Vətən torpaqlarını işğaldan azad etdi, keçən il isə dövlət suverenliyimizin tam bərpasına nail oldu. Bununla tarixi ədalət və beynəlxalq hüquq zəfər çaldı, Azərbaycan öz gücünü bir daha göstərdi. Biz bu qələbələri bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.

Qeyd edək ki, Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman hərbçimiz şəhadət zirvəsinə ucalmışdır. Dövlət başçımızın hər zaman öz çıxışlarında qeyd etdiyi kimi, şəhidlərimizin və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir.

Deputat Novruzəli Aslanov da seçildiyi ərazidə daim şəhid ailələri ilə sıx əlaqə saxlayır, qəhrəman qazilərlə görüşür, onların problemlərinin həllinə yardımçı olur, şəhidliyin və qəhrəmanlığın unudulmaz olduğunu bir daha tarixi faktlarla dilə gətirir, onlara ehtiramını bildirir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Seçilən
13
1
aia.az

2Mənbələr