AZ

Enerji keçidi mövzusunda “dəyirmi masa”

Lənkəran Dövlət Universitetində (LDU) “COP29: İqlim dəyişikliyi və regional iqtisadiyyata yeni yanaşma” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən iqlim tədbirini LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev açaraq “dəyirmi masa”nın gündəliyi, müzakirə olunacaq məsələlər, COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

“Dəyirmi masa”da Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov “COP29: İqlim dəyişikliyi və regional iqtisadiyyata yeni yanaşma” mövzusunda geniş məruzə edib. Məruzəçi müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, Azərbaycan Respublikasının karbon emissiyalarının minimuma endirilməsi ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə göstərilən növbəti etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. M. Bərxudarov bildirib ki, ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.

Məruzəçilər ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıblar.

Daha sonra məruzələr ətrafında geniş diskussiya keçirilib, təklif və rəylər səsləndirilib, suallar cavablandırılıb.

Seçilən
15
xalqqazeti.az

1Mənbələr