AZ

Azər Əmiraslanov: “Dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi yeni mərhələdə iqtisadi siyasətin əsas hədəfidir”

Prezident İlham Əliyev tərəfindən davamlı olaraq iqtisadi məsələlərə həsr edilmiş müşavirələrin keçirilməsi ölkəmizin sosial-iqtisadi vəziyyətinin geniş təhlili və müzakirəsi, qarşıdakı dövrdə vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, həm də dövlət orqanlarının fəaliyyətinin istiqamətləndirilməsi və koordinasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı cari ilin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanda iqtisadi artım meyillərinin davam etməsini makroiqtisadi sabitliyin əsas göstəricilərindən biri kimi xüsusi olaraq qeyd etdi. Cari ilin 8 ayının məlumatlarına əsasən 4,3 faizlik artım tempi qlobal iqtisadiyyatda müşahidə edilən trendlər, geosiyasi reallıqlar nəzərə alınmaqla müsbət göstərici kimi qiymətləndirilir. Bu dövrdə qeyri-neft sektorunun 7 faiz artması iqtisadi artımda keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərir. Neft-qaz sektorunda mövcud potensialın reallaşdırılması, xüsusilə də yeni layihələr üzrə yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatının hasil edilməsi bu sahədə artıma öz töhfəsini verəcək.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev müşavirədə iqtisadiyyatımızın bundan sonra daha da şaxələndirilməsini və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsini iqtisadi siyasətimizin əsas hədəfi kimi vurğuladı. Heç şübhəsiz, şaxələndirmə sahəsində sistemli və kompleks tədbirlərin davam etdirilməsi, iqtisadi və institusional islahatların ardıcıl həyata keçirilməsi iqtisadi artıma və milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsinə töhfə verir. Dövlətimizin başçısı ölkə qarşısında duran vəzifələrin böyük maliyyə vəsaiti tələb etdiyini vurğulayaraq, növbəti il üçün dövlət büdcəsinin prioritet xərc istiqamətlərini göstərdi. İnflyasiyanın cilovlanması və aşağı səviyyəsi fonunda minimum əməkhaqqı və minimum pensiyanın artırılacağının, həssas təbəqə sayılan aztəminatlı vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində saxlanılacağının elan edilməsi ölkəmizdə iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə sıx əlaqələndirildiyini və uzlaşdırıldığını bir daha təsdiq edir.

Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil, Qarabağın və Şərqi Zəngəzurun bərpası büdcənin digər prioritet xərc istiqamətləri olaraq qeyd edildi. Mövcud reallıqlar və çağırışlar bu sahələrə üstünlük verilməsini diktə edir.

“Xarici sərmayələrin milli iqtisadiyyata cəlb edilməsi Azərbaycanda iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Ölkəmizdə hökm sürən sabitlik, əlverişli investisiya mühiti, tətbiq edilən təşviq mexanizmləri son nəticədə xarici investisiyaları və onun adambaşına həcmini artırıb, mühüm strateji layihələrin xarici sərmayə hesabına maliyyələşdirilməsini təmin edib. Bununla belə, Prezident İlham Əliyev iqtisadi inkişafın yeni mərhələsində xarici sərmayələrin cəlb olunması üçün tədbirlərin görülməsinə xüsusi önəm verir. Bu, onunla izah olunur ki, hazırda Azərbaycanda həyata keçirilən bütün sosial-iqtisadi tədbirlər, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun bərpası daxili resurslar hesabına maliyyələşdirilir. Digər bir tərəfdən də, heç bir yerdən yardım almayan ölkəmiz xarici dövlət borcunun azaldılması xəttini davam etdirir. Xarici borcun azaldılması fonunda xarici sərmayənin milli iqtisadiyyata cəlb edilməsi milli dövlət maraqlarımıza cavab verməklə ən rasional yanaşmadır.

Azərbaycan Prezidentinin “Dövlət suverenliyimizin tam bərpası investorlara ciddi müsbət siqnal göndərmişdir” fikri yeni dövrün reallığı və çağırışıdır. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə xarici investorların Azərbaycana cəlb edilməsi prosesi sürətlənə bilər. Çünki işğala son qoyulması xarici investorlar üçün stabil və təhlükəsiz bir mühit yaradır. Bu, birbaşa olaraq investorların uzunmüddətli layihələrə yönəlmələrinə və onların inamla fəaliyyət göstərmələrinə imkan verir. Ərazilərimizin işğaldan azad olunması ilə investorların fəaliyyəti üçün iqtisadi meydança və geniş imkanlar yaranır. Mədənçilik, kənd təsərrüfatı, enerji sektoru, logistika və turizm kimi sahələr xarici investorlar üçün potensial sahələrdir. Əvvəllər işğal altında olan ərazilərdə indi infrastrukturun yenidən qurulması, təbii resurslarımızın iqtisadi dövriyyəyə cəlb edilməsi, bölgənin strateji əhəmiyyəti Azərbaycanı xarici investorlar üçün cəlbedici məkana çevirir”, – deyə A.Əmiraslanov vurğulayıb.

Deputat əlavə edib ki, Böyük Qayıdış proqramı çərçivəsində ərazilərin bərpası da yalnız yerli iqtisadiyyata deyil, eyni zamanda, xarici investorlar üçün yeni biznes və ticarət imkanları yaradır. Yeni sahələrdə xarici sərmayə qoyuluşu həm ərazilərin bərpasını sürətləndirə, həm də Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə verə bilər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, daxili resurslara əsaslanan güclü iqtisadiyyatın qurulması, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli iqtisadi maraqların qorunması üzrə tədbirlər Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi inkişaf modeli çərçivəsində bundan sonra da ardıcıl və qətiyyətlə davam etdiriləcək.

Seçilən
3
1
xalq.az

2Mənbələr