AZ

Bloqer Kərimli yenə özünü alət edir

Bloqer və həm də AXCP sədri Əli Kərimli Britaniyanın "The Economist" həftəlik jurnalında "Dəvət olunmuş" rubrikasında "opus"unu dərc etdirib.

Daha doğrusu, Ə.Kərimlinin ad və soyadı ilə yazı nəşr olunub.

Bu yazı, heç şübhəsiz, Azərbaycan əleyhinə başladılan genişmiqyaslı və çirkin kampaniyanın tərkib hissəsidir. İqlim dəyişikliyi ilə bağlı dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Bakıda keçirilməsi ərəfəsində ölkəmizə qarşı yenidən qaralama, böhtan və təhrif olunmuş məlumatlarla dolu hücumlar artmaqdadır. Bu hücumlar Azərbaycana qarşı yalnız beynəlxalq imici zədələmək məqsədi güdmür, həm də ölkəmizin qlobal əhəmiyyətli təşəbbüslərini kölgə altında qoymağa yönəlmiş çoxşaxəli bir strategiyanın tərkib hissəsidir.

Xatırladaq ki, noyabrda Bakı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi edəcək. Bu tədbir qlobal səviyyədə iqlim dəyişikliyi ilə bağlı ən mühüm toplantılardan biri hesab olunur. 11-22 noyabr tarixlərində keçiriləcək COP29, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf üçün yeni bir dövrün başlanğıcı ola bilər.

COP29-dan gözlənilən ən böyük nəticələrdən biri, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılacaq yeni iqlim maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Əvvəlki razılaşmalara əsasən, 2020-ci ilə qədər 100 milyard ABŞ dolları məbləğində maliyyə yardımı təmin edilməli idi, lakin bu hədəfə yalnız 2022-ci ildə çatıldı. Bu vəsaitin isə qlobal istiləşməni 1,5 dərəcə selsi səviyyəsində saxlamaq və ən çox zərər çəkən ölkələrin problemlərini həll etmək üçün kifayət etmədiyi artıq hamıya bəllidir.

Bu kontekstdə, Bakı COP-unda əsas diqqət iqlim maliyyəsinin həcminin yenidən nəzərdən keçirilməsinə və artırılmasına yönəldiləcək. Dünya ictimaiyyəti, xüsusən inkişaf etməkdə olan ölkələr, bu məbləğin ciddi şəkildə artırılmasını tələb edir. Hazırkı 100 milyard dollarlıq hədəf inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab vermir. Ekspertlər bu məbləğin ən azı 500 milyard, hətta 1 trilyon dollara çatdırılmasının vacib olduğunu vurğulayır.

Azərbaycan COP29-un ev sahibi və sədri olaraq bu maliyyə hədəfinin razılaşdırılması və konsensusun əldə edilməsi üçün böyük səylər göstərir. Ölkəmiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələndirici rol oynayaraq, bu məsələ üzrə davamlı olaraq beynəlxalq maliyyə qurumları və dövlətlərlə konstruktiv müzakirələr aparır. Azərbaycanın liderliyi altında iyul ayında keçirilən qeyri-formal məsləhətləşmələrdə COP29-un gündəliyində dayanan əsas məsələlər müzakirə olundu.

Azərbaycanın COP29 çərçivəsində göstərdiyi səylər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Ən son Nyu-Yorkda keçirilən Gələcəyin Sammitində qəbul olunan Gələcəyin Paktında COP29-a ayrıca yer verilib. BMT Baş katibi Antonio Quterreş də öz çıxışında tədbirin əhəmiyyətini vurğulayıb və COP29-un nəticəsi olaraq yeni iqlim maliyyəsi hədəfinin müəyyənləşdirilməsini əsas məqsəd kimi göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələr üçün əsas məsələ kimi maliyyə dəstəyi, texnologiya paylaşımı və imkanların gücləndirilməsini vurğulayaraq, Bakı COP-un bu mövzulara töhfə verəcəyinə inandığını bildirib.

Bundan əlavə, Maldiv adaları, Marşal adaları, Keniya, Briyaniya, Belçika, Monako və digər ölkələrin nümayəndələri də öz çıxışlarında Bakı COP-una istinad ediblər.

Bakıda keçiriləcək COP29-un tarixi əhəmiyyəti olduqca böyükdür. Dünya iqlim dəyişikliyinə qarşı mübarizədə yeni bir mərhələyə qədəm qoyur və Bakı bu prosesdə əsas rol oynayır. Əgər bu sessiyada konsensus əldə edilməsə, bu, gələcək iqlim danışıqlarına mənfi təsir göstərə bilər. Lakin Azərbaycan Prezidentinin vurğuladığı kimi, ölkəmiz bu məsələdə körpü rolunu oynayacaq və COP29-u uğurlu bir hekayəyə çevirmək üçün bütün səylərini göstərəcək.

Əli Kərimli isə öz psevdoməqaləsi ilə yalnız özünün siyasi iflasını deyil, həm də illərdir davam edən marazmatik strategiyasını bir daha nümayiş etdirdi. Onun siyasi gedişləri və seçkiləri tamamilə boykot etmə qərarı, nəticə etibarilə, partiyasının - AXCP-nin faktiki siyasi ölümünə gətirib çıxardı. Bu gün AXCP Əli Kərimlinin şəxsi ambisiyalarına tabe edilmiş, funksionallığını itirmiş bir qrupa çevrilib. Bir vaxtlar geniş kütlələr arasında nüfuza malik olan bu partiya artıq demək olar ki, Kərimlinin şəxsi trollar ordusunun liderinə xidmət edən bir quruma çevrilib. Bu trollar sosial mediada hər kəsi hədəf alır, böhtanlar, təhqirlər yağdırır və Əli Kərimlinin göstərişi ilə ardıcıl olaraq müxtəlif şəxslərə hücum edirlər.

Əli Kərimli öz məqaləsində COP29 kimi əhəmiyyətli bir beynəlxalq tədbiri tənqid etmək üçün xeyli dəlilsiz iddialar irəli sürür. Onun iddiaları nəinki məntiqdən uzaqdır, həm də Azərbaycanın dünya səviyyəsindəki nüfuzunu ləkələmək cəhdidir. Ə.Kərimli artıq heç bir siyasi qüvvəyə və ya ciddi bir müxalifət liderinə çevrilməyib. Onun partiyası hər keçən gün daha çox üzvünü itirir və çoxsaylı funksionerlər AXCP-dən istefa verir, Kərimlinin səhv taktikasını açıq şəkildə tənqid edirlər. Hər gün onun partiyasını tərk edən şəxslər və verdikləri bəyanatlar göstərir ki, AXCP artıq yalnız Əli Kərimlinin şəxsi iradəsi ilə idarə olunan kiçik bir qrupa çevrilib.

Əli Kərimlinin bir vaxtlar qısa müddət ərzində siyasi mübarizədə müəyyən bir mövqeyə sahib olma arzusu və iddiaları indi tamamilə məhv olub. Kərimli artıq heç bir ciddi ictimai dəstəkdən faydalanmır və yalnız sosial media üzərindən trolların vasitəsilə səs çıxarmağa çalışır. Onun "The Economist" jurnalında dərc olunmuş məqaləsi də həmin acınacaqlı siyasi varlığının təsdiqidir. Belə ki, Kərimli bu məqalə ilə bir daha özünün heç bir real siyasi alternativ təqdim etməyən bir şəxs olduğunu göstərdi. O, yalnız iftira, böhtan və cəfəng iddialarla dolu arqumentlərlə gündəmdə qalmağa çalışır.

"The Economist" jurnalında dərc olunmuş məqalə Əli Kərimlinin özünü siyasi səhnədə saxlamaq üçün istifadə etdiyi növbəti uğursuz cəhddir. Yazı, əslində, Əli Kərimlinin siyasətdəki iflasının etirafı olaraq qiymətləndirilə bilər. O, öz partiyasını boykot taktikası ilə məhv etmiş, xalqın etimadını itirmiş və nəticədə ölkənin siyasi həyatından tamamilə uzaqlaşmış bir şəxs kimi çıxış edir.

Bloqer və həm də partiya sədri Əli Kərimli öz siyasi mübarizəsini quru tənqid və qeyri-ciddi iddialarla davam etdirməyə çalışır. Onun məqaləsində "Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi, əslində, ölkənin beynəlxalq imicini təmizləmək üçün bir vasitədir" iddiası tamamilə əsassızdır. Azərbaycan, əksinə, özünün qlobal miqyaslı iqlim təşəbbüslərinə verdiyi töhfələrlə dünya ictimaiyyətində müsbət imic qazanır. COP29 kimi mühüm bir tədbir, Azərbaycanın beynəlxalq arenadakı rolunu bir daha təsdiq edir və ölkəmizin ekoloji məsələlərə verdiyi əhəmiyyətin göstəricisidir.

Əli Kərimlinin isə bu cür beynəlxalq əhəmiyyətli təşəbbüsləri tənqid etməsi onun siyasi arenadan tamamilə uzaq düşmüş bir şəxs olduğunu sübut edir. O, artıq heç bir real dəstəyə malik olmayan, öz partiyasını kiçik bir şəxsi qrupa çevirən bir liderdir. Onun özünü hələ də "müxalifət lideri" kimi təqdim etməsi isə həm gülünc, həm də acınacaqlı bir vəziyyətdir. Bu gün Əli Kərimli Azərbaycan müxalifətinin güclü bir lideri kimi deyil, kiçik bir trollar ordusunun başında duran bir şəxs kimi tanınır.

Reallıqlar onu göstərir ki, Əli Kərimlinin tənqid və iftiraları artıq heç bir siyasi çəkisi olmayan boş iddialardır.

Trivial olsa da, belədir: onun COP29 tədbirinə qarşı çıxışları isə yalnız Azərbaycanın beynəlxalq uğurlarına kölgə salmaq məqsədi daşıyır. Özü də Azərbaycana qarşı ABŞ və Qərbin sifarişi ilə başlamış kampaniyanın kiçik, önəmsiz, amma nədənsə "gərəkli vint" sayılmış mikroskopik hissəsi kimi.

Elçin Alıoğlu
Milli.Az

Seçilən
13
milli.az

1Mənbələr