AZ

Harrisin Xankəndi dərdi və xalam…

Bu şəhəri işğalçı “dövlət” etmək daha mümkün deyil, amma buna cəhdlər var və olacaq
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harrisin həftənin əvvəlində Ermənistanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasının vacibliyini, bunun guya “Azərbaycanda sabitliyin bərpası üçün son dərəcə vacib olduğunu” vurğulamasının rəsmi Bakının diqqətindən yayınması mümkün deyil. Amma ciddi reaksiya yoxdursa, bunun iki səbəbi ola bilər. Əvvəla, Harrisin dediklərinə əhəmiyyətsiz hesab edilib, Bakının bu mövzuda hər hansı narahatlığının olmadığının mesajı verilib. Yəni erməniləri biz qovmamışıq, özləri gediblər, qayıtmaları üçün də şərt bəlliddir: Azərbaycan vətəndaşlığını qəbul etməli, ölkənin qanunları ilə yaşamalıdırlar.

Harris məktubu vitse-prezident statusunda imzalasa da, noyabrın 5-dən sonra o, Ağ Evdə ilk qadın prezident də ola bilər, ona görə mümkümdür ki, rəsmi Bakı “erməniyə boş vəddən” xüsusi gərginlik yaratmaq istəməsin. Harris ilk dəfə rəsmi olaraq Qarabağ ermənilərinin “çox həssas mövzusuna” toxunsa da, onların Qarabağa qayıdışını hansı mexanizmlərlə təşkil etmək niyyətində olduğunu açıqlamayıb. Necə deyərlər, havaya söz buraxıb…Amma qarşıdakı günlərdə, ermənilərin çoxluq təşkil etdiyi seçki mitinqlərinin birində ola bilər ki, bu mövzuda daha “irəli getsin.”
Adətən, belə rəsmi təbriklər prezident adından göndərilir, indi Baydenlə bərabər Harrisin də Ermənistana təbrik göndərərək Qarabağ ermənilərini yada salması ABŞ-dakı Erməni Milli Komitəsinin məmnun edib, o səbəbdən sevincək tirajlayıblar.

Harrisin siyasi karyerasında, xüsusilə Kaliforniyanın ədliyyə naziri olduğu dövrdə 1915-ci il hadisələrinin “erməni soyqırımıkimi tanınması üçün ciddi səy göstərdiyi bəlli faktdır. Seçki kampaniyasının vurhavurunda Harrisin Qarabağ ermənilərinin qayıdışını gündəmə gətirməsinin əsas səbəbi erməni səslərini qazanmaqdır. ABŞ-da indi elə seçki gərginliyi yaşanıb ki, hər ştatda hətta ən kiçik etnik toplumların səslərini qazanmaq uğrunda da qızğın mübarizə gedir.
Biz rəsmi şəxs olmadığımız üçün Harrisin ABŞ-dakı erməni seçicilərin səslərini qazanmaq üçün Qarabağa burnunu soxmasını onsuz da hamar olmayan ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdi, təxribat kimi qiymətləndiririk.

Ermənilər zatən respublikaçı namizəd Donald Trampı “qaralayıblar”. ABŞ-dakı erməni diasporu hesab edir ki, Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Ermənilər ümid edir ki, Harris qalib gələrsə, ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər. İndi isə hətta Xankəndinə qayıtmağa belə ümidləri yaranıb.
Harris seçki kampniyasında Ukrayna mövzusunda da xeyli vədlər verir. Məsələn, Zelenski ilə son görüşündə deyib ki, bəziləri Ukraynanı öz torpaqlarını Rusiyaya verməyə məcbur etmək istəyirlər, lakin o, bu yanaşmaya qarşıdır. Bu yolla o, rəqibi Donald Trampa eyham vurur və mahiyyət etibarı ilə amerikalıları noyabrda “Ukraynanın ərazilərini qurban verməli olub-olmadığını seçməyə” dəvət edir.

…Həftənin ikinci günü Xankəndiyə qısa bir səfər oldu. Ən azı 35-37 il sonra bu şəhərə qayıtmaq həyəcan qarışıq, hədsiz sevinc bəxş etdi. Bu şəhərdə xalam yaşayırdı, dinməz, heç kimə ziyanı dəyməyən bu qadını günlərin birində bir nazik plaşda qovmuşdular, onun göz yaşlarını heç vaxt unuda bilmərəm. Qaçqın kimi Oğuzda bir yataqxanada həyatdan köçdü. Xankəndinin yollarında ən çox onu xatırladım…
Xankəndi 100 illik erməni işğalından sonra indi-indi özünə gəlir, ev sahiblərinə yaraşmağa çalışır. Sovet dövründə bu şəhərdə Azərbaycan dilində bir yazıya imkan verilməyib, indi doğma dilimizdə yazılar adama ləzzət edir. Ötən yazımda da qısa qeyd etmişdim ki, bu balaca, erməni pintiliyinin xas olduğu şəhəri qudurdub “dövlət” olmasına bir daha imkan verilməyəcək. Bunu Makronun da, Harrisin də bilməsi gərəkdir…

Seçilən
0
1
arantv.az

2Mənbələr